"Yeni Bakı" sakinləri Prezidentə müraciət etdilər

Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış kompleksinin (y/k) sakinləri təsis etdikləri "Abşeron-1" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) adından Prezident İlham Əliyevə müraciət ediblər. "Yeniavaz.com" xəbər verir ki, bu barədə bina sakinləri sosial şəbəkədə məlumat veriblər. Məktubun surəti Nazirlər kabinetinin Sənaye və Energetika şöbəsinin müdiri Səyyaf İsmayılova, "Azərişıq" ASC-nin sədri Baba Rzayevə də göndərilib.

"Biz - Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış kompleksinin (y/k) sakinləri olaraq təsis etdiyimiz "Abşeron-1" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) adından Sizə 16 noyabr, 2016-cı il tarixində şikayət ərizəsi ilə müraciət etmişdik. Bu müraciətimizdə "Yeni Bakı" y/k-də üzləşdiyimiz problemlər barədə ətraflı məlumat verərək, qeyd etmişdik ki, burada y/k-ni inşa edən "İlin Dörd Fəsli" MMC (İDF) şirkəti binaları 6 ildən artıq tikib istifadəyə verməsinə baxmayaraq, hələ də bu binaları qanuni sayğaclarla təmin etməyib. Üstəlik, elektrik və su sərfiyyatına görə sakinlərdən topladığı pulları mənimsəməklə minlərlə sakini "Azərişıq" və "Azərsu" qarşısında borclu halına gətirir. "Yeni Bakı" y/k-nin sakinləri elektrik pullarını İDF MMC-yə ödədiyi halda, bu şirkət "Azərişıq"a transfer etməli olduğu 150 min manatdan çox işıq pulunu indiyədək "Azərişıq"a ödəmir (Abonent kodu: 31000120768). Mənzillərə quraşdırılan və heç bir sertifikatı olmayan, dövlət nəzarətindən keçməyən saxta sayğaclar vasitəsilə sakinlərdən işıq pulu adı altında əlavə vəsaitlər toplanır, sakinlərə artıq işıq pulu yazılır. Dövlət qeydiyyatından keçmiş sayğaclarımız olmadığına görə, şəhərcikdə Dövlət İstismar Aktı olan birinci və ikinci həyətdə yaşayan sakinlərə elektrik qiymətləri Tarif Şurasının 2016-cı il 1 dekabr tarixində qüvvəyə minmiş yeni qiymətləri (7+11), Dövlət İstismar Aktı olmayan 3, 4, 5-ci həyətin sakinlərindən isə hər kilovatına 9 qəpik hesablanır. Axı bu necə ola bilər ki, bir Şəhərcikdə müxtəlif elektrik tarifləri tələb olunur? Yəni İDF MMC dövlətin qanunlarını saymır? Hələ bu azmış kimi, İDF MMC-nin şəhərcikdə qeyri-qanuni şəkildə təsis etdiyi saxta komendantlıq vasitəsilə sakinləri hədələyir, təhqir edir, "işığınızı və suyunuzu kəsərəm" kimi şantajlara əl atır. Üstəlik, sakinlər ilə heç bir razılaşma olmadan mənzillərin hər kv.m-ə görə 40 qəpik kommunal pulu müəyyənləşdirilib və bu məbləğ zorla tələb edilir. Halbuki, biz MMMC-mizi təsis etmişik və bu saxta qurumun bizdən kommunal pulu tələb etməyə heç bir hüququ yoxdur. Bundan başqa, İDF MMC binanı "Abşeron-1" MMMC-yə təhvil vermək istəmir və MMMC-nin fəaliyyətinə hər cür maneçiliklər törədir. Ümumiyyətlə, "Yeni Bakı" y/k-də bir çox binanın istismar aktı olduğu halda, bina sakinləri mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlarla ("kupça") təmin edilmir və bununla da bizim mülkiyyət hüququmuz kobud şəkildə pozulur.

Hörmətli Prezident, Sizə ötən ilin noyabr ayında ünvanladığımız müraciətdən sonra "Azərişıq"ın işçiləri şəhərciyimizə gələrək problemlərimizlə maraqlandılar və söz verdilər ki, şəhərcik ən gec 2017-ci ilin yanvar ayının 15-dək qanuni sayğaclarla təmin ediləcək. Ancaq bu vədin verildiyi müddət tamamlansa da, Sizin göstərişinizə əməl olunmayıb. "Azərişıq"ın Sayğaclar Departamenti bizi başından edir və açıq-aşkar sayğacları quraşdırmayacağını bildirir. Nəticədə bizim hələ də sertifikasiyadan keçmiş qanuni sayğacımız yoxdur, hələ də İDF MMC-nin təhdid və şantajları ilə qarşı-qarşıyayıq. Cənab Prezident, Sizdən xahiş edirik ki, sayğaclar ilə bağlı bizim qanuni hüquqlarımızın təmin etməsi üçün "Azərişıq"a növbəti dəfə tapşırıq verəsiniz. Ümidimiz Sizədir, cənab Prezident",-deyə məktubda qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top