Bakıda yeni park: buz meydançası, göl və fəvvarə də var

Paytaxtın sosial xəritəsinə yeni istirahət mərkəzi daxil olub. Bakı Konqres Mərkəzinin qarşısında salınan park şəhərin simvollarından birinə, sakinlərin və qonaqların üz tutduğu sevimli istirahət və əyləncə məkanına çevrilib.

Asudə vaxtını keçirmək üçün parka üz tutanların sayı getdikcə artır, çünki burada hər kəs öz zövqünə uyğun istirahət növü tapa bilir. Əvvəllər burada heç də ürəkaçan mənzərə yox idi. Neçə illər ərazi Səttarxan adına maşınqayırma zavoduna məxsus olub və zavod fəaliyyət göstərdiyi dövrdə torpaq axıdılan tullantılardan çirklənmiş, sürtgü və kimyəvi maddələrdən yararsız hala düşmüşdü. İndi ərazinin əvvəlki görkəmindən kiçik bir nişanə də qalmayıb.

Aparılan abadlıq işləri nəticəsində burada müasir tələbata cavab verən istirahət parkı salınıb. Tullantılar ərazidən tamamilə təmizlənib, torpaq səthinin tərkibi yenisi ilə əvəz olunub. Geniş abadlıq və yenidənqurma işləri nəticəsində park abad, yaraşıqlı və baxımlı bir zonaya çevrilib. Burada görülən yaşıllaşdırma işləri göz oxşayır. Parkda 300-dən çox ağac, minlərlə bəzək və gül kolları əkilib. Yaşıllaşdırma zamanı çinar, tut, söyüd və dəmirağacına daha çox üstünlük verilib, həm də ona görə ki, ilin bütün fəsillərində parkın təbiətinə yaşıllıq və gözəllik gətirsin. İstirahət parkı Avstriyanın məşhur memarı Yans Hofmanın layihəsi əsasında inşa edilib.

Parkda sahəsi 2 min kvadratmetrdən çox olan sintetik örtüklü buz meydançası uşaq və yeniyetmələrin sevimli ünvanlarından biridir. Meydança elə quraşdırılıb ki, hər fəsildə fəaliyyət göstərəcək və burada eyni vaxtda 200-250 nəfərin sürüşməsi mümkündür. Bundan başqa parkda digər istirahət zonaları da var. Uşaqlar üçün düzəldilmiş və sahəsi 2700 kvadratmetr olan əyləncə mərkəzin xüsusi örtüyü onları müxtəlif zədələrdən qorumağa xidmət edir. İstirahət zonalarının birində idmanınla məşğul olanlar üçün müxtəlif qurğu və trenajorlar var.

İstirahət parkındakı üç göl və fəvvarə ətrafa xüsusi gözəllik bəxş edir. Ümumi sahəsi 220 kvadratmetr olan göllərin yaradılmasında müasir texnologiya və avadanlıqlardan istifadə edilib. Ən müasir kamera və qurğular, üstəlik həmin infraksturun bir mərkəzdən idarə olunması parkın müsafirlərinin təhlükəsizliyini etibarlı şəkildə qoruyur.

Bakı Konqres Mərkəzin qarşısındakı istirahət parkı asudə vaxtını xoş keçirmək istəyənlərin yolunu gözləyir...AZƏRTAC

DİGƏR XƏBƏRLƏR

Top