IV Beynəlxalq Lənkəran konfransı iştirakçıları dünya elmi ictimaiyyətinə müraciət ediblər

Aprelin 22-dən 27-dək Lənkəranda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda IV Beynəlxalq elmi konfrans öz işini başa çatdırıb. Konfrasın yekunu ilə bağlı "Yeniavaz.com"-a məlumat verən AMEA-nın Tarix İnstitutu ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nazim Xəlilov "XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı" IV Beynəlxalq elmi konfransının nəinki Azərbaycanın, həmçinin onunla ümumi taleyi ilə bağlı olan digər ölkələrin elmi həyatında mühüm hadisə olduğunu söylədi. Onun sözlərinə görə, bu konfrans beynəlxalq aləmdə türk-müsəlman xalqlarına qarşı həyata keçirilən soyqırımlarına diqqətin cəlb edilməsi baxımından olduqca önəmli olub: " Konfransın sonunda dünya elmi ictimaiyyətinə müraciət qəbul olunub. Azərbaycan, Türkiyə, Rusiya Federasiyası (Moskva, Tatarıstan, Şimali Qafqazın bir sıra respublikaları), Almaniya, Albaniya,Polşa, Gürcüstan, Özbəkistan, Qazaxıstan,Qırğızıstandan və başqa ölkələrdən olan tarixçi-alimlər tərəfindnə imzalanan müraciətdə qeyd edilir ki, dünya türk-müsəlman soyqırımlarına göz yummamalıdır.Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Hindistan və digər ölkələrin arxivlərində aşkar edilmiş arxiv sənədləri əsasında 1914-1920-ci illərdə erməni millətçiləri tərəfindən Şimali Azərbaycanın Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Cənubi Azərbaycanın Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz bölgələrində, Şərgi Anadoluda, Türküstanda, Şimalı Qafqazda və Volqaboyunda türk-müsəlmanlara qarşı törədilmiş soyqırımı sübut etdilər.

1918-ci ilin yazında Şimali Azərbaycanda türk-müsəlman əhalinin və digər millətlərin on minlərlə nümayəndəsi, o cümlədən günahsız uşaqlar, qadınlar və qocalar ancaq etnik və dini mənsubiyyətlərinə görə qətlə yetirilmişdilər. Bəşəriyyətə qarşı tarixdə görünməmiş, bu dəhşətli cinayət bolşevik-daşnak qüvvələrinin idarə etdiyiBakı Soveti tərəfindən təşkil edilmiş və həyata keçirilmişdi.

Azərbaycan xalqına qarşı soyqırımları siyasətini təkcə daşnak-bolşevik Bakı Soveti deyil, həmçinin 29 may 1918-ci ildə əzəli Azərbaycan torpaqlarında - qədim İrəvan şəhəri və onun ətrafında yaradılmış Ermənistan (Ararat) Respublikası dadövlət səviyyəsində həyata keçirmişdir.

Ermənilərin Azərbaycan xalqına qarşı işğalçılıq siyasətinin növbəti mərhələsi 1980-cı illərin sonunda Ermənistan SSR-in ərazisindən İrəvan və Zəngəzur bölgələrinin yerli əhalisi olan 200 mindən çox azərbaycanlının qovulması ilə başlandı. Nəticədə indiki Ermənistan Respublikası ərazisində bir nəfər də olsun azərbaycanlı qalmadı. Beləliklə, Ermənistan monoetnik dövlətə çevrildi. Bundan əlavə, Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından - Dağlıq Qarabağdan və onun ətrafında olan yeddi rayondan bir milyondan çox azərbaycanlı qovularaq öz Vətənində qaçqın və məcburi köçkünə çevrildi.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlı əhalinin soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət oldu.

Konfransımızın nəticələri təsdiq edir ki, Qafqaz bölgəsinin bir sıra ölkələri və xalqlarının tarixi torpaqlarına iddia edən erməni millətçiliyi dünyanın güc mərkəzlərinin maraqlarının təmin edilməsi siyasətinin alətlərindən biri kimi çıxış edir.

Biz əminik ki, 1918-1919-cu illərdə dəhşətli soyqırım faciəsini yaşamış Azərbaycan şəhəri Lənkəranda keçirilənIV Beynəlxalq soyqırım konfransı ölkələrimizin tarixi keçmişinin dünya tarixçiləri tərəfindən birgə tədqiq olunmasında, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətəçatdırılmasında mühüm rol oynayacaq.

Biz, IV Beynəlxalq soyqırım konfransının iştirakçıları, ümid edirik ki, bizim çağırışlarımız dünya birliyinin və elmi ictimaiyyətin diqqətindən kənarda qalmayacaq"

DİGƏR XƏBƏRLƏR

Top