Əhalinin restoran yeməklərinə inamı azalıb - əsas motiv

Toy sahibləri menyunu özləri hazırlaya bilərmi? Əməkdaşımızın müşahidələri maraqlı mənzərəni üzə çıxarıb...

Son vaxtlar əhalinin kolbasa-sosis kimi ət məmulatlarına, restoran və kafelərdə verilən ət yeməklərinə marağı azalıb. Mətbuatda və sosial şəbəkələrdə ölmüş at və eşşək ətlərinin, mənşəyi bəlli olmayan digər heyvan cəmdəklərinin restoranlara verilməsi ətrafında müzakirələrin aparılması şadlıq saraylarına, restoran və kafelərə olan inamı da aşağı salıb.

İndi ən çox müzakirə olunan məsələ - toy sahibi tərəfindən restoranın bir günlük icarəyə götürülməsi və süfrədə təqdim olunan yeməklərin ev şəraitində hazırlanıb restorana aparılmasının mümkünlüyü ilə bağlıdır. Kənd yerlərində bu problemsizdirsə, Bakıda fəaliyyət göstərən restoranlarda nəinki yeri icarəyə götürmək, süfrəni şəxsən təşkil etmək, hətta restoranın təqdim etdiyi menyuda iki növ salatı təxirə salmaq belə, mümkün deyil. Restoranlar bunu öz imiclərinə xələl gəlməsi kimi təqdim edərək icazə vermirlər.

Vəziyyəti yerində öyrənmək üçün Bakıdakı bir neçə şadlıq sarayına və restorana baş çəkdik. Əvvəlcə onu qeyd edək ki, jurnalist olduğumuzu bilən və mövzu haqqında eşidən bəzi restoranların administratorları danışmaqdan imtina etdilər. Bu səbəbdən müştəri qismində şadlıq evlərinin administratorları ilə görüşməyə, onlardan sualımızın cavabını almağa çalışdıq.


Nizami rayonundakı “Xarı bülbül” şadlıq sarayının administratoruna menyudakı bir neçə salatı ixtisar etmək, əti isə özümüz alıb gətirmək şərtilə burada toy etmək istədiyimizi bildirdik. Administrator menyudakı qəlyanaltı və salatlarda ixtisar aparılmasına razı olsa da, ət məsələsində bir qədər tərəddüd etdi: “Bizim restorana təmiz, halal ət gətirilir. Beyləqandan gətirilən heyvanlardır. Siz əti istədiyiniz yerdən alıb gətirin, biz burada çəkib, sizə aldığınız qiymətlə pulunu verərik. Biz də maraqlıyıq ki, ərzağımız yaxşı olsun, yeməklərimiz dadlı alınsın, müştəri razı qalsın. Ancaq bizim də şərtlərimiz var. 5 ay öncə bir müştərimiz oldu. Onlar da öz toylarında ət gətirəcəklərini dedilər. Biz də razılaşdıq. Yaxın qohumlarından biri 40 kiloqramlıq qoyun əti gətirdi. Çox yaşlı heyvan idi. Nə qədər israr etsələr də, icazə vermədik. Deməkdə məqsədim odur ki, kənardan belə ət gətirilsə də restoranın qəssabları həmin ətləri yoxlayır, təmiz olduğuna əmin olurlar. Axı bunun məsuliyyətini biz daşıyırıq. Zalların günlük icarəyə götürülməsi bizə sərf etmir. Ona görə ki, restoranın bir ümumi mətbəxi var. Digər zallarda olan toylarla üst-üstə düşəndə aləm qarışır. Toy sahibinin gətirdiyi aşpaz və yaxud işçilər bizim aşpazlar qədər işində mahir ola bilməz. Nəyin harada olduğunu, necə etməyi yaxşı bilmirlər. Bu da bizim işimizi çətinləşdirir və ləngidir”.

