Sabah muzeylərdə "Açıq qapı" günüdür

Sabah 18 may Beynəlxalq Muzeylər Günüdür. Bu gün ölkəmizdə də qeyd olunacaq. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən "Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi" mövzusu elan olunub. Ölkəmizin əksər muzeyləri bu şüar altında birləşərək öz profillərinə uyğun tədbirlər təşkil edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən, "Beynəlxalq Muzeylər Günü" münasibətilə cari ilin 18, 19, 20 may tarixlərində nazirliyin strukturunda olan muzeylərdə və qoruqlarda "Açıq Qapı" günü elan olunacaq və YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyə olunmuş "Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi" mövzusunda silsilə tədbirlər keçiriləcək. Belə ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Bülbülün Memorial Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Masallı Tarix-diyarşünaslıq Muzeyi, Səməd Vurğunun Ev-muzeyi, Şirvanşahlar Sarayı, Tahir Salahovun Ev-muzeyi, Üzeyir Hacibəylinin Ev-muzeyi və digər muzeylər tədbirlər keçirdəcək.

Hər il 18 may günü dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilib.

İCOM Azərbaycan Milli Komitəsinin əsas fəaliyyəti Beynəlxalq Muzeylər Şurasının işində iştirak etmək, müasir mərhələdə Azərbaycan muzeylərinin işinin təkmilləşdirilməsi üzrə beynəlxalq muzeylər ilə əlaqə yaratmaq, dünya standartlarına uyğun səviyyədə müxtəlif normativ aktların qəbul edilməsində, mədəni irsin qorunması istiqamətində, dünya muzeyləri ilə bir sırada öz işini davam etməkdən ibarətdir. Bu gün İCOM Azərbaycan Milli Komitəsinin 39 muzey və 11 digər təşkilatların nümayəndələrindən ibarət 100 nəfər üzvü var.

Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, ölkəmizdə dövlət səviyyəsində 1919-cu ildə- Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.

Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən "Muzey içində muzey" də deyirlər.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top