Avtomobillərin yanacağı ilə bağlı tətbiq edilən "Avro" standartları ölkəyə gətirilən avtomobillərin sayına ciddi təsir etməkdədir. Son 2 il ərzində avtomobil idxalı 10 dəfədən çox azalıb. Nəticədə bazarlarında satılan avtomobillərin əksəriyyətini ikinci əl, yəni işlənmiş avtomobillər təşkil edir. Belə olan halda isə avtomobil almaq niyyətində olanlar çoxsaylı problemlərlə qarşılaşırlar. Bəzən işbazlar ili köhnə avtomobilləri alıb kosmetik təmirdən keçirərək bazara çıxarırlar. Bu zaman avtomoildəki qüsurları ilk baxışdan görmək mümkün olmur. Məsələn, dəmir konstruksiyadakı çürüklərin üzərini rəngləyərək görünməz edirlər. Bəs avtomobil almaq istəyənlər bu çürükləri və ümumiyyətlə işlənmiş avtomobildəki "gizli" qüsurları necə müəyyən edə bilərlər? "Yeniavaz.com" belə qüsurların aşkarlanması üçün mütəxəssislər olduqca maraqlı təkliflər irəli sürürlər.
Sənədlər
İlk növbədə avtomobilin sənədlərində hər şeyin qaydasında olduğuna əmin olmaq üçün həmin sənədləri göstərməsini satıcıdan istəyin. Sonra kuzovun və mühərrikin texpasportdakı nömrələrini həmin aqreqatların üzərindəki nömrələrlə tutuşdurub, diqqətlə yoxlamaq lazımdır. Eyni zamanda əmin olmaq lazımdır ki, nömrələrdə şübhəli heç nə yoxdur, onlar aydın oxunur və rəqəmlərin ətrafında heç bir deformasiya müşahidə olunmur. Əgər mühərrikin üzərindəki nömrə tozla və ya çirklə örtülübsə və onları silmək üçün satıcıda münasib heç nə yoxdursa, özünüzlə götürdüyünüz əski işinizə yaraya bilər.
Çürüklər
Qeyd etdiyimiz kimi avtomobil alarkən qarşılaşdığımız ən ciddi problem çürüklərlə bağlıdır. Belə problemlə qarşılaşmamaq üçün bazara gedərkən özünüzlə maqnit götürün. Çürük olma ehtimalı olan hissələri və yaxud da şübhələndiyiniz yerləri maqnitlə yoxlaya bilərsiniz.
Məlumdur ki, maqnit çürüksüz hissələrə daha yaxşı yapışacaq. Əgər rəngin altında çürük hissələr varsa maqnit yaxşı yapışmayacaq. Beləliklə siz bu üsuldan istifadə edərək yaxşı rənglənməsinə və ilk baxışdan qüsursuz görünməsinə baxmayaraq avtomobildəki çürüklərin yerini asanlıqla müəyyən edə bilərsiniz.
Zədələr
Ən ciddi problemlərdən biri də satışa zədəli avtomobillərin çıxarılması ilə bağlıdır. Bəs bunu necə müəyyən etmək olar? Unutmayın ki, zədəli avtomobilləri günəşli gündə daha tez müəyyən etmək mümkündür. Zədələnmiş avtomobil sonradan nə qədər mükəmməl təmir olunursa olunsun. Üzərinə gün düşdüyü zaman əks olunan şüalar "sınacaq". Diqqətlə baxsanız avtomovilin zadələnmiş hissəsində kölgələr görəcəksiniz. Yeni, zədələnməmiş avtomobillərdə ayrı-ayrı detalları arasındakı aralıqlar bərabər olacaq. Məsələn, iki qapı asrasındakı, yaxud da kapotla kuzov arasındakı məsafələr eyni ölçüdə olmalıdır. Əgər zərbə nəticəsində avtomobil deformasiyaya məruz qalıbsa, dünyanın ən yaxşı ustası belə detallar arasındakı məsafələri əvvəlki vəziyyətə qaytara bilməz. Zədələnmiş avtomobili müəyyən etməyin başqa bir üsulu isə qapıları və digər açılıb-bağlanan hissələri yoxlamaqdır. Qapını və ya arxa baqajı açıb bağlayarkən cırıltı səsi gəlirsə, və yaxud rahat hərəkən etmirsə, deməli avtomobilin zədə alma ehtimalı yüksəkdir.
Rəng
Avtomobilin sonradan rənglənib-rənglənmədiyini müəyyən etmək və əgər rənglənibsə, bunun səbəbini öyrənmək lazımdır. Yəqin ki, satıcı sualınızın cavabında deyəcək ki, avtomobilin boyası günün təsirindən yanıb köhnəldiyinə görə avtomobili yenidən rənglətdirib. Kuzovun yenidən rənglənməsinin izlərini müəyyən etmək çətin deyil. Hətta lak-boya örtüyünün keyfiyyəti ideal olsa belə, arxayınlıq üçün sadəcə olaraq, qabaq və ya arxa şüşənin sıxıcısını aralaya bilərsiniz. Əgər onun altındakı boya kuzovun rəngi ilə eynidirsə, deməli, həmin rəng həqiqətən avtomobilin "öz rəngidir", yaxud avtomobili rəngləyərkən kuzov bütünlüklə sökülmüşdür ki, bu da işə peşəkarcasına yanaşmaqdan və yaxşı keyfiyyətin təmin edilməsindən xəbər verir.
Kilometraj göstəricisi
Əgər satıcının dediyi kilometraj sizdə şübhə doğurursa, avtomobilin real kilometrajını necə müəyyən etməli? Bunun üçün cihazlar panelindəki rəqəmlərə deyil, avtomobilin əsas hissə və aqreqatlarının vəziyyətinə diqqət yetirmək lazımdır. Sadə şəkildə desək, əgər tam diaqnostika nəticəsində ciddi qüsurlar aşkar edilməyibsə, kilometraj o qədər də önəmli deyil. Amma hər halda avtomobilin real kilometrajını yoxlamağı qərara almısınızsa, bunu etmək çox da çətin deyil. Bunun üçün aşağıdakı məsləhətlərimizə diqqət yetirin. Statistikaya əsasən, il ərzində orta statistik avtomobil sahibi 20-30 min kilometr məsafə qət edir. Bu rəqəmi avtomobilin yaşına vurduqdan sonra alınan rəqəm odometrin göstəricisindən bir neçə dəfə fərqlənirsə, kilometraja "əl gəzdirilməsi" ehtimalı xeyli böyük olur. Adətən kiçik litrajlı şəhər avtomobillərinin sahibləri daha az məsafə qət edirlər: bu halda nisbətən kiçik illik kilometraj göstəricisinə inanmaq olar. Çox vaxt xarici markalı avtomobillərin kapotunun altında yarlıklara rast gəlmək olar, həmin yarlıklarda servis stansiyaları növbəti texniki baxışdan keçmə zamanı və ya sadəcə, yağın dəyişdirilməsi zamanı avtomobilin kilometrajını göstərirlər. Əgər kələkbaz satıcı həmin yarlıklardan birini nəzərdən qaçırıbsa və ya qoparıb atmağı unudubsa, onda onun yalanını tutmaq sizə çox asan olacaq. Mexaniki odometrlərdə kilometraj göstəricisinin azaldılmasını üzərində rəqəmlər olan çarxların necə yerləşməsi əsasında təyin etmək olar. Kənar müdaxilədən sonra onlar düz xətt üzrə yerləşmirlər.