Nazir çimərliklərdən danışdı

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çimərlik turizminin inkişafı ilə bağlı aidiyyəti qurumların nümayəndələri ilə görüş keçirib.

"Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı"nın icrasının müzakirə edilməsi məqsədi ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Əbülfəs Qarayev son illər ölkəmizdə turizmin inkişafı üçün atılan addımlardan danışıb. Nazir həmçinin ölkəmizdə mövcud olan çimərliklərin indiki vəziyyətindən söz açaraq bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, eyni zamanda təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını vurğulayıb. Bu cür qanunsuz fəaliyyət göstərən çimərliklərin aqibətinin müəyyən olunması məqsədilə bu sahədə müvafiq qaydaların təsdiq olunmasının vacibliyini qeyd edib.

Əbülfəs Qarayev həmçinin çimərlik turizmi ilə bağlı müvafiq standartın hazırlandığını və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunduğu bildirib. Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılmasının planlaşdırıldığını deyib. Eyni zamanda vahid çimərlik mövsümünün müəyyən olunmasının zəruriliyini də vurğulayıb.Nazir ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi üçün mövcud vəziyyətin yaxşılaşdırılması, eləcə də Tədbirlər Planının icrası məqsədilə aidiyyəti qurumlara tapşırıqlar verərək, bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, görüşdə Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri, Dövlət Şəhərsalma və Arxitektura, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, "Azərsu", "Azərenerji", "Azəravtoyol" ASC-lərin nümayəndələri iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR

Top