Banka digər borcu məhkəmə əsasında hissə-hissə ödəmək olarmı?

Tez-tez verilən suallardan biri budur ki, borcun ödənilməsi haqda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ola-ola onu hissə-hissə ödəmək olarmı? "Yeniavaz.com" xəbər verir ki, bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov mövzuya aydınlıq gətirib. Əkrəm Həsənov bildirib ki, bəli, olar, amma bunun üçün məhkəməyə müraciət etmək lazımdır: " Məsələn, bu yaxınlarda "Antikollektor" MMC-ə bir pensiyaçı müraciət etmişdi. Məhkəmə əmri ilə banklardan birinə krediti ödəməli idi. Məlum olduğu kimi, belə hallarda icra məmurları borclunun başını yeməyə başlayır ki, gəl tam bağla, yoxsa həbs edərəm, əmlakını alaram və s. Vətəndaşın pensiyası yüksək olsa da, başqa bank qarşısında da borcu olduğu üçün ayda cəmi 150-200 manat ödəyə bilərdi. Buna görə də köməyimizlə məhkəməyə müraciət etdi və Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə hər ay 200 manatın ödənilməsi haqqında qərardad qəbul etdi. Hakim bu zaman Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsini rəhbər tutub. Həmin maddədə deyilir: "İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır". Deməli, əgər vətəndaşın əmlak vəziyyəti borcu hissə-hissə ödəməyə imkan verirsə, bunu (konkret məbləği göstərməklə) xahiş edə bilər. Heç nə ödəyə bilmirsə isə, möhlət verilməsini xahiş edə bilər".

DİGƏR XƏBƏRLƏR

Top