"Bizim ölkədə istisnasız olaraq hamını basıb evləndirməyə çalışırlar"

Təxminən 25 yaşdan sonra gənclərin demək olar hamısına ən çox verilən suallardan biri də "nə vaxt tərpənirsən?" olur. Hətta universitet məzunu olmuş, işləyən, işləməyən, maddi təminatının hansı səviyyədə olmasından asılı olmayaraq gənclərə bu sual verilir: "nə vaxt evlənirsən?".

Bütün bunlara baxmayaraq insanlar evlənmək haqda da müxtəlif fikirdə olurlar. Məsələn, kiminə görə, evlənmək üçün yaxşı iş-güc, imkan, kiminə görə ev, kiminə görə xarakterinə uyğun insan ən vacib şərtlərdəndi. Ümumiyyətlə isə evlənmək üçün nə lazımdır? Başlıca şeylər nələrdir? "Yeniavaz.com"un bu sualına qələm sahibləri belə cavab verdi.

Ləman Ələşrəfqızı (əməkdar jurnalist): "Konkret olaraq mütləq ev lazımdır. Çünki, ev rahatlıqdır, istilikdir, sevgidir. Ev olmayanda söz-söhbət olur, dedi-qodu olur və indiki gənclər bunlara dözə bilmir ayrılır. Mən özüm şəxsən 8 il kirayə evdə qalmışam. Ailə quran kimi kirayə evdə yaşamaq çətindir. Amma ailəmizdə bir dəfə də söz-söhbət olmayıb. Çünki, əvvəla sevib, ikincisi kamil yaşda ailə qurmuşam. Yəni, ailə quranda göz altına almışam çox şeyi. İndiki cavanlar isə əksəriyyəti belə deyil. Gənclərin çoxu dözümsüzdür, komfort istəyirlər, qınamıram, evsizlik adamı yorur. Ehtiyaclar çoxalanda məhəbbət də yoxa çıxır. Ona görə daxma olsun, amma olsun. Məncə evlənmək üçün qalan şeylər əhəmiyyətsizdir. Məsələn, ən əhəmiyyətsizi dəbdəbəli toydur. Hansı ki, borca-xərcə girib, bankdan pul götürüb toy çaldırırlar. Qıza verilən cehizlik, alınan zinət əşyaları haqqında da belə deyərdim. İmkanlı ailələr bunun dalınca qaçsın. İmkanı olmayan o şeylərə xərclədiyi pulu gənclərin gələcək rifahına yönəltsin, toy edib onları kirayə evlərə göndərməsinlər. Məncə evlənmək üçün əvvəla sevən ürək, bir də bu dediklərim lazımdır. Qalanı düzələcək".

Coşqun Eldaroğlu (jurnalist): "Mən sevgisiz evliliyi qəbul eləmirəm. İnsan sevdiyi adamlarla birlikdə yaşamalıdı. Ailə formatı üçün sosial balans da əhəmiyyətsiz şərt deyil, xüsusilə Azərbaycanda. Bizim ölkədə boşanmaların əksəri məhz bu balans olmadığına görə baş verir. Bir də adamlar ailənin məsuliyyətini, üzərinə düşən öhdəlikləri də anlamalıdı. Bizim ölkədə istisnasız olaraq hamını basıb evləndirməyə çalışırlar. Xeyli adam öz iradəsindən kənar, daha dəqiqi, valideynin iradəsi ilə evlənir".

Nazim Əkbərov (pedaqoq): "Evlənmək üçün ilk növbədə sevmək azdır, aşiq olmaq lazımdır. Təəccüblənməyin, sevgi başqa, eşq başqadır. Sevgi var, məhəbbət var, aşiq var. Sevgi əvəz istəyir: mən səni sevirəm, sən də məni sev. Mən sənin üçün bunu etdim, səndən də filanı gözləyirəm. Məhəbbətdə əvəz istəmək yoxdur. Məsələn, Allah (c.c.) Həzrəti Məhəmmədə (s.a.s.) “həbibim” deyir. Yəni mən səni çox dəyərləndirirəm, çox sevirəm, amma əvəzində də səndən heç nə istəmirəm. Eşqdə aşiq özü yoxdur, məşuqu vardır. Özü olmadığı üçün də özünü yada belə salmır. Məcnun əvvəlcə Leylini sevirdi, əvəzində ondan da sevgisinə cavab gözləyirdi. Sonra sevgisi məhəbbətə çevrildi. Daha ondan heç nə istəmədi, hətta onu məşuquna qovuşdurmaq istəyən Nofəlin ordusuna qarşı belə çıxır. Ən nəhayət, məhəbbəti eşqə çevrilir. O zaman artıq Leylisinə belə “Get, sən o Leyli deyilsən, ey pərizad!”-deyə bilir. Çünki o, əsil Leylisini tapmışdır. Evlənmək üçün aşiq olmaq lazımdır. Əks halda ailə mal-mülk davasına, sən-mən mübahisəsinə çevrilər, qurulmamış dağılıb gedər. Təmənnasız sevmək – heç olmazsa, sevgidən məhəbbətə keçə bilmək lazımdır. Evlənmək üçün çox şey lazımdır, amma binanın təməli eşq, ən az məhəbbət olmalıdır".

