"Müfəttiş" Mingəçevirdə

Bu günlərdə Mingəçevir Dövlət Dram Teatrında məhşur rus yazıçısı və dramaturqu N.V.Qoqolun "Müfəttiş" tamaşasına ictimai baxış keçirilib. Tamaşa dövlət sifarişli iki hissəli komediyadır. Tamaşanın quruluşçu rejissoru sənətşünaslıq və fəlsəfə doktoru, Mingəçevir teatrının baş rejissoru Xəzər Gəncəlidir. Baş rollarda, bələdiyyə rəisi - Aydın Quliyev, müfəttiş Eyvaz Əliyev, Əməkdar artistlər Ella Yaqubova, Şıxı Yaqubov, Akif Mirabov və digər aktyor və aktrisalar iştirak ediblər. Tamaşada hər personaj özünəməxs konkret cizgilər yaratmağa çalışmış, qarşıya qoyulan məsələnin əyani həllinə nail olmuşlar. Qurluşçu rejissor teatrın istedadlı və təcrübəli aktyorlarıdan ibarət bir uğurlu aktyor ansanbılı təşkil etməklə tamaşanın uğuru üçün kifayət qədər münbit zəmin yaratmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, Nikolay Qoqol Azərbaycan teatrı üçün həmişə arzuolunan dramaturq olmuşdur.

Qoqolun bütün əsərlərində ümumilik təşkil edən bu keyfiyyətlər ədibin "Müfəttiş" komediyasında özünü daha qabarıq göstərmişdir. İki saat 20 dəqiqə davam edən tamaşa ictimaiyyət tərəfindən alqışlarla qarşılanıb. Tamaşanın sonunda teatrın direktoru Səxavət Məmmədov, "Mingəçevir İşıqları" qəzetinin baş redaktoru Fərman Nəbiyev, Mingəçevir şəhər icra nümayəndəliyinin nümayəndəsi Rizvan Mikayıllı, tamaşaçılardan Bayram Mustafa, Esmira Hidayətova və başqaları tamaşa haqqında öz rəylərini veriblər.

Tamaşadan sonra rejissor ilə görüşüb onun da fikiləri ilə maraqlandıq. Xəzər müəllim bildirdi ki, bu əsər ilk dəfə 1836-cı ildə tamaşaya qoyulub: "180 ildir ki, bu əsər səhnələrdən düşmür, bu da bu əsərin bilavasitə klassik bir əsər olmasına sübutdur. Klassik əsər həmişəyaşar əsərlərdir. Tamaşa beş pərdəli tamaşadır, əlbəttə, belə uzun səhnələrə tamaşaçı baxmır, ona görə də biz bu üç saatlıq tamaşanı 2 saat 20 dəqiqəlik edə bildik. Biz əsas fikirləri saxlamağa çalışmışıq. Qoqolun bu əsəri kütləvi, kollektiv tamaşa olduğu üçün teatrın bütün aktyor heyəti bu tamaşada rol alıblar. Mən xüsusilə əməkdar artist Ella Yaqubovanın fəaliyyətini qeyd etməliyəm, onun bu tamaşada rolu bir balaca epizodik rol olsa da, gəncləri bu tamaşa ətrafında toplayaraq, yaxından köməyini çox dəyərləndirirəm. Demək olar ki, bütün aktyorlar canlı xarakterə, müstəqil düşüncə tərzinə, həyat yoluna malik yadda qalan obrazlar yarada biliblər".

Sonda onu da qeyd edək ki, rejissorun gərgin yaradıcılıq axtarışları, onun bir sıra orijinal tapıntıları düzgün seçilmiş aktyor heyətinin oyununda özünü daha aydın göstərmişdir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top