Yeni binalarda qaz sayğacına görə pul yığırlar, qanunidirmi? - AÇIQLAMA

Yeni tikilən binaların bir çoxuna hələ də qaz verilməyib. Qazlaşdırılma işləri aparılan binaların bir çoxunda isə "sayğa pulu" adı altında vətəndaşlardan pul yığılır. Məbləğ konkret olmasa da sakinlərdən "qaz sayğacı pulu" adı altında 500, 800 manat, bəzilərində isə daha çox pul tələb olunur. Yeni binalardan ev almış vətəndaş isə "təki evimdə qaz olsun" deyib mənzil tikinti koorperativlərinin (MTK) tələb etdiyi pulu ödəyir. Lakin bunu ödəməkdən imtina edən və ya ödəməməyə cəhd edən vətəndaşlar da az deyil. Yeni tikililərdən ev alan və "evinizə qaz xətti çəkiləcək, əgər istəyirsinizsə, 900 manat ödəməlisiniz" tələbi ilə üzləşən vətəndaşlardan biri "Yeniavaz.com" saytına müraciət edib. Həmin şəxs bu tələbin nə qədər doğru olub-olmamasını araşdırmağımızı xahiş edir.

"Ev almaq üçün pul vermisiniz, sayğaca niyə pul verəsiniz?"

Problemlə bağlı hüquqşünas Qaçay Şahbazov saytımıza açıqlama verib.

Q. Şahbazovun dediyinə görə, MTK-ların yeni tikililərdən ev almış vətəndaşlardan qaz sayğacına görə və yaxud binaya qaz çəkilişinə görə pul tələb etmək hüququ yoxdur: "Bunun heç bir hüquqi əsası yoxdur. Tikinti, layihə, smeta sənədlərinə uyğun olaraq tikinti təşkilatı vətəndaşdan, yəni sakindən alacağı pulu əvvəlcədən müvafiq kvadrata uyğun olaraq alır. Su, işıq, qaz - bütün bu xidmətlərin hamısı həmin məbləğdə nəzərdə tutulur. Ona görə də bu tələblərin heç bir əsası yoxdur, qanuna ziddir. Tutaq ki, siz yeni tikilidən ev almaq üçün 70 min manat pul vermisiniz, bütün bunların hamısı məhz həmin vəsaitə daxildir".

"Azərbaycanın əsas qanununa ziddir"

Hüqüqşünasın sözlərinə görə, yeni tikililərdən mənzil almaq istəyən vətəndaşlar, tərəflər arasında bağlanacaq müqaviləyə mütləq ciddi diqqət yetirməlidirlər: "Vətəndaş tikinti şirkəti ilə bağladığı müqavilənin əsas qanunvericiliyə uyğun olması faktına xüsusi diqqət yetirməlidir. Yəni müqavilələrin, əqdlərin, anlaşmaların, sazişlərin hamısı Azərbaycan respublikasının mülki qanunvericiliyinə uyğun olmalıdır. Vətəndaşlar ilkin olaraq müqavilələrin bağlanması zamanı özlərinin maariflənməsi məsələsinə, lazım gəldikdə hüquqşünasların köməyindən istifadə etməklə müqavilələri imzalamalıdırlar. Əks təqdirdə, əgər gələcəkdə hər hansı bir münaqişə yaranırsa və vətəndaş özünü haqlı bilirsə, məhkəmə qaydasında məsələsini həll etməyə çalışmalıdır. Məlumat üçün qeyd edim ki, bizə bu məsələ ilə bağlı bir çox vətəndaşlar müraciət edirlər. Onların müqaviləsini araşdırarkən arasında elələri olur ki, orada fərqli qeydlər olduğu müəyyənləşir. Məsələn, bəzi müqavilələrdə qeyd olunur ki, vətəndaşın mənzil alarkən ödədiyi vəsaitə sayğac və s. daxil edilmir. Lakin, bildirmək istərdim ki, bu Azərbaycan Respublikasının əsas qanununa ziddir. Bütün hallarda vətəndaş, sakin, müştəri haqlıdır".

Hüquqşünas qeyd edir ki, bu problemlə bağlı vətəndaş məhkəməyə müraciət edəcəyi təqdirdə, məhkəmə sakinin tələbinin haqlı olduğu barədə qərar verir. Əgər bu hallarla üzləşən vətəndaşlar varsa, Azad İstehlakçılar Birliyinə müraciət edə bilərlər. Biz onların hüquqlarını müdafiə etməyə, problemi məhkəmə yolu ilə həll etməyə köməklik göstərməyə hazırıq".

"Azəriqaz": "Biz buna qarışmırıq"

"Azəriqaz" İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayevin isə sualımıza cavabı belə oldu: "Məlumat üçün bildirim ki, bu ilin 4 ayı ərzində 133 çoxmərtəbəli binaya təbii qazın açılması "Azəriqaz" İstehsalat Birliyi tərəfindən təmin olunub. Bu isə 7000-ə yaxın mənzilin mavi yanacaqla təmin olunması deməkdir. Onu da qeyd edim ki, zəruri sənədlərini təqdim etmiş istənilən çoxmərtəbəli binaya "Azəriqaz" İstehsalat Birliyi təbii qazın verilməsinə hazırdır. Qeyd edim ki, MTK-lara, yeni inşa olunan hündürmərtəbəli binalara qaz xəttini "Azəriqaz" çəkmir, qazlaşdırmır. MTK-lar tərəfindən lisenziyası olan podratçı şirkətlərlə müqavilə bağlanır. Podratçı şirkət qaz xətlərini çəkir, sayğac qurulur, qazlaşmanı başa çatdırır, bundan sonra MTK tərəfindən zəruri sənədlər hazırlanır və təqdim edir "Azəriqaz" İstehsalat Birliyinə. Birlik tərəfindən hər bir mənzilə baxış keçirilir, texniki təhlükəsizlik qaydalarına riayət olunan bütün mənzillərə yerindəcə kart verilir və təbii qazın verilməsi təmin edilir. O ki qaldı sizin qeyd etdiyiniz digər məsələlərə - bunlar MTK ilə sakinlər arasında tənzimlənir. Buna "Azəriqaz" İstehsalat Birliyi qarışmır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top