100 min dollarlıq brilyant sərhəddən Azərbaycana necə keçirilib?

Dünən Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Yeniavaz.com" saytı virtualaz.org-a istinadən məhkəmə zalından baş verənləri diqqətə çatdırır.

Aslan Cahangirov brilyantları ilk dəfə gördüyü adama etibar edib?

İclas zərərçəkmiş Aslan Cahangirovun sabiq MTN əməkdaşlarına qarşı iddiası üzrə ifadəsi ilə başladı.

A.Cahangirov bildirdi ki, 2014-cü ilə qədər qızıl alveri ilə məşğul olub və Dubaydan gətirdiyi külçə qızılları Bakıda zərgərlik fəaliyyəti ilə məşğul olan şəxslərə satıb. Lakin 2014-cü ildə zərərçəkmiş qızıldan savayı, Bakıya BƏƏ-dən brilyant gətirmək fikrinə düşüb.

Aslan Cahangirov ifadəsində qeyd etdi ki, 2014-cü ilin mart ayında Dubaya yollanıb və orada, həmişə olduğu kimi, Bakıya gətirmək üçün 1 kiloqram qızıl alıb. Lakin 100 min dollarlıq brilyant da sifariş edib ki, həmin qiymətli daşları götürməyə Dubayda vaxtı çatmayıb. Bakıya təyyarə reysi günorta vaxtı olduğu üçün Dubayda tanış olduğu digər zərərçəkmiş Elxan Hüseynovdan xahiş edib ki, brilyantları axşam Dubaydakı “Gold Center”dən götürsün və gecə uçacağı reyslə Bakıya gətirərək ona təhvil versin. Maraqlıdır ki, zərərçəkmiş ifadəsində E.Hüseynovun brilyantları Bakıya qeyri-qanuni yollarla gətirəcəyindən xəbərdar olduğunu da sözlərinə əlavə edib.

50 min manatlıq azadlıq

Həmin gecə Aslan Cahangorova telefon zəngi daxil olur və ona bildirilir ki, təcili şəkildə MTN-ə gəlsin. Zərərçəkmişin sözlərinə görə, tanımadığı nömrədən daxil olan zəngdə Elxan Hüseynov MTN əməkdaşları tərəfindən yaxalandığını deyib və telefonu götürən MTN polkovnik-leytenantı Füzuli Əliyev onu nazirliyə çağırıb.

Gecə saat 00:15-də MTN-ə gələn Aslan Cahangirov orada Dubayda tanış olduğu Elxan Hüseynovla rastlaşdığını deyib. Məlum olub ki, qeyri-qanuni yollarla Bakıya keçirilməsi cəhd edilən brilyantlar müsadirə edilib. Təqsirləndirilənlər Füzuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədov zərərçəkmişin izahatını aldıqdan sonra 200 min manat gətirməsini tələb ediblər ki, həbsdən canını qurtarsın. Uzun söhbətdən sonra Füzuli Əliyev “generalla məsləhətləşdiyini” və qiyməti 50 min manata saldığını deyib.

Həmin gecəni MTN-də keçirmiş Aslan Cahangirov qardaşına zəng etdiyini və ertəsi günün günorta saatlarında qardaşının 50 min manat gətirdikdən sonra sərbəst buraxıldıqlarını bildirib.

Zərərçəkmiş ifadəsini niyə dəyişdi?

Təqsirləndirilən və iddia ərizəsində adı çəkilən general Sübahir Qurbanovun vəkili Adil İsmayılov zərərçəkmişə xeyli sualla müraciət etdi. Vəkili maraqlandıran xüsuslardan birincisi o idi ki, nəyə görə Aslan Cahangirov 100 min dollarlıq brilyantı tanımadığı adama etibar edib və onu hava limanında qarşılamayıb.

Buna cavab olaraq A.Cahangirov bildirdi ki, hava limanında Elxan Hüseynovu qarşılamağa ehtiyac yox idi, çünki o, brilyantları gömrükdəki “monopolistlər”ə təhvil verəcəkdi, ertəsi gün isə zərərçəkmiş özü qiymətli daşları təhvil götürəcəkdi (“monopoliya” söhbətinə az sonra qayıdacağıq – virtualaz.org).

Vəkil zərərçəkmişin nəzərinə çatdırdı ki, o, yalan danışır. Bunun sübutu kimi Adil İsmayılov qeyd etdi ki, telefon danışıqlarının açıqlamalarına görə, hələ 2014-cü ilin fevral ayında, yəni Dubaya səfərə 1 ay qalmış zərərçəkmiş Aslan Cahangirovla digər zərərçəkmiş Elxan Hüseynov arasında dəfələrlə telefon danışığı baş tutub və bu, cinayət işinin materiallarından açıq-aydın görünür. Başqa sözlə, Aslan Cahangirov Elxan Hüseynovla Dubayda tanış olmayıb və onu əvvəlcədən tanıyırmış.

Vəziyyəti belə görən zərərçəkmiş ifadəsini dəyişdi və hər şeyi “olduğu kimi” danışacağını bildirdi.

“Ona dedim ki, Dubaya yolpulu mənlikdir”

Aslan Cahangirov “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında yerləşən “Laçın” ticarət mərkəzində qızıl alveri ilə məşğul olduğunu, maşını olmadığına görə hər yerə taksi sürücüsü olan Elxan Hüseynovