Əzrayılın yaz səfəri

Uşaq yaşlarımızdan yaz və payız fəsillərində yata-yata gələn sıx dumanların ardınca kəndimizdə kiminsə vəfat etdiyini eşidər, belə dumanlara qarşı içimizdə bir ikrah hissi daşıyardıq. İllər ötdükcə qatı dumanların gəldikləri, suların bulandığı zamanlarda daha çox insanının dünyasını dəyişdiyinə alışdıq, üstəlik, el arasında bu dövrlərin "mollaların sezonu" olduğuna inandıq. Allah ölənlərə rəhmət eləsin, yaşayanlara can sağlığı versin. Yaşamaq hər fəsildə, hər yaşda şirin və gözəldir. Ölüm haqqında düşünəndə içimizdən, rəhmətlik nakam şairimiz M. Müşfiqin misralarını pıçıldayan bir sızıltı keçir:

Ah mən gündən-günə bu gözəlləşən

işıqlı dünyadan

necə əl çəkim?

Ölümdən qaçanlar

Həyatın gedişatını izlədikcə düşünürsən ki, nə qədər acı olsa da, nə yaxşı ki, ölüm var, insan fanidir, bir ağac kölgəsində nəfəsini dərmək üçün dayanan yolçu kimidir. Ölüm olmasaydı, insanlar bir-birini diri-diri yeyərdi bəlkə də. Vəfat edənlərin dəfn mərasimlərində mollalar cənazə namazı qılmazdan əvvəl qısa bir çıxış edirlər. Çıxışın ən təsirli yeri də - Küııü nəfin zaiqətül mevt" ("Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Ənkəbut 29.57) Quran ayəsinin oxunması olur. Əslində, bu ayə dəfndə iştirak edən insanlara belə bir günün haçansa onlar üçün də olacağını xatırlatmaq məqsədi ilə oxunur. Bəziləri qazılmış məzarı görməmək və bu xəbərdarlığı tez unutmaq üçün uzaqlaşıb qəbirstanlıqda qurulmuş çardaqlarda yerini rahatlayıb, gendən seyr etməklə işlərini bitmiş, özlərini dəfndə iştirak etmiş kimi sayırlar. Əslində ölünü beş-altı nəfər də dəfn edə bilər. Dəfn mərasimi insanların islah olunması, pis əməllərdən əl çəkmələri, tövbə edib, əsl insan kimi yaşamağa təhrik edən ən təsirli təcrübədir. Özünü ölümün hələlik başqaları üçün reallıq olduğuna inandıraraq ondan qaçmağa çalışmaq cahillikdir. Hələ bu harasıdır, kiminsə ölümündən kam alanlar da az deyil. Yıxdığımız könüllərin iniltisi, yol çəkən gözlərin sarısı, sinələrdə sağalmağa macal tapmayan söz yaralarının cavabsız qalacağını düşünərək, o günlə uzun illərdən sonra qarşılaşacağımızı zənn etməklə özümüzü sadəlövhcəsinə aldadır, həyatımızı uydurduğumuz və doğru sandığımız fəlsəfəmizə uyğun yaşamağa davam edirik.

Gözəl yaşamağı, yaşatmaq üçün yaşamağı yadımıza belə salmırıq, dost-qardaş, yar-yoldaş, ata-ana, qonum-qonşu, halal-haram, qul haqqı arxaik sozlər kimi səslənir qulağımıza. Əzrayıl həmişə səfərdədir. O, ilahi əmri yerinə yetirir. Heç kəs qismətindən əvvəl ölə bilmədiyi kimi, möhləti bitəndən bir an sonra da yaşaya bilmir. Axı bu dünya ayaqlarının tozuna belə dəymədiyimiz yüz iyirmi dörd min nəbi, sayını bilmədiyimiz neçə-neçə gözəl canları yola salıb, bizlər nə birinci, nə də sonuncuyuq. Ona görə də arxayın yaşamaq üçün, Əzrayılın diqqətinə tuş gəlməkdən qoxmamaq üçün ləyaqətlə yaşamaq, nümunəvi valideyn, övlad, vətəndaş olmağa çalışmalı, rəhmətlik Yunus Əmrə kimi haqqa qovuşmağı diləməliyik Uca Yaradandan:

Bu dünyadan gedər olduq,

Qalanlara salam olsun.

Bizim için xeyir-dua

Qılanlara salam olsun...

"Ölüm heç nədi..."

Görkəmli natiq, çox sayda oxucu diqqətini cəlb edən yüzlərlə başarı, pozitiv düşüncə məqalə müəllifi kanadalı Çak Qallozi yazır: "Ən böyük faciə ölüm deyil, peşmançılıqla, həyatının çox hissəsini israf etdiyini bilərək ölməkdir. Digər tərəfdən, əgər gələcəyimizi səylə planlaşdırıb məqsədlərimizə nail olsaq, ölüm anında rahat olarıq və nailiyyətlərimizlə fəxr edərik".

Müəllif sözünə bir hekayətlə qüvvət verərək davam edir: "Təqaüdçü, yaşlı bir kişi həftə sonları mühüm işlərə, məsələn, nəvələrini ziyarət etməyə, lazımı vaxt ayırmadığının fərqinə varır və bunun üçün nə isə bir tədbir görmək istəyir. O, dükandan 780 qəşəng zər və bir ədəd şəffaf butulka alır. Bu 65 yaşlı adam niyə 780 zər alır? Çünki o, hesab edir ki, 80 yaşa qədər, yəni daha 15 il yaşaya bilər və 15 ildə 780 həftəsonu var. Planına görə həyatın necə sürətlə keçib getdiyini dramatik şəkildə görmək üçün hər həftə butulkadan bir zər götürməli idi. Beləliklə, şəffaf butulkadakı zərlərin sayının azalmasını görmək onu vaxtını daha müdrikcəsinə keçirməyə sövq edirdi. Müəllif, Tomas Ken (1637-1711) adlı şairdən iki misralıq bir dua əlavə etməyi də unutmayıb:

Yarəb, elə yaşat, qorxmayım hədər,

Çəkinim məzardan yatağım qədər.* (http://www.personal-development.com/chuck/)

Mən də sözümə yaxşı tanıdığım yaşlı insanlardan birinin söhbəti ilə qüvvət vermək istərdim. Adi bir peşə sahibi olmuş bu adam deyir ki, bu gün belə ölməyə hazıram. Həyatda bütün istəklərimə nail olmuşam; ata-anama yaxşı övlad olub xeyir-dualarını qazanmışam, övladlarımı gözəl əxlaqlı insanlar kimi böyütmüşəm, dosta sədaqətimi, kəsdiyim çörəyə hörməti həmişə göz bəbəyim kimi qorumuş, uzun sözün qısası, nankor olmamışam. Mənə elə gəlir ki, mən öləndə düşmənim də (varsa əgər) için-için ağlayacaq.

Əslində ölümdən betər hallar çoxdur. Rəhmətlik şairimiz Akif Səmədin dediyi kimi: -

… Gülə can verən arıyıq,

Yönü sevdaya sarıyıq,

Ölüm heç nədi, ayrılıq,

Yamandı, ay gedən, əylən.

Yeri görünən kişi

Onu xeyli müddət olardı ki, görməmişdim. Nə zaman yaxşılıqdan, insanlara faydalı olmaqdan söz düşürdü, onun adını çəkər, bircə dəfə gördüyüm yaxşılığına görə hörmətlə yad edirdim. İnsafən, onun əksinə bir söz-fikir deyən də eşitməmişdim. Demək ki, o, tam şəxsiyyət sahibi idi. O gün bir takisdə gəldik kəndə. Görüşdük, bir-birimizi görməyimizə şox sevindik, hal-əhval tutduq. Yol uzunu ötənlərdən söhbət edərək, digər sərnişinlərin də diqqətini çəkdik özümüzə. Şeirlərimdən birini söyləyib dedi: "Gözlərim zəifləyənəcən sizin yazılarınızı dönə-dönə oxuyurdum. İndi oxuya bilmirəm, ancaq əksər yazılarını əzbər bilirəm. Bu yaxınlarda Bakıya müalicəyə gedəcəyəm". Şəfalar dilədim, ürəyim çox gümrah gördüyüm Qiyasəddin kişinin tezliklə sağalacağına ümid hissi ilə doldu. Necə deyərlər, sən saydığını say, gör fələk nə edir. İki gündən sonra kəndə onun ölüm xəbəri yayılanda, doğrusu, qulaqlarıma inanmadım. Rəhmətlik Qiyasəddin kişi Sovet dövründə sovxozun briqadirlərindən biri idi. Sovxozda işləməyənlərə, müəllimlərə şəxsi təsərrüfatında mal-qara saxlamaq, lazım olan miqdarda ot-ələf tədarük etmək üçün hər yay fəslində 1/3 hesabı deyilən bir meyar uydurmuşdular. Bir ton ot üçün biz müəllimlər iki ton ot biçib sovxoza verməli olurduq. O imkansız illərdə hər həyətdə mal-qara, qoyun-quzu saxlayırdılar. İndi hər kəsin hektarlarla torpaq sahəsi olduğu halda, çoxu heyvan saxlamağın daşını atıbl. Sözümüz onda yox. Qələm tutmağı müəllimdən öyrənsələr də, bəzi briqadirlər yay fəslindən, "qazan daşanda çömçə baha olur" misalı, min bir oyun çıxarırdılar. Onların hamısını "dişimə vurmuşdum". Qiyasəddin kişiyə müraciət edəndə, kənarda işləməyimə baxmayaraq, məni gülər üzlə qarşılayıb, biçənək yeri göstərdi, otu biçib, dəyərini sovxozun kassasına köçürüb həyətimə də gətirdim, yanıma gəlmədi. Dedi: "Nə aparmısan, xoş halalın. İl uzunu xalqın uşaqlarına dərs deyən müəllimin bir maşın ot aparmağa ərki olmazmı? Məndən olsa, müəllimlər üçün həyələrinə pulsuz-parasız, özüm gətirərəm lazımı miqdarda ot-ələfi".

O gündən Qiyasəddin kişi ürəyimdə taxt qurdu özünə. Əzrayılın yaz səfəri kəndimizin ən yaxşı kişilərindən birini ayırdı bizdən. Allah rəhmət eləsin. Cənnətməkan bəndələrdən olsun.

Adi insanlar ölümü sevməsələr də, Allah dostları o acı şərbəti içməyi Yaradana qovuşmaq fürsəti kimi qəbul etmiş, sevərək onunla qol-boyun olmuşlar. Ayağımız üstdə dura bildiyimiz üçün özümüzü yenilməz sanırıq. Hansı birimizdə belə bir hünər var?!

Ölümü sevə bilmək üçün, gözəl insanların nümunələrini yol xəritəmiz etməli, ölüncə ölməzlik qazanmağa çalışmalıyıq ki, dünyaya sığmyam sür-sümüyümüz bir qarış yerdə rahat yata bilsin. Elə yaşayaq ki, meşədə kəsilən ozman ağaclar kimi yerimiz görünsün, şairimiz Ramiz Rövşənin təbirincə "min-min ağız rəhmət desin".

... Hasardan düşən daş kimi,

Üzükdən düşən qaş kimi,

Ağızdan düşən diş kimi,

Yeri görükən kişilərə...

Allah hər birimizə uzun, sağlam ömür və xeyirli ölüm nəsib etsin. Amin!

*Sitatların İngilis dilindən çevirməsi müəllifindir - S. R.

Rahib Alpanlı

DİGƏR XƏBƏRLƏR

Top