"MTK rəhbərləri vətəndaşları incidirlər" - Qaçay Şahbazov

Elektrik enerjisi və mavi yanacağın qiyməti bahalaşandan sonra bir çox sahələrdə qiymət dəyişikliyi müşahidə olunur. Artıq yeni tikililərin bir çoxunda kommunal ödənişlərə görə tələb edilən məbləğlər artırılıb.

"Yeni tikilmiş binada yaşayan dostlar, kommunal xərclərin qalxması ilə bağlı məlumat almısınız? Mən əvvəl 1 kvadratmetrə görə 57 qəpik ödəyirdim (mərkəzi istilik sistemi, isti-soyuq su, blokun təmizlənməsi və işıqlandırılması, lift və zibil pulu). Bu aydan hər kvadratmetrə görə 1 manat 20 qəpik ödəməli olduğumuzu bildiriblər. Məndə evin kvadratmetri kiçikdir. Qonşuluqda isə 150 kvadratmetr evi olan var. Belə çıxır ki, aylıq 180 manat pul ödəməlidir? Bundansa, kirayə qalmaq daha yaxşı deyil? Ümumiyyətlə, yeni tikilmiş binalarda kommunal xərclərin qiyməti ilə bağlı konkret bir qanun varmı?",-deyə vətəndaşlardan biri sosial şəbəkə istifadəçilərinə müraciət edib. Azad İstehlakçılar Birliyinin hüquq komissiyasının sədri Qaçay Şahbazov deyir ki, Azərbaycanda çoxmənzilli binaların idarəçiliyində ciddi qüsurlar var: "Hazırda binalar MTK-lar tərəfindən tikilir. Lakin bu zaman qanunvericiliyimizin ən ağrılı hissəsi ondan ibarətdir ki, MTK-lara çoxmənzilli binaları idarə etmək səlahiyyətləri verilməyib. Azərbaycanda bundan əvvəlki Mənzil Məcəlləsi 2009-cu ilə qədər qüvvədə olub. Sonradan tikinti sektorunda ciddi dəyişikliklər, yeniliklər olduğuna görə yeni Mənzil Məcəlləsi qəbul olunub. Maraqlı faktdır ki, MTK-ların səlahiyyəti olmadığı halda, çoxmənzilli binaların idarə edilməsi ilə məşğuldurlar. Çoxmənzilli binaların idarəçiliyində ciddi qüsurlar var. Mən hesab edirəm ki, MTK-ları çoxmənzilli binaların idarə etmək səlahiyyəti yoxdur. Bu sözü birbaşa deyirəm. Binaları MTK-lar yox, bələdiyyələr və yaxud bina sakinlərinin ümumi yığıncağının seçdiyi idarə heyəti və müştərək ortaq təşkilatlar idarə edə bilərlər. Əlbəttə, ümumi yığıncaq idarə heyyətinə, yəni sakinlərin sırasından seçilmiş adamlara səlahiyyət verir, onlar özlərinin nizamnamələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirirlər, VÖEN alırlar, hüquqi şəxs olurlar və binanın idarəçiliyi məsələlərinə baxırlar. Bu kollegial idarəçilikdir və məqsədəuyğundur. Bu məsələlərlə əvvəllər, xüsusilə sovet dövründə JEK-lər məşğul olurdular. Sovetdən qalmış binaların idarəçiliyi də, hələlik, onlar tərəfindən aparılır. Yeni inşa olunmuş çoxmənzilli binaların idarəçiliyində ciddi qüsurlar var. MTK rəhbərləri qanunun yox, zorun gücündən istifadə etməklə vətəndaşları incidirlər. Çoxmənzilli binaların idarə edilməsinin MTK-lardan alınıb vətəndaşlara, yaxud bələdiyyələrə veriləcəyi gözlənilir. Məsələ yalnız bu cür həll oluna bilər".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top