"Ermənistan bu gün də münaqişə və qeyri-stabilliyin mənbəyi kimi çıxış edir"

Xəbər verdiyimiz kimi, aprelin 17-18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti və Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilib. Forumda Azərbaycan Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 alim və tədqiqatçı iştirak edib. Forum iştirakçılarından biri də Türkiyə Respublikası Karabük Universiteti İqtisadi və İdarəetmə Fakültəsi Beynəlxalq Əlaqələr Bölməsinin rəhbəri, hüququ elmləri doktoru, Qafqazşünas alim, dosent Ali Asker idi. Forumla bağlı fikirlərini öyrənmək məqsədi ilə ona bir neçə sualla müraciət etdik.

- Ali bəy, forumla bağlı təəssüratlarınızı bölüşmədən əvvəl özünüz haqqında ətraflı məlumat verməyinizi xahiş edirəm.

- Mən Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universitetini bitirdikdən sonra Mərmərə Universitetində magistratura, daha sonra Ankara Universitetində doktorantura təhsilimi davam etdirmişəm və ümumi dövlət hüququ sahəsində elmi dərəcə almışam. Uzun illər Türkiyənin müxtəlif strateji araşdırma mərkəzlərində Rusiya, Türk dünyası və Qafqaz üzrə elmi araşdırmalar aparmışam. Hazırda Karabük Universiteti İqtisadi və İdarəetmə Fakültəsi Beynilxalq Əlaqələr Bölməsinin rəhbəriyəm.

- İndi də keçək forumla bağlı təəssüratınıza...

- Bu forum sadəcə Azərbaycanda və ya Qafqazda deyil, eyni zamanda postsovet məkanında bu zamana qədər keçirilmiş tədbirlərin ən böyüyüdür. İstər elmi məruzlərin dərinliyi, istərsə də iştirakçı profili baxımından bu günə qədər Qafqaz araşdırmaları ilə bağlı belə bir forum olmamışdır. Ona görə də bu forum Birinci Qafqazşünaslıq forumu adlanır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinin, xüsusilə yeni qurulmuş Qafqazşünaslıq İnstitutunun uğuru adlandıra bilərik. Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 alim və tədqiqatçı iştirak etdiyi bu tədbiri yüksək təşkilatşılığı ilə də diqqətimi çəkdi.

- Forumdakı məruzələr və sizin məruzənizlə bağlı nə deyə bilərsiniz?

- Müxtəlif seksiyalarda və paralel olaraq təqdim edilmiş məruzələrin mövzularına baxdığımızda Qafqazla bağlı siyasi, tarixi, sosial, ictimai, iqtisadi və mədəni məsələlərin və problemlərin müzakirə edildiyini görə bilərik. Mənə elə gəlir ki, forumun materiallarının nəşr edilməsi qafqazşünaslıq sahəsindəki elmi ədəbiyyata önəmli töhfə olacaqdır.

Mənim son illərdə diqqətimi çəkən məsələlərdən biri çoxtərəfli əməkdaşlıq prizmasından Türkiyənin Cənubi Qafqaz siyasətidir. Burada Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı böyük önəm daşıyır. Bildiyimiz kimi Cənubi Qafqaz bölgəsi tarix boyunca böyük dövlətlərin diqqətini çəkmişdır. Xüsusilə XIX əsrdən etibarən regionda Rusiya, Türkiyə və İran arasında qızışan mübarizə bu torpaqların siyasi taleyini müəyyənləşdirən vacib faktorlardan olmuşdur. Çar Rusiyasının dağılmasından sonra Cənubi Qafqaz bölgəsində tarix səhnəsinə çıxmış üç respublika - Azərbaycan, Ermənistan və Gürcüstan qısa müddətli mütəqillik mərhələsindən sonra Sovet hakimiyyəti altında mövcudiyyətlərini sürdürmüşdür. Cənubi Qafqaz bölgəsinin siyasi tarixinin ən mühüm hadisəsi isə XX əsrin axırlarına doğru Sovet İttifaqının dağılması və müstəqil respublilkaların ortaya çıxması olmuşdur. Bu mərhələdə böyük güclərin təsirilə bölgə ölkələri arasında bir tərəfdən rəqabət, çəkişmə və münaqişə, digər tərəfdən əməkdaşlıq, inteqrasiya və ittifaq prosesləri yaşanmışdır. Bu proses bu gün də davam etməkdədir. Üç Cənubi Qafqaz ölkəsindən biri olan Ermənistan isə həmişə olduğu kimi bu gün də münaqişə və qeyri-stabilliyin mənbəyi kimi çıxış edir.

Sovet İttifaqı dağıldıqdan sonra regionda gedən proseslər nəticəsində Cənubi Qafqazda iki əməkdaşlıq formatı meydana gəlmişdir. Bunlardan biri Rusiya-İran-Ermənistan xətti üzrə, digəri isə Türkiyə-Azərbaycan-Gürcüstan xətti üzrə formalaşmışdır. Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatı çərçivəsində enerji və nəqliyyat xətlərinin qurulması və inkişafı üçün konkret layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində önəmli işlərə imza atılmışdır. Bu format eyni zamanda regional təhlükəsizlik məsələləri üzrə yeni əməkdaşlıq imkanlarının qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Təəssüf ki, Türkiyə 2008-ci ildə Ermənistanla bağlı Cənubi Qafqaz siyasətində bir çox cəhətdən güzəştə getməsinə baxmayaraq, rəsmi İrəvan tərəfindən heç bir müsbət addım atılmamış, əksinə erməni hakimiyyəti inadçı və işğalçı siyasətini davam etdirmiş, bunun təsirilə Azərbaycan və Türkiyə arasındakı münasibətlərdə müəyyən qədər soyuqluq yaranmışdır. Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əməkdaşlıq formatı üç ölkənin xarici işlər nazirlərinin iştirakı ilə 2012-ci ilin iyun ayında Trabzon bəyannaməsinin imzalanmasıyla yeni mərhələyə qədəm qoymuşdur. Regional strateji ortaqlıq anlayışının formalaşması və rəsmiləşdirilməsi baxımından 28 mart 2013-cü ildə Batumda keçirilmiş toplantı üçtərəfli münasibətlərə təkan vermiş və 2014-cü ilin may ayında dövlət başçıları səviyyəsində görüş keçirilmişdir. Yaxın gələcəkdə üç dövlət arasındakı əməkdaşlıq və dostluq münasibətlərini daha yüksək səviyyəyə çatdırmaq üçün tarixi və mədəni əlaqələrin önündəki bəzi əngəllər və ya neqativ ünsürlərin ortadan qaldırılması böyük önəm daşıyır. Bu münasibətlərin institutlaşdırılması hər üç dövlət arasında qarşılıqlı şəkildə müəyyən öhdəliklərin əmələ gəlməsinə və münasibətlərin daha sağlam zəminə oturmasına səbəb olacaq.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top