O sosialist realizminin "ümumi çərçivəsi"nə sığmadı...

Sovet dönəmində çəkdikləri sosialist realizminin "ümumi çərçivəsi"nə sığmadı o... Elə ona görə müxtəlif təzyiqlərə məruz qaldı. Hətta dolanışığını təmin etmək üçün müqavilə ilə işlədiyi əsərləri, ona qarşı xüsusi tələbkarlıq nümayiş etdirən bədii şuranı razı salandan sonra belə sərgi ekspozisiyalarından çıxarılardı. Amma o təslim olmadı: milli təsviri sənətimizdə silinməz iz buraxa bildi. Söhbət Əməkdar incəsət xadimi Mircavad Mircavadovdan (1923-1992) gedir.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, Mircavad Mircavadov "sosialist realizmi" bədii prinsipnin əksinə gedən "Abşeron məktəbi" yaratmaqla süni pafos içində boğulan sovet incəsənətini daha gerçəkçi və səmimi tutumlu əsərlərlə zənginləşdirməyin mümkünlüyünə nail olmuşdu: "Amma onun əsərlərindəki kökəqayıtma meylinin qabarıqlığını, onun əski milli qaynaqlarımızı müasir biçimdə təqdim etmək istəyinə qarşı sanki bir hücum başladı. Yox, onun tablolarında dünyamız heç də öz real görkəmini itirməmişdi. Sadəcə, o, reallığın daha dərin qatlarına enmişdi. Elə bu səbəbdən də türk dünyasının tanınmışları - Oljas Süleymenov, Çingiz Aytmatov onun əsərlərinə yüksək qiymət verdilər. Məsələn, 1985-ci ildə Bakıya dostu Bəxtiyar Vahabzadənin 60 illik yubileyinə gələn Çingiz Aytmatov rəssamın əsərləri ilə tanış olduqdan sonra rəy kitabına bu sözləri yazmışdı: "Açığını deyim ki, fəciliyi və iblisanəliyi fırça vasitəsilə belə ifadə etmək ustalığına indiyədək rast gəlməmişəm. Tablolar bir an belə göz önündən getmir. Görəsən, biz onları qiymətləndirə biləcəyikmi?" Həmin illərdə Azərbaycan təsviri sənətinin tarixini yazan bizim sənətşünaslar isə sanki respublikada belə bir rəssamın mövcudluğunu görməməzliyə vurur, adını nəinki monoqrafiyalarda, hətta adicə məqalələrdə belə yazmağa ehtiyat edirdilər. Rəssamın Ç.Aytmatovun dəstəyi ilə Bakıda açılan ilk sərgisinin (1987) sorağı isə tez bir zamanda Azərbaycandan çox-çox uzaqlara yayıldı və dünyanın bir çox ölkələrində onun sənətinin nümayişi baş tutdu".

Qvami

DİGƏR XƏBƏRLƏR

Top