"Məqsədimiz Azərbaycanın tarixi torpaqları haqqında məlumatları dünyaya çatdırmaqdır"​

Bu gün AMEA-nın Əsas binasında Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə "Qarabağın arxeoloji irsi" mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.

Konfransda Türkiyə, Rusiya, Ukrayna, İran İslam Respublikası, Almaniya və Avstraliyadan olan tanınmış arxeoloqlar iştirak edirlər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq tarixi keçmişimizə dair həqiqətlərin üzə çıxarılmasında Azərbaycan arxeoloqlarının fədakar əməyindən danışıb. Bildirib ki, qədim tarixi, zəngin maddi və qeyri-maddi mədəni irsi olan Azərbaycanın Qarabağ bölgəsinin Arxeologiya və Etnioqrafiya İnstitutu tərəfindən diqqətə alınması, araşdırılması, təbliğ edilməsi sevindirici haldır. Konfransın sessiyalarında ediləcək çıxışlar, alimlərin təqdimatları bu istiqamətdə atılan çox vacib addımdır.

Akademik İ. Həbibbəyli qeyd edib ki, iki gün davam edəcək beynəlxalq tədbirdə Qarabağ ərazisində aparılan tədqiqatların tarixi, Qarabağ arxeoloji abidələrinin Azərbaycanın maddi irsi sistemində yeri və digər mövzularda məruzələr dinləniləcək. Eyni zamanda, erməni işğalı altında olan ərazilərdəki abidələrin hazırkı vəziyyəti və Aran Qarabağda son illərdə aparılan arxeoloji araşdırmaların ilkin nəticələri müzakirə ediləcək.

Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova çıxış edərək konfransda dinləniləcək 50-dən çox elmi məruzənin Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın paleolit, neolit, xalkolit, tunc, dəmir, antik və orta əsrlər dövrlərini əhatə edəcəyini söyləyib. İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova bildirib ki, konfrans Azərbaycanın işğal edilmiş torpaqları haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bir daha ortaya qoyur. Məqsədimiz Qarabağın, eyni zamanda Ermənistanın yerləşdiyi ərazilərin tarixi, mədəni olaraq Azərbaycana bağlılığı və Azərbaycanın tarixi torpaqları haqqında məlumatları dünyaya çatdırmaqdır.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Ruf Munşayev və başqaları bildiriblər ki, Qarabağın arxeoloji irsinin öyrənilməsi aktual və mühümdür. Çıxış edənlər Qarabağ ərazisindəki arxeoloji abidə və artefaktların qonşu regionlardakı həmdövr analoqları barədə mövzulara toxunublar.

Tədbir iştirakçılarının Bakı və onun ətrafındakı arxeoloji abidələrlə, həmçinin "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlığı da təşkil ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top