Sənət aləmimizin Mehdisi

Onu hamı kimi mən də Rza Təhmasibin milis işçilərinin mürəkkəb və çətin işindən bəhs edən "Onu bağışlamaq olarmı?" (1959) filmindən tanımışam. O bu ekran əsərində mayor Qaya Mürşüdov rolunda çəkilib. Elə uzun müddət o mənim yaddaşımda Qaya kimi qaldı. Sonradan isə o bir rejissor kimi də yaddaşıma həkk olundu. Söhbət bu gün anadan olmasından 99 il ötən Xalq artisti, görkəmli rejissor, pedaqoq, professor, Gəncə Dram, Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor çalışmış Mehdi Əsədulla oğlu Məmmədovdan (1918 - 28.1.1984) gedir.

O, "Azdrama"nın baş rejissoru olduğu 10 ildə 12 səhnə əsərinə quruluş verdi. "On ikinci gecə", "Madrid", "Od gəlini", "Oqtay Eloğlu", "Şeyx Sənan", "İblis", "Hamlet", "Xəyyam", "Müfəttiş", "Canlı meyit", "Romeo və Cülyetta", "Dəli yığıncağı"... bu tamaşaların hər biri Azərbaycan teatr tarixində hadisəyə çevrildi. Onların arasında "Dəli yığıncağı" xüsusi yer tutur. Hətta rejissor özü bu barədə deyirdi: "Bədii bütövlüyünə, müasir fikir dərinliyinə görə "Dəli yığıncağı"nı daha üstün hesab edirəm".

Onun Opera və Balet Teatrının səhnəsində quruluş verdiyi "Toska", "Lakme", "Sevil", "Koroğlu", ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi "Leyli və Məcnun" musiqili dramı, Rus Dram Teatrında hazırladığı "Həyatın dibində", "Mənim Nadejdalarım" tamaşaları rejissorun təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verirdi. Mehdi Məmmədov həm romantik, həm də realist səpkili tamaşalara quruluşlar verirdi. O, rejissor-pedaqoq kimi aktyorun rol-obraz üzərində analitik təhlilini əsas, mühüm prinsip kimi götürürdü.

O, Barat xanım Şəkinskaya ilə ailə qurub. Bu izdivacdan Elçin dünyaya gəlib. O Elçin ki, rəssam olsa da geniş tamaşaçı "Yeddi oğul istərəm"dəki Mirpaşadan, "Dədə Qorqud"dakı Qaraca Çobandan onu yaxşı tanıyır (O, 2001-ci il fevralın 18-də, omrunun 55-ci baharında əbədiyyətə qovuşub). Şəfiqə Məmmədova da Mehdi Məmmədovun həyat yoldaşı olub.

Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də dünyasını dəyişib.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top