Administrator bildirdi ki, gələn müştərilərin əksəriyyəti menyuda bir çox salatları ixtisar etmək istəyirlər, lakin süfrənin kasıb görünməsi onların imicinə zərər vurur: “Həmin salatlar masaya gözəllik verir. Etiraf edək ki, toya gələnlər ilk öncə masanın ümumi görünüşünə diqqət edirlər. Onu da qeyd edim ki, salatlar bir o qədər də xərc tələb etmir. Menyuda əsasən içkilər və isti yeməklər daha çox xərc istəyir. Belədirsə, camaat həyətində mağar qurub, toy edərdi. Restoran administratoru olaraq mən də sizin kimi düşünürəm. Pendir, qutab, blinçik, bozartma, toyuq olsa, bunlar kifayət edir. Lakin qeyd etdiyimiz kimi, hansı müştəri bunlarla kifayətlənər? Təbii ki, az sayda müştəri sadaladıqlarımla razılaşar. Salatlar, qəlyanaltıların çox olmasının əslində toy sahibinə xeyri var. Əgər bunlar olmasa, məclis iştirakçılarına ancaq ət yeməkləri verməlisən. Salatları menyudan çıxarsaq, menyu 2-3 manat bahalaşacaq. Bir toy üçün 200 kiloqram ət istifadə olunurdusa, bu rəqəm ikiqat olacaq. Bu isə toy sahibinin cibinə ziyandı. Elə müştəri də olur ki, salatların çox olmasını istəyir”.
Qeyd edək ki, “Xarı bülbül” restoranında bir nəfər üçün stolun icarəsi 15 manatdır. Bu zaman süfrədə təqdim olunan bütün yeməklərin xərcini toy sahibi çəkməlidir.

İkinci baş çəkdiyimiz “Golden Ring” şadlıq sarayının administratoru Əbdül Qasımov isə toy sahibinin istəyinə uyğun xidmət aparıldığını bildirdi: “Artıq Bakı şəhərində şadlıq saraylarının icarəyə verilməsi məsələsi gündəmdədir. Bildiyiniz kimi, bu təcrübə Bakıətrafı rayon və kəndlərdə tətbiq edilir. Bu da tələbatdan asılıdır. Bu gün bizim restoranda da müştərilər bu cür məclis keçirmək istəsə, biz buna yox demərik. Bizim də bəlli şərtlərimiz var və toydan qazanc əldə etməyi nəzərdə tutmuşuq. Lakin fantastik rəqəm deyib, müştəri qaçırmaq bizim prinsipimiz deyil. Şişirtmə qiymətlərlə işləyənlərin icarə müqaviləsi real deyil. Bir şeyi də qeyd edim ki, restoran sahibi obyektini icarəyə verməyə də bilər. Bazar iqtisadiyyatıdır və restoran sahibi müstəqildir. Yalnız menyuda dəyişikliklər qəbul olunmalıdır. Digər tərəfdən, vətəndaşların da istəyi nəzərə alınmalıdır. Elə insanlar var ki, restoranın yeməklərini bəyənmir, salatından tutmuş, isti yeməklərinə kimi özü bişirmək istəyir. Bunlara da şərait yaradılmaldır. Şadlıq sarayları bu güzəştlərə getməlidirlər”.

Ə.Qasımov toy sahibinin gətirdiyi ət məhsullarının da təhlükəsizliyinin yoxlanıldığını dedi: “Biz toy sahiblərinə mümkün qədər güzəştlər edirik. Lakin bizim də onlardan bir sıra vacib tələblərimiz var. Gətirdikləri ətin və başqa məhsulların təmiz olması vacibdir. Heyvanların kəsim yerləri, ətlərin saxlanma şəraiti detallı şəkildə öyrənilir. İcarə haqqını ödədikdən sonra hər şeyi müştərinin ixtiyarına buraxmırıq. Məsuliyyət birbaşa bizim üzərimizdə olduğu üçün gələn ət və ərzaq məhsullarının istifadəsinin yararlı olduğunu ondan tələb edirik. Söhbət yüzlərlə insanın qida təhlükəsizliyindən gedir”.

“Golden Ring” şadlıq sarayında 600 nəfərlik zalda 1 nəfər üçün stolun qiyməti 10 manat, 400 nəfərlik zalda isə 12 manatdır.musavat.com

DİGƏR XƏBƏRLƏR

Top