Bayram günlərində regionlara üz tutan vətəndaşların sayı başqa vaxtlara nisbətən artır. Evində bayramı qeyd etmək istəyənlər bayrama bir-iki gün qalmış avtovağzala üz tuturlar. Ancaq bəzən avtobusların yetərincə olmaması, qiymətlərin artırılması halları ilə də üzləşirlər. Bəs bu bayramda eyni vəziyyət təkrar oluna bilərmi? Mövzu ilə bağlı Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi Yeniavaz.com saytına açıqlama verib.
“Heç kim gedişə yarım saat qalmış gəlib kassadan bilet almasın”
“Əvvəlcə onu deyim ki, Bakı Beynəlxalq Avtovağzalı dekabr ayının 25-dən, yanvar ayının 7-nə kimi gücləndirilmiş iş rejimində çalışacaq, qiymət artımı isə olmayacaq”. Bunu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Yeniavaz.com-a açıqlamasında dedi: "Rəsmi qiymət artımı bu il üçün də nəzərdə tutulmayıb. Çünki qiymət artımı yalnız Tarif Şurasının qərarı ilə müəyyən olunur. Bütün istiqamətlərə gediş haqqları "www.bbak.az” saytında açıq şəkildə qeyd olunub. Bəzən süni qiymət artımına rast gəlirik. Bunu etiraf edirik ki, belə neqativ hallar olur. Problem nə zaman yaranır? Vətəndaş kassadan iki saat əvvəl bilet almaq əvəzinə, gedişə yarım saat qalmış və yaxud 15 dəqiqə qalmış birbaşa sürücüyə yaxınlaşır, pulunu verir, daha doğrusu, artıq məbləğ verir və istədiyi yerdə əyləşir. Bir çox sərnişin ön sırada əyləşmək istəyir. Çox vaxt qiymət artımı belə neqativ səbəblərdən süni olaraq qaldırılır. Deyə bilərik ki, qiymət artımı vətəndaşla sürücü arasında qeyri-rəsmi anlaşmalar əsasında qaldırılır. Sonradan isə belə artım digər vətəndaşın narazılığına səbəb olur. Vətəndaş özü buna yol verməməlidir. Vaxtından əvvəl və ya onlayn qaydada 10 gün əvvəl biletini ala bilər. Nəzərə alsaq ki, ayın 25-dən sonra, yəni ayın axırları həddindən artıq sərnişin sıxlığı nəzərdə tutulub, əksər regionlara biletlər əvvəlcədən satılacaq. 10 gün əvvəl bileti almaq lazımdır. Siz Yeniavaz.com saytında mümkündürsə, bunu yazın. Maksimum əvvəlcədən bilet almaq lazımdır ki, izdiham yarananda, sərnişin çox olanda problem yaranmasın. Və heç kim də getməyə yarım saat qalmış gəlib kassadan bilet almasın. Ona görə ki, onda artıq bilet qalmır. Biletləri ən azı 2 saat öncədən almaq lazımdır, xusuilə də bayram vaxtları. Bunu ilk olaraq qeyd eləyin. Bəzən narazı vətəndaşlar bizim "qaynar xətt"ə zəng edirlər. Tərəfimizdən araşdırılır, məlum olur ki, sərnişin ön sırada əyləşmək istəyib. Bax belə problemlər dəfələrlə olub. Əgər sərnişin sürücüyə pul təqdim eləməsə, onda sürücü əlavə pul istəyə bilməz, onda bizim işimiz də rahat olar. Təbii ki, bu neqativ halları nəzərə almışıq, buna görə Avtovağzalda bütün bayram günlərində bilet satışında süni qiymət artımına nəzarət eləyən komissiya yaradılır. Əməkdaşlardan ibarət nəzarət qrupu fəaliyyət göstərir və əməkdaşlarımız tərəfindən canlı nəzarət olacaq. Eyni zamanda hansısa vətəndaşın nə iləsə bağlı narazılığı olarsa, əməkdaşlar yaxınlaşıb sərnişinlərin müraciətlərinə baxacaqlar. Əgər yenə də hər hansı bir problem yaranarsa, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin və Bakı Beynəlxalq Avtovağzalının "qaynar xətt"inə zəng vura bilərlər. Şikayət edən hər kəsin şikayətinə baxılır. Əgər əsaslıdırsa, onun haqqında ciddi tədbirlər görülür. Əgər sürücü qiymət artımına yol veribsə, sürücü, bileti satan şəxs xoşagəlməz hala cəhd edibsə, onun haqqında tədbir görülür. Bir sürücü və ya şirkət haqqında iki dəfədən artıq müraciət daxil olursa, əvvəl ciddi şəkildə xəbərdarlıq olunur, təkrar belə hal baş verirsə, şirkətdirsə, onunla olan müqaviləyə xitam verilir, sürücüdürsə, işdən azad edilir”.
Bayram vaxtı avtobus çatışmazlığına gəlincə müsahibimiz: "Şəki, Zaqatala, Gəncə, Qazax, Quba bu istiqamətlərdə sıxlıq yaşanır. Yenə də əvvəlcədən hansı regionlar üzrə sıxlıq olacağını deyə bilmərik. Ayın 25-dən dəqiq bilinəcək ki, hansı istiqamətlərdə Gəncə-Qazax və ya Şəki- Zaqatala istiqamətində sərnişin çox olacaq. Onu da qeyd edim ki, ayın 25-dən ehtiyat avtobusların da sayını açıqlayacağıq ki, hansı istiqamət üzrə nə qədər ehtiyyat avtobus ayrılıb, sərnişin sıxlığının nə qədər olması nəzərdə tutulub”.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal kompleksinin rəsmi internet saytında (www.bbak.az) şəhərlərarası sərnişin biletlərinin satış qiymətləri göstərilir. Bir neçə şəhərə olan biletlərin satış qiymətini təqdim edirik.
Bakı-Astara 5.07 AZN
Bakı-Gəncə 5.57 AZN
Bakı-Lənkəran 5.57 AZN
Bakı-Quba 2.67 AZN
Bakı-Qazax 7.26 AZN
Bakı-Şəki 5.63 AZN
Bakı-Xaçmaz 3.76 AZN
Bakı-Tovuz 6.78 AZN
Bakı-Goranboy 5.01 AZN
Bakı-Nabran 3.50 AZN
Bakı-Qəbələ 5.04 AZN
Ruzbeh Məmməd