Rüblük hesabat təqdimatı ilə bağlı nazirlikdən YENİ AÇIQLAMA

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər avtomatlaşdırılmış sistemləri kimi, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair yeni vahid rüblük hesabat alt sisteminin tətbiqi uğurla reallaşıb. Sosial sığorta sahəsində fəaliyyətin təkmilləşdirilməsinə və hesabat sisteminin sadələşdirilməsinə yönələn bu yeni elektron sistem özünü tam doğruldub". Bu barədə "Yeniavaz.com" saytına nazirliyin mətbuat xidmətindən bildirilib.

"Fəaliyyət sahələrində aparılan ardıcıl islahatlar həmin sahələr üzrə idarəetmə və əhaliyə xidmətlər sisteminin müasir tələblərə uyğun təşkilinə şərait yaradıb. İnformasiya texnologiyalarının geniş tətbiqi nəticəsində əmək və sosial müdafiə, o cümlədən sığorta-pensiya münasibətlərinin avtomatlaşdırılması, müvafiq sahələrə dair 30-a yaxın elektron xidmətin təqdim olunması vətəndaşların nazirliyin xidmətlərindən real rejimdə, rahat və şəffaf şəraitdə istifadəsinə imkan verib.

Aparılan islahatlar layiqli pensiya təminatının əsas şərti olan məcburi dövlət sosial sığorta sistemini də əhatə edib. Ötən dövrdə sığorta münasibətlərinin müasir və səmərəli təşkili, sığortaedənlərlə iş sahələrinin elektron texnologiyalar üzərində müasirləşdirilməsi və şəffaflaşdırılması təmin olunub.

Dövlət başçısının 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"ndan irəli gələn vəzifələrə uyğun olaraq, sığorta sisteminin daim təkmilləşdirilməsinə, o cümlədən sığortaedənlərlə işin müasir tələblərə uyğun və səmərəli təşkilinə yönələn tədbirlər davam etdirilib. Bu istiqamətdə növbəti addım kimi, sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etdiyi hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabatların fərdi uçot prinsipi əsasında birləşdirilərək vahid rüblük hesabatla əvəz edilməsidir.

Nazirlik tərəfindən 2017-ci ilin 1 aprel tarixindən hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair yeni vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılıb. Bununla əlaqədar sığortaedənlərlə görüşlər keçirilərək, eləcə də müxtəlif məlumatlandırma vasitələri ilə onlara fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqi, bu yeni sistemdən istifadə ilə bağlı ətraflı məlumatlar verilib. Bu yenilik əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi tədbirlərinin davamı olaraq, işəgötürənlərin də hüquqi mənafelərinə xidmət edib, sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına şərait yaradıb. Fərdi uçot əsaslı rüblük hesabatın əsas özəlliyi hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının həmin dövrdə sığortaolunanların fərdi şəxsi hesablarında hesabat dövründə nəzərə alınmasıdır ki, bu da pensiya təyinatı sisteminin operativliyini artıracaqdır.

Sığortaedənlər elektron hesabatın təqdim olunması üçün "Elektron hökumət" portalına daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edərək, vahid rüblük hesabatlarını təqdim ediblər. İşçisi olmayan fiziki şəxslər və torpaq pay mülkiyyətçiləri isə elektron hesabatları cari ilin sonunadək Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən onlara verilmiş PİN zərflərdəki istifadəçi adı və şifrə ilə təqdim edə bilərlər",-deyə məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top