"Azərbaycanla Ukraynanı üz-üzə qoymaq istəyən 3 qüvvə var"

"Azərbaycanla Ukraynanı üz-üzə qoymaq istəyən 3 qüvvə var". "Yeniavaz.com" saytının xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Azərbaycanla Ukraynanı üz-üzə qoyanlardan birincisi, Rusiyadakı siyasi mərkəzlərdir, ikincisi, Ermənistandır, üçüncüsü, Ukraynada ermənilərin təsiri altında olan qruplardır. Ona görə də Azərbaycan şirkətlərinin guya Krımda iqtisadi forumda iştirakına dair xəbərin mənbəyi Rusiyanın və ya Ermənistanın xəbər agentlikləri olsa, təəccüblənmərəm. Bu Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsidir. Adları çəkilən Azərbaycan şirkətlərinin və banklarının hər birinin təmsilçisi açıqlayıb ki, Yaltadakı iqtisadi forumda iştirak etməyiblər. Çünki bunun əksi sübut olunarsa, bu bizə ikiqat zərbə olacaq.

Birincisi, bu bizim illərdir Dağlıq Qarabağda qeyri-qanuni fəaliyyət göstərən şirkətlərə qarşı yürütdüyümüz sərt siyasəti zəiflədəcək, deyəcəklər ki, "özünə rəva görmədiyini başqasına niyə rəva görürsən", ikincisi Ukrayna ilə münasibətlərdə gərginlik yaşayacağıq. Yaxşı yadımdadır, Rusiya Krımı işğal etdikdən sonra bir ara Azərbaycan vətəndaşlarını da yarımadaya səfərlərə həvəsləndirmək istəyirdi, bəzi turizm şirkətlərimiz az qala bu tələyə düşəcəkdi, Azərbaycanın müvafiq orqanları bunun qarşısını zamanında aldılar. Görünür, yenidən hamını xəbərdar etməyə ehtiyac var: "Azərbaycan vətəndaşları Krıma səfər etməməlidirlər, orada biznes fəaliyyəti göstərməməli, müqavilələr imzalamamalıdırlar. Yox əgər kimsə Krımda qohumuna və ya xəstəsinə baş çəkmək istəyirsə, bunu yalnız Ukraynanın müvafiq istansiyalarının icazəsini aldıqdan sonra reallaşdırmalıdır". Necə ki, biz Dağlıq Qarabağa qeyri-qanunu səfərlər edənlərə qarşı cinayət işi açırıq, onları qara siyahıya salırıq, eyni hüquqdan Ukrayna da istifadə edir".

Politoloq başqa bir məqama da münasibət bildirib. "Kremlin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Moskvada görüşünü təşkil etməkdə nə marağı var?" sualına onun münasibəti belə olub: "Axı Moskvanın əsas məqsədi münaqişəni həll etmək yox, mövcud vəziyyəti qorumaqdır. Rusiya hakimiyyəti aprel ayından çox qorxurdu, düşünürdülər ki, Azərbaycan ordusu bir il bundan öncəki hərbi əməliyyatı təkrarlaya bilər. Bu baş vermədi. Rusiya rəsmilərinin Azərbaycana çoxsaylı səfərləri nəticəsini verdi. Ancaq bu ümumilikdə hərbi toqquşma ehtimalını azaltmayıb. Snayperlərimiz fəal işləyirlər, elə gün olur ki, işğalçıların iki hərbçisi məhv edilir. Yəni onsuz da atəşkəsə riayət olunmur. Rusiyanın təklifləri isə bizi qane etmir.

Ermənistan rəsmilərinin "biz növbəti görüşdə iştirak etməyəcəyik" açıqlamaları isə oyundan başqa bir şey deyil. Guya narazıdırlar. Ancaq əslində Moskva görüşündə birbaşa özləri maraqlıdırlar, çünki bilirlər ki, Kreml Ermənistanın maraqları əleyhinə addım atmayacaq. Əksinə, naz eləməklə Azərbaycanda "əgər Ermənistan danışıqlarda iştirak etmək istəmirsə, Moskvanın dəvətindən imtina edirsə, deməli, bu avtomatik bizim xeyrimizədir, ona görə də Kremlin görüş təklifinə biz düşünmədən razılaşmalayıq" müzakirələrinin genişlənməsinə şərait yaradırlar. Biz görüşə dərhal razılaşırıq, bizdən sonra onlar da razılaşır, danışıqlar başa çatır, biz görüşdən narazı, onlar isə razı qayıdırlar. Belə görüşdən niyə imtina etsinlər ki? Bu da informasiya müharibəsinin tərkib hissəsidir. Status-kvonun, o cümlədən atəşkəsin uzanmasına yol açan bütün müzakirələr Ermənistanın xeyrinədir".

DİGƏR XƏBƏRLƏR

Top