"Heç bir səlahiyyəti yoxdursa, onda bu qurum da ləğv edilməlidir"

"Sizinlə işəgötürən arasında fərdi əmək mübahisəsi yaranıb, məhkəməyə müraciət edə bilərsiniz". Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işçilrə verilmiş belə cavabların sayı son dövrlərdə daha da çoxalıb. İşçilərin xeyrinə hər hansı bir qərar qəbul etmək məcburiyyətində qalanda, işçini xeyrinə qərar qəbul etməmək üçün təxminən belə formada əsassız cavab verirlər. "Yeniavaz.com" saytı xəbər verir ki, bu fikirləri hüquqşünas Azər Quliyev bildirib.

Onun dediyinə görə, halbuki vəzifəli şəxslər tərəfindən, əmək qanunvericiliyinin tələbləri pozulduqda, bu qurumun vəzifəli şəxsləri barədə məcburi göstəriş, protokol və ya qərar qəbul etmək səlahiyyəti var: "Bu səlahiyyətlər Əmək Məcəlləsinin 15-ci maddəsində və özlərinin əsasnaməsində də göstərilir. Qanunvericiliklə Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəməyə qədər istənilən əmək mübahisəsisə baxa və qanunvericilik pozulduqda isə yerinə yetirilməsi məcburi olan qərar qəbul edə bilər".

Hüquqşünas qeyd edib ki, bu qurum yalnız məhkəmə icraatında olan mülki işə baxıb qərar qəbul edə bilməz: "Hesab edirəm ki, bu qurumun ümumiyyətlə öz hüquq və səlahiyyətlərindən xəbəri yoxdur və ya səlahiyyətlərindən qaçmaq üçün belə cavablar verirlər. Əgər bütün əmək mübahisələrinə məhkəmə baxırsa, o halda bu qurum nədən fəaliyyət göstərir, dövlət büdcəsindən maliyyələşir, əmək haqqları alırlar, hansı əmək mübahisələrinə baxır? Heç bir səlahiyyəti yoxdursa, bu qurumun da ləğv edilməsi vaxtı yəqin ki, çatıb, dövlət büdcəmizin yükü də bir az azalar".

Azər Quliyev vətəndaşları maraqlandıran digər məqamlara da aydınlıq gətirib: "Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşçinin əmək kitabçasının müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir".

Hüqüqşünas bildirib ki, Əmək Məcəlləsinin 115-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş, Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısında olan işçilərin 6 və daha çox təqvim günü müddətində əlavə məzuniyyət almaq hüququ var".

"Bir intizam xətasına görə işçiyə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz",-deyə hüquqşünas bildirib.

DİGƏR XƏBƏRLƏR

Top