Fəxri Ağayev (Yazıçı, blogger, idmançı): "Hesab edirəm ki, ailə qurmadan öncə insan öz dəyərlərinin fərqində olmalıdır və bu ortaq dəyərləri paylaşan insanla ailə qurmalıdır. Çünki, hislərlə başlayan əlaqələr bir müddət sonra sadə və kiçik məişət problemlərinə görə dağıla bilir. Əsl səbəb isə bu problemlər deyil – fərqli dəyərlərdir. Bunu misal ilə göstərim. Oğlanın ailəsində dominant tərəf atadır – qərar verən, istiqamət göstərən, ailənin mövqeyini önə çəkən, qızın ailəsində isə ana. İlk baxışda kiçik görünən fərq əslində çox mürəkkəb problemlərlə nəticələnə bilər: oğlan ailəsində aparıcı qüvvənin kişi, qız isə xanımın olduğunu görüb. Və ailələrdən birində kompromisə getmə anlayışı da olmaması problemlərin katalizatoru olacaq".

Maarif Soltan (Şair): "Evlilik üçün o qədər şeylər lazımdır ki, 3-4 ömür yaşasan, onların heç yarısını əldə etmək, qazanmaq mümkün deyil bəlkə də. Bu baxımdan, əslində, gərək heç evlənməyəsən.

Birincisi əvvəla, həddi-büluğa çatmaq lazımdır. Bu tək yaş məsələsi deyil. Həddi-büluğa – yetkinlik yaşına çatmaq – həm də yetkinləşmək, evlilik həyatının məsuliyyətini dərk etmək, ona hazır olmaq, dünyanı anlamaq deməkdir. Təbii ki, bura təhsil almaq, peşə qazanmaq, dolanmaq üçün qazanc əldə etmək və bu kimi digər məsələlər də daxildir. Bu məqama , məlum məsələdir ki, çox insanlar ömürlərinin sonuna qədər də çata bilmir.

İkincisi insan özünə uyğun, özünə bab yarısını tapmalıdır. Ağacı, calaq edəndə, eyni fəsilədən olan tingi calaq edirlər, əks təqdirdə, calaq tutmur, bitişmir. İnsan da belədir. Qədim əsatirlərdə deyildiyi kimi, insan dünyaya gələndə yarımçıq gəlirsə, deməli, böyüdükcə ikinci yarısını, parasını tapıb qovuşmalıdır ki, bütöv insan əmələ gəlsin və bəhrə - övlad verə bilsin.

Üçüncüsü quş quşluğuyla, heyvan heyvanlığıyla özünə yuva qurmamış heç vaxt cütləşmir. Əslində, belə olmalıdır, məncə. Düzdür bütün bunları reallaşdırmaq çətin məsələlərdir, amma hər halda bu istiqamətdə çalışmaq lazımdır. “Evlənmək” – “ev” və “lənmək” sözlərindən yaranıb. İndi biz əksər hallarda evlənmirik, sadəcə, lənirik. Ya qismət, ev ya ola, ya olmaya. Yəni ailənin təməlini möhkəm qoya bilmək üçün bütün bunlar və bir çox digər şeylərin olması vacibdir. Vacibdir, amma olmayandan sonra neynəmək olar ki".

İlqar Atabəyli (jurnalist): "Evlənmək üçün ən əsası insan yetişməlidi, yəni, ailə həyatına hazır olmalıdı. Valideyn təkidi ilə, nəvə arzusunda olanların istəyi ilə çox gənc yaşda ailə qurulur. Kişi ailə saxlamağa psixoloji hazır olmalıdı, ailə məsuliyyətdi. İkincisi ev faktoru, iş faktorudur, bunlar hamısı ailənin möhkəmliyinə təsir edir. Maddi sıxıntı icində, kirayədə xoşbəxt olmaq asan deyil".

Nəsimi Nəbizadə (əməkdar jurnalist): "Sözün bütün mənalarında hər şeyə hazır olmaq. Mən subayam, keçəl əlac bilsə öz başına yaxar".

Nail Zeynalov (jurnalist): "Evlənmək üçün dəli olmaq lazımdı".

DİGƏR XƏBƏRLƏR

Top