Həbib Bayramov anılıb

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində məşhur tarzən, Xalq artisti Həbib Bayramovun anadan olmasının 90 illiyinə həsr edilmiş xatirə tədbiri keçirilib. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən saytımıza verilən məlumata görə, əvvəlcə muzeyin foyesində görkəmli tarzənin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub, sənətkarın ömrünün müxtəlif anlarını canlandıran videoçarx nümayiş etdirilib.

Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova unudulmaz tarzənin həyat yolundan, milli musiqimizin inkişafındakı xidmətlərindən danışıb.

Bildirib ki, H.Bayramov 1926-cı ildə Bakıda anadan olub. Hələ kiçik yaşlarından balaca Həbibin tara olan sevgisini hiss edən atası 13 yaşı tamam olanda ona tar alır və musiqi məktəbinə, Əhməd Bakıxanovun yanına aparır. H.Bayramov 1943-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində həm əlaçı tələbə kimi təhsil alıb, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs deyib. 1949-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-konsert birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.

Görkəmli tarzənlə çiyin-çiyinə çalışan Xalq artisti xanəndə Canəli Əkbərov, yetirmələri olan Xalq artistləri - tarzən Möhlət Müslümov, kaman ustası Fəxrəddin Dadaşov, dirijor Ağaverdi Paşayev, Əməkdar artist Nazim Əsədullayev və başqaları onun musiqi aləmində keçdiyi şərəfli həyat yolundan, davamçılarına olan doğma münasibətindən söhbət açıblar. Bildirilib ki, onun sənət yolunu uğur, sevinc, yaddaqalan konsertlər, xarici səfərlər, təltiflər, fəxri adlar müşayiət edib. İstedadlı tarzənin xaricə ilk səfəri 1951-ci ildə olub. Tələbələrin Berlində keçirilən üçüncü ümumdünya festivalında iştirak edərək laureat adını qazanıb. Sonralar Polşa, Kanada, Suriya, İordaniya, Hindistan, Əfqanıstan, Türkiyə, Danimarka, Avstriya, Fransa və digər ölkələrə qastrol səfərlərinə gedib, Azərbaycan musiqisini və tarını xaricdə sevdirib, şöhrətləndirib. Yüksək sənəti və ifaçılıq mədəniyyəti ilə daim fərqlənən tarzənin repertuarında "Rast", "Şur", "Çahargah", "Segah", "Xaric segah", "Orta mahur" və digər muğamlar əsas yer tutub. Bildirilib ki, H.Bayramov həm də gözəl saz ifaçısı olub. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun "Qızıl fond"unda saxlanılır.

Tədbirdə Əməkdar artistlər Firuz Səxavət, Nuriyyə Əhmədova və başqaları xalq mahnı və təsniflərini ifa ediblər.

Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib, Bakıda II Fəxri xiyabanda dəfn olunub.

DİGƏR XƏBƏRLƏR

Top