Acı gülüşdən futbola

Qvami Məhəbbəboğlunu bir jurnalist, yazıçı və şair kimi tanınmamışdan çox-çox öncə, onu bir tələbə yoldaşı kimi daha yaxından tanımışam. Çünki 1980-86-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində eyni qrupda birgə təhsil almışıq. Elə o illərdən etibarən də onu öz üzərində çalışqanlığına, həqiqətpərəsliyinə görə sevmişəm. Və üstündən uzun illər ötdükdən sonra ona qarşı olan o sevgim heç də azalmayıb, hətta üstünə neçə qat da əlavə olunub.

İstedadlı qələm dostum Qvami Məhəbbətoğlunun ayrı-ayrı mətbuat orqanlarında, daha çox isə "Hürriyyət" və "Zaman-Azərbaycan" qəzetlərində bir köşə yazarı kimi yazdığı publisist yazılarını kimlər sevə-sevə oxumazdı ki, mən də, oxumamış olam... Dünyamızın özü qədər qədim, zəngin və rəngarəng olan bu söz sənətimizdə Qvami qardaşımın da özünəməxsuz bir dillə söz deyə bilməsi hər kəs kimi məni də sevindirməyə bilməz.

Q. Məhəbbətoğlunun "Hərdən gülməyim gəlir" yumoristik bir dillə qamçılayan məqalələri, satirik şeirləri, təmsilləri, lətifələri, deyimləri və söz oyunları toplanıb. Bu kitabdakı duzlu həyat gerçəklikləri janr baxımından nə qədər müxtəlif və rəngarəng olsa da, bir o qədər dolğun və cəlbedicidir. Çünki onlar bir ana xətt üzərində birləşir ki, o xəttin də adı min illərin ötəsindən üzü bəri axıb gələn yumoristik hisslərdir. Axı yumor təkcə gülmək və güldürməkdən ibarət deyil, eyni zamanda həm də düşündürməkdən ibarətdir. Özü də hər bir ağrı-acıya Mirzə Cəlil kimi yana-yana gülüb düşündürməkdən...

Türk yazarı Süleyman Ünalın dediyi kimi, "Yumor yeməyi" bişirmək hər kəsin işi olmasa da Qvami qardaşımız gözəl yumoristik ustadımız Rüfət Əhmədzadədən sonra bu işin öhtəsindən layiqincə gələ bilib, cəmiyyətimizin gündəlik aktual problemlərinə anındaca müdaxilə edib və hər bir oxucunu düşündürməyi bacarıb.

Q. Məhəbbətoğlunun bu yaxınlarda işıq üzü görmüş kitabı isə belə adlanır: "Rüstəm Rəhimov: Bu mənim alın yazımdır". Müəllifin birinci kitabı ilə ikinci kitabı arasında mövzu baxımından böyük bir təzad olsa da, ustalıqla öz məqsədinə çata bilib. Onun bu kitabı Azərbaycan futbolunda öz sözünü zamanında deyə bilmiş, "Araz" (Naxçıvan), "Dinamo" (Kirovabad), "Neftçi (Bakı), "Pamir" (Düşənbə), "Anji" (Mahaçqala) komandalarında ayrı-ayrı illərdə müdafiəçi kimi oynamış və futbolu buraxdıqdan sonra isə "Əməkdar bədən tərbiyəsi və idman xadimi", ümumittifaq dərəcəli hakim, Azərbaycanın üç ən yaxşı hakimindən biri olmuş gözəl insan Rüstəm Rəhimovun keçdiyi həyat yolu əks olunub.

Bu kitabı açıb oxumağa başladığım ilk andan diqqətimi bir cəhət cəlb etdi: hadisələr müəllifin öz dili ilə deyil, qəhrəmanın dili ilə ifadə - nəql olunur. Əgər Q.Məhəbbətoğlu ustad hakim Rüstəm Rəhimovun həyat yolunu onun öz dili ilə deyil, özünün, yəni müəllifin dili ilə qələmə alsaydı, kitab bu qədər maraqlı və ürəyəyatan olmazdı. Çox sevindirici haldır ki, yazıçı qardaşım hər kəsin tapdaladığı yolla getməyib, daha orijinal bir yol seçib, aftobioqrafik formadan istifadə etməklə əsərin uğurlu alınmasının özülünü-bünövrəsini qoyub.

Kitabın əlahiddə rəssamı, tərtibçisi olmasa da, müəllif öz kitabına göz oxşayan bir formada tərtibat verə bilib. Belə ki əsər boyu çoxlu foto-şəkillərdən istifadə olunub. Bu tarixin bir anı kimi son dərəcə yerli-yerində yerləşdirildiyindən oxucu üçün daha böyük maraq doğurur.

Baxmayaraq ki, əsərin qəhrəmanı, yəni Rüstəm Rəhimov rus dilində təhsil aldığından rusdillidir, lakin müəllif onun dilindən yarı rus, yarı Azərbaycan dilində dinlədiyi hekayətləri elə oynaq və şirin bir dillə (birinci kitabında olduğu kimi) təsvir edir ki, az qalırsan, bu hekayələrin həyat həqiqətləri olduğuna inanmayasan. Mirzə Cəlil bulağından su içən bir müəllifdən də bundan ayrı nə gözləmək olardı ki... O yerli-yersiz idman terminlərindən istifadə etməkdən yan qaçaraq anamızın beşiyimiz başında bizə layla çaldığı bir dillə-hər kəsin anlayacağı bir dillə oxucusu ilə söhbət edir. Bu addımı isə onun əsərinə uzun ömürlülük qazandırır. Mən də bir oxucu kimi yazıçı qardaşımı bu yerdə alqışlamadan yan keçə bilmirəm.

Sevindirici hallardan biri də odur ki, bu əsər çap olunmamışdan öncə Solmaz Azadova tərəfindən eyni zamanda, rus dilinə tərcümə olunduqdan sonra hər iki dildə toplu halında çap edilib.

Son söz olaraq onu demək istərdim ki, qoy Qvami Məhəbbətoğlunun yaradıcılığı axarlı-baxarlı olsun. Yeni-yeni uğurları ilə bizi daha çox sevindirə bilsin.

Ələsgər Talıboğlu, şair-publisist, Məmməd Araz Mükafatı laureatı

DİGƏR XƏBƏRLƏR

Top