Mirzə Ələkbər Sabirin dillər əzbəri olan misralarını kimlər bilir? - SORĞU

Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ avtomobil minməyiriz.

Belə satirik şeirlər müəllifi Mirzə Ələkbər Sabirin bu gün doğum günüdür. M. Ə. Sabir 30 may 1862-ci ildə Şamaxıda anadan olub və 49 yaşında vəfat edib. Onun satirik üslubda yazdıqları həm o dövr üçün, həm də bu günümüz üçün aktuallığını qoruyub saxlamaqdadır. Bəs müasir qələm adamları şairin hansı misraslarını əzbər bilirlər? "Yeniavaz.com" fikirləri təqdim edir.

Kənan Hacı - şair: "Sabir zamanın ruhundan doğan bir şairdir. Novator şairdir. Sabir xalqının yüksəlişi üçün çalışan milli bir şair idi və bunun üçün hər cəfalara dözmüşdü. Sabun sataraq yaşayışını təmin edirdi, millətin balalarına təmənnasız dərslər verirdi. Onun "Hophopnamə"sini əzbər bilirəm. Uşaqlığımdan bu kitab həmişə əlim çatan yerdə olub. Bu gün də hansısa situasiyayla rastlaşanda Sabirin sərrast satirası köməyə gəlir. Demək Sabir yaşayır. Tez-tez təkrarladığım misralarındandır:

"Seylü-tən öylə təməvvüclə alıb dövrü-bərim,

bənzərəm bir qocaman dağa ki, dəryada durar".

Günel Natiq - yazar:

"Fəhlə, özünü sən də bir insanmı sanırsan?!

Pulsuz kişi, insanlığı asanmı sanırsan?!".

Tərlan Əbilov-şair:

"Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur".

Rabiqa Nazimqızı-yazar:

"Gəl gəl a yaz günləri,

İlin əziz günləri".

Aqşin Evrən-şair:

"Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!".

Azad Qaradərəli-yazıçı: "Harda müsəlman görürəm, qorxuram" misrası. Böyük ədib, əslində "Harda xurafat görürəm, qorxuram" demək istəyib o misrasında. Nə yazıq ki, illər ötsə də Sabirin o deyimi öz aktuallığını qoruyur.

Aygün Sadiq - yazar: "Hamımızın sevərək əzbərlədiyi satira - "Millət necə tarac olur-olsun, nə işim var?". Şeirdə cəmiyyətin məhvinə soyuq yanaşan məmurlar öz dili ilə məharətlə ifşa olunur. "Bilməm, nə görübdür bizim oğlan oxumaqdan, Dəng oldu qulağım....", "Tərpənmə, amandır, bala, qəflətdən ayılma!..." - bu kimi şeirlərdə ictimai gerilik pislənilir.

Digər məşhur şeirdə kasıb rəiyyəti güzəranına qurban verən məmurların dilindən öz sadist hərəkətlərini oxuyuruq:

...Söz açma mənə çox çalışıb az yeməyinnən,

Canın bəcəhənnəm ki, ölürsən deməyinnən!

Qısa ömrünü şərəflə, kasıblıqla, fəqət, kişi kimi yaşadı Sabir! Fizioloji olaraq bizi çoxdan tərk edən Sabir enerji olaraq həyatdadır, bizimlədir, ətrafımızdadır, bizimlə sevinir, kasıb rəiyyətin halına yanır, xalqı zəli kimi soran parazit məmuru pisləyir. O, bu gün də yaşayır. Bu gün də cəhalətlə savaşır".

Fərhad Amur: "Düzü, mən satirik şeir sevmirəm. Ona görə "Cütçü" şeirinin ilk iki misrasını deyərdim.

"Çıxdı günəş, doldu cəhan nur ilə,

Cütcü sürür tarlada cüt şur ilə".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top