Azərbaycanda ətin qiyməti bir qədər də artacaq - ARAŞDIRMA

Ötən ilin ikinci yarısından başlayaraq ölkədə mal və qoyun ətinin qiymətində artımlar müşahidə olunur. "Yeniavaz.com"un apardığı müşahidələr göstərir ki, təxminən bir il əvvəl paytaxt Bakıda 7-8 manata satılan mal ətinin qiyməti hazırda 11-12 manat, 8-8,5 manata satılan qoyun ətinin qiyməti isə 12-13 manat arasında dəyişir. Ətin qiymətinin bahalandığını rəsmi qurumlar da təsdiq edir. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatda qeyd olunur ki, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri son bir ildə 11,8% bahalanıb. Ətin qiymətinin artmasını münasibət bildirən bəzi ekspertlər səbəb kimi örüş sahəsi kimi istifadə olunan torpaqların təyinatının dəyişdirilməsi ilə əlaqələndirirlər. İddia olunur ki, pambıq və tütün istehsalının artırılması ilə bağlı həyata keçirilən tədbirlər heyvandarlıq sahəsində geriləməyə səbəb olub. Son bir ildə heyvanların sayında qeydə alınan azalmanı da örüş sahələrinin azalması ilə əlaqələndirirlər.

Ətin bahalaşmasının örüş sahələri ilə əlaqəsi yoxdur

Lakin, açıqlanan statistik göstəricilərə istinadən apardığımız araşdırma və bu sahədə apardığımız müşahidələr göstərir ki, son bir ildə ətin qiymətinin bahalanması örüş sahələrinin azalması ilə əlaqəli deyil. Açıqlanan statistik göstəricilər, son bir ildə ölkədə əkin sahələrinin artmadığını göstərir. Eyni zamanda qeyd etmək lazımdır ki, ümumi əkin sahəsində pambıq və tütün sahələrinin payı olduqca aşağı səviyyədədir. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə ölkədə 952 min hektar sahədə taxıl əkildiyi halda, pambıq əkini cəmi 18,7 min hektar, tütün əkini isə cəmi 1,4 min hektar sahədə həyata keçirilib.

Onu da qeyd edək ki, son bir ildə heyvanların sayındakı azalma əsasən örüş sahələrinin mövcud olmadığı iri şəhərlərdə, xüsusən də Bakı və Sumqayıt şəhərlərində qeydə alınıb. Pambıq və tütünçülüyün olduğu rayonlarda isə heyvanların sayında cüzi də olsa artım qeydə alınıb.

Ətə olan tələbat daxili istehsal hesabına təmin olunmur

Məlum məsələdir ki, Azərbaycan hazırda ətə olan tələbatını daxili istehsal hesabına təmin edə bilmir. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiqlənən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda qeyd olunur ki, ölkə vətəndaşlarının ətə olan tələbatını ödəyə bilmək üçün 2015-ci ildə ət istehsalı 340 min tona çatdırılmalıdır. Ancaq qeyd edək ki, ötən il təxminən 300 min ton ət istehsal olunub. Ətə olan tələbatın daxili istehsal hesabına təmin olunmaması səbəbidən hər il xaricdən böyük həcimdə diri heyvanlar və ət idxal olunur.

Hindistandan idxal olunan ət 8 dəfəyə yaxın azalıb

Son bir ildə ölkədə ətin qiymətində qeydə alınan bahalaşmanın əsas səbəbi də xaricdən diri heyvanlar və ət idxalının kəskin azalmasıdır. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, 2015-ci illə müqayisədə 2016-cı ildə idxal olunan diri heyvanlar dəyər ifadəsində təxminən 2 dəfəyə yaxın azalıb. Belə ki, 2015-ci ildə ölkəyə 51,6 milyon dollar dəyərində diri heyvan gətirildiyi halda, ötən bu göstərici 28,6 milyon dollara düşüb. Halbuki son illər bu cür azalma heç vaxt qeydə alınmayıb. Məsələn, 2011-2015-ci illərdə diri heyvanların idxalı 4 dəfəyə yaxın artıb.

Bildirək ki, qeyd olunan dövrdə - 2011-2015 -ci illərdə ölkədə heyvanların sayında da azalma müşahidə olunmayıb. Bu isə o deməkdir ki, xaricdən heyvan idxal oldunduğu üçün ölkə daxilində heyvanların artımı baş verib. 2011-2015-ci illərdə ölkədə iribuynuzlu heyvanların sayı 2,648 milyondan 2,708 milyon başa, qoyun və keçilərin sayı isə 8,474 milyondan 8,677 milyona başa yüksəlib. Lakin, ötən il xaricdən idxal olunan heyvanların sayı kəskin şəkildə azalan kimi, ölkə daxilindəki heyvanların sayında da azalma baş verib. Son bir ildə iribuynuzlu heyvanların sayı 8 min, qoyun və keçilərin sayı isə 64 min baş azalıb.

Onu da qeyd edək ki, azalma təkcə idxal olunan diri heyvanların sayında müşahidə olunmayıb. İdxal olunan hazır ətdə də azalma qeydə alınıb. Bildiyimiz kimi, dondurulmuş ət ən çox Hindistandan idxal olunur. Son bir ildə Hindistandan idxal olunan ət dəyər ifadəsində 8 dəfəyə yaxın azalıb. Əgər 2015-ci ildə Hindistandan 4,4 milyon dollar dəyərində ət idxal olunubsa, bu göstərici ötən il cəmi 564 min dollar olub.

Donuzlar, atlar və eşşəklər niyə azalır?

Ətin bahalanmasının örüş sahələrinin azalması ilə əlaqəli olmayıb, idxalın aşağı düşməsi səbəbindən baş verdiyini təsdiqləyən digər bir fakt isə odur ki, örüş sahələrində otarılmayan donuz, dəvə və hətta at və eşşək kimi heyvanların da sayı 2016-cı ildə azalıb. Halbuki, 2015-16-cı illərə kimi, yəni manatın devalvasiyasına (həm də ət idxalın azalmasına) qədər bu heyvanların da sayında artım olub. 2016-cı ildə donuzların sayı 900 baş azalaraq 6,1 mindən 5,2 minə, dəvələrin sayı 100 baş azalaraq 300-dən 200-ə, atların sayı 1700 baş azalaraq 75,4 mindən 73,7 minə, eşşəklərin sayı isə 4200 baş azalaraq 40 mindən 35,8 minə düşüb. Son zamanlar müvafiq qurumlar tərəfində dəfələrlə at və eşşək ətinin satış məqsədilə kəsilməsi faktları aşkar olunub. Bu isə onu deməyə əsas verir ki, ölkədə idxalın azalması ətə olan tələbatı ciddi şəkildə artırıb. Bu tələbatı qarşılamaq üçün "işbazlar" at və eşşək ətini belə satmaqdan çəkinmirlər. Tələbatın artması isə qiymətlərin artmasına gətirib çıxarır.

Ətin ucuzlaşması üçün nə lazımdır?

Rəqəmlərdən də açıq şəkildə görünür ki, ötən ölkəyə idxal olunan heyvan və ətin həcmi kəskin azalıb və bu da öz növbəsində ətə olan tələbatı artırıb. Qiymət artımının əsas səbəbi də məhz idxalın aşağı düşməsi ilə bağlıdır. Heyvan və ət idxalının azalması isə manatın dollar qarşısında kəskin dəyərdən düşməsi ilə əlaqədardır. Bu sahədə əsas ticarət tərəfdaşımız olan Rusiya, Gürcüstan, Hindistan kimi ölkələrin milli valyutaları manatla müqayisədə dollar qarşısında daha az dəyərdən düşdü. Bu da öz növbəsində həmin ölkələrdə gətirilən məhsulların bahalanması deməkdir. Daxili bazarda isə əhalinin alıcılıq qabiliyyətinin azalması ət idxalını sahibkarlar üçün cəlbedici etmir. Bu isə o deməkdir ki, ətin qiymətinin sabit qalması və yaxud da ucuzlaşması üçün manatın dollar qarşısında möhkəmlənməsi və yaxud da yerli istehsalın artırılması lazımdır. Məlumdur ki, manatın dollar qarşısında möhkəmlənməsi ixracın 90%-ni təşkil edən neft və qazın dünya bazarındakı qiymətindən asılıdır. İndiki halda ölkəyə valyuta gətirəcək yeganə məhsul neft və qazdır. Dünyada baş verən proseslər və açıqlanan proqnozlar isə göstərir ki, yaxın zamanlarda neft və qazın qiymətində ciddi dəyişiklik müşahidə olunmayacaq. Bu isə o deməkdir ki, yaxın tarixlərdə ucuz heyvan və ət idxalı olmayacaq. Yerli istehsalın artırılmasına gəldikdə isə qeyd edək ki, bunun da yaxın zamanlarda reallaşması inandırıcı deyil. Bunun üçün dövlətin dəstəyinə ciddi ehtiyac var.

Regionun ən bahalı ətini biz yeyirik...

Yeri gəlmişkən qeyd edək ki, rəsmi məzənnə ilə hesabladığımız zaman 1 kiloqram mal ətinin qiyməti 6,9 dollara bərabər olur. Bu, region ölkələri arasında ən yüksək göstəricidir. Məl əti ən ucuz qiymətə Ukraynada satılır. Bu ölkədə mal ətinin 1 kiloqramı 3,3 dollara (90 qrivna) bərabərdir. Moldovada qiymətlər Ukraynadan cüzi bahadır. 1 kiloqram ət bu ölkədə 3,5 dollara (70 ley) satılır. Qazaxıstanda ət bu ölkələrlə müqayisədə bahadır. Qazaxıstanda 1 kiloqram mal əti 4,4 dollara (1 400 tengə) bərabərdir. Gürcüstanda mal ətinin qiyməti 5,5 dollar (15 lari) təşkil edir. Digər region ölkələrindən Belarusda mal ətinin 1 kiloqramı 5,8 dollara (11 rubl), Ermənistanda 5,9 dollara (2600 dram), Rusiyada isə 6 dollara (350 rubl) satılır.

DİGƏR XƏBƏRLƏR

Top