"İstər qış olsun, istər yay - belə problemlər olmamamlıdır"

Havaların soyuması, qarın yağması ilə əlaqədar Bakıda ictimai nəqliyyatın hərəkətində problem yaranıb. Bəzi marşrut xətlərində avtobuslar gecikib, "Bakı Kart" terminalları işləməyib. Bakıda nəqliyyat infrastrukturu qışa hazır deyil, bunun səbəbi nədir?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov sualımıza belə münasibət bildirdi: “Problemlərdən biri avtomobillərlə bağlıdır. Hava şəraitinin pisləşməsi ictimai nəqliyyat sektorunda müəyyən problemlərin yaranmasına səbəb olur. Bu da avtobusların istismara yararlılığının zəif olmasından irəli gəlir. Bəzi hallarda avtobusun mexaniki hissəsində nasazlıq olur, həmin avtobus xəttə çıxmır və ya çıxırsa, normal işləmir. Digər vacib məsələ odur ki, hava şəraitinin pisləşməsi nəticəsində bir çox insanlar şəxsi avtomobilindən istifadə etmir, ictimai nəqliyyatdan istifadə edir, bu da öz növbəsində sıxlıq yaradır. "Bakı Kart" terminallarının işləməməsini hava şəraiti ilə bağlamaq olmaz. Havada nə şaxta var ki, aparat donsun? Aparatın işləməməsini bu işə nəzarət edən qurumların hava şəraiti ilə bağlamasını düzgün hesab etmirəm. Bəzən ola bilər ki, texnoloji qurğuların işləməməsi də, hava şəraiti ilə bağlı olsun, ancaq bunlar istisnadır. Açıq şəraitdə olanda belə hallar ola bilər, bəzən naqillərdə qısaqapanma olduqda dediyimiz qurğularla vahid əlaqələndirmə mərkəzi arasında əlaqə kəsilir. Və problemlər buradan başlanır".

"Hər il eyni problemin yaşanması nə ilə bağlıdır?" sualımıza Azər Allahverənov belə cavab verdi: "İstər qış olsun, istər yay - belə problemlər olmamamlıdır. Əgər varsa, o səviyyədə olmamalıdır ki, insanların narazılığına səbəb olsun. Yəni aidiyyəti qurumlar məsuliyyətli olmalıdırlar. Uzun müddət Rusiyada yaşamışam. Kazan şəhərində oktyabr ayında yağan qar aprel ayında əriyirdi. Yəni ilin yarı hissəsi qar olurdu, şaxtalar 30-35 dərəcəyə yüksəlirdi. Ancaq avtobusun işləməməsi, tramvayın, trolleybusun dayanması və s. kimi halları mən yaşadığım müddətdə bir dəfə də olsun görmədim. Fərqi yox idi qardır, yağışdır, çovğundur, nə oldu-olmadı hər bir sektor lazımi səviyyədə işləyirdi. Biz həmin tramvaylarla, trolleybuslarla dərsə gedib gəlirdik, bir dəfə də olsun gecikmə olmurdu. Bunun səbəbi o idi ki, sektor çevik şəkildə işini yerinə yetirirdi. Mən hesab edirəm ki, hər bir vətəndaş hardasa üzləşdiyi problemi, informasiyanı "qaynar xətt"ə ötürməlidir. İnformasiyanı ötürmək lazımdır ki, aidiyyəti qurumların məlumatı olsun, problemi araşdırıb həll etsinlər".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top