Uşağını nəzarətsiz buraxan valideynlər - Diqqətsizliyin acı nəticələri

Bakıda 4 yaşlı uşağın başına televizor düşüb. Hadisə bir neçə gün öncə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb. Yeniavaz.com xəbər verir ki, Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü Qasımova Yağmur İzrail qızı oyun oynayarkən ehtiyatsızlıqdan otaqda olan televizor onun başına düşüb. Nəticədə Y. Qasımova ağır kəllə-beyin travması alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır. Hadisənin dəqiq hansı motivdə baş verdiyi Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Bu hadisədən bir neçə gün öncə isə Ucarda azyaşlı qaynar su qazanına düşərək yanmışdı. Hadisə rayonun Məlikballı kəndində baş verib. Nəzarətsiz qalan 2014-cü il təvəllüdlü Turan Xəzər oğlu Vəlizadə qazana düşüb. Ağır yanıq xəsarəti alan azyaşlı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.

Hazırda uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Təəssüf ki, son vaxtlar belə xəbərləri tez-tez eşidirik. Bəs bunun səbəbi nədir: diqqətsizlik, yoxsa...

Bir çox hallarda kişilər işdə olduqları və müəyyən saatlarda ailədən kənarda qaldıqları üçün onların azyaşlı övladlarına nəzarət etmək imkanları məhduddur. Əgər xanım evdardırsa və uşağa nəzarət tam onun öhdəsindədirsə, onda məsuliyyəti daha da artır. Amma burada psixoloji amillər də nəzərə alınmalıdır.

Psixoloqların qənaətinə görə, analar daim uşaqların əhatəsində olduqları üçün bu iş bir müddətdən sonra onlar üçün adiləşir və uşağın nəzarətsiz qalması təbii qəbul olunur. Nəticədə, məlum hadisələr baş verir. Əgər kənd yerlərində uşaqların nəzarətsiz qalmaları onların daha çox suda boğulmaları ilə nəticələnirsə, şəhər yerlərində eyvandan yıxılma, maşın vurma və s. ilə yadda qalır.

Sosial şəbəkələrdən istifadə biz razılaşsaq da, razılaşmasaq da artıq günümüzün reallığına çevrilib. Həm xanımlar, həm də bəylər arasında kifayət qədər sosial şəbəkə istifadəçisi vardır. Ancaq sosial şəbəkə aludəçiliyi müəyyən insanlar üçün o qədər ciddiləşib ki, onlar özlərini xəstələnmiş kimi hiss edirlər. Onlar üçün gecə-gündüz, evdə-işdə, küçədə, hətta sükan arxasında olduqda belə sosial şəbəkə vazkeçilməz hala gəlib. Sükan arxasında başı sosial şəbəkəyə qarışıb o qədər qəza şəraiti yaradan sürücülər var ki... Təəssüf ki, sosial şəbəkə aludəçiliyi valideyn-övlad münasibətlərinə də öz təsirini göstərir. Başı sosial şəbəkələrə qarışan bəzi xanımlar öz övladlarını nəzarətsiz qoyurlar. Bu diqqətsizlik uşağın ev şəraitində yıxılıb qol-qıçını zədələməsi, yanması, zəhərlənməsi, evdə gözlənilməz hadisələr törətməsi ilə nəticələnir. Sosial şəbəkədən anlayışı olmayan bəzi xanımlar isə serial aludəçiliyindən əziyyət çəkirlər ki, bu da eyni vəziyyətlərə gətirib çıxarır.

Uşağın avtomobildə nəzarətsiz qalması da faciəyə səbəb ola bilər. Məsələn, adətən valideynlər avtomobilin qabaq hissəsində, uşaqlar isə arxada əyləşirlər. Avtomobilin arxa yan şüşələrini açıq saxlayan uşaqlar oradan başlarını çıxarır, qollarını uzadıb özləri üçün qeyri-adi hərəkətlər edirlər. Bu halda avtomobilin sərt dönüş edərsə, uşaq yıxıla bilər. Yaxınlıqdakı maşının uşağın qolunu, boynunu qırma təhlükəsi də real görünür...

Uşaqlar nəzarətsiz qalanda da bir-birləri üçün təhlükəyə çevrilirlər. Məsələn, nə etdiyini anlamayan uşaq özündən kiçik uşağın gözünə xəsarət yetirə, üstünə isti maye tökə bilər. Çünki azyaşlı uşaqlar nə etdiklərinin fərqinə varmırlar.

Bütün hallarda uşağa nəzarət edilməsi onun tam sıxışdırılması anlamına gəlməməlidir. Daim sıxışdırılan və nəzarət adı altında yersiz incidilən uşaqlar bir az sərbəstlik yaranan kimi indiyə qədər etmədiklərini qısa zaman kəsiyində gerçəkləşdirməyə çalışırlar. Düşünürlər ki, valideyn xəbərdar tutan kimi ona yenə mane olacaq, sıxışdıracaq, döyəcək və s. Ona görə də uşağı elə tərbiyələndirmək, ona elə bir şərait qurmaq lazımdır ki, boşluq olanda özünü "göldən çıxıb okeana düşmüş" kimi hiss eləməsin...

Yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top