Gürcüstanın Xarici işlər naziri Mixail Canelidze rusiyalı həmkarı Sergey Lavrovun işğal altında olan Abxaziyaya gözlənilən səfərini ölkəsinə qarşı təxribat adlandırıb. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, gürcü nazir mətbuata açıqlamasında Rusiyanın beynəlxalq hüquq normalarını kobud şəkildə tapdaladığını bildirib. O Lavrovun aprelin 18-19-da Abxaziyaya səfəri çərçivəsində orada diplomatik korpusun binasının açılışını etməyə hazırlaşmasını Rusiyanın anneksiya siyasətinin davamı adlandırıb: "Biz aydın şəkildə görürük ki, Rusiyanın ölkəmizə qarşı təxribatları ara vermədən davam edir. Rusiya Xarici işlər naziri işğal altında olan Abxaziyaya 2008, 2009, 2011-ci illərdə də səfər etmişdi. Bu beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətsizlikdir. Rusiya bununla da Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini təhdid edir. Təbii ki, bu məsələdə beynəlxalq aləm Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və işğal faktını tanımır. Rusiya heç vaxt istədiyinə çata, ərazilərimizi işğal etməsinə hüquqi don geydirə bilməyəcək".