Türkiyədən ev alan azərbaycanlıların sayı artıb

Bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 224 mənzil, aprel ayı ərzində isə 65 mənzil alıblar. "Yeniavaz.com" Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki. 2016-cı ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədən builkindən 9 mənzil az - 215 mənzil satın alıblar. Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 4 ayı ərzində Türkiyədən ümumilikdə 5 950 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% və ya 331 mənzil az olub. Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan, Almaniya, Azərbaycan, İngiltərə və Misir vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin ilk 4 ayında İraq vətəndaşları Türkiyədən 1129, Səudiyyə Ərəbistanı vətəndaşları 620, Küveyt vətəndaşları 537, Rusiya vətəndaşları 351, Əfqanıstan vətəndaşları 381, Almaniya vətəndaşları 183, İngiltərə vətəndaşları 171, Misir vətəndaşları isə 168 mənzil alıblar. Səudiyyə Ərəbistanı, Azərbaycan və Misir vətəndaşları ötən illə müqayisədə bu ilin ilk 4 ayında daha çox mənzil alıblar. Digər ölkələr üzrə isə azalma qeydə alınıb. Son bir ildə ən kəskin azalma Əfqanıstan vətəndaşlarının aldıqları mənzillərdə qeydə alınıb. 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə Əfqanıstan vətəndaşlarının aldıqları mənzillərin sayı 508-dən 381-ə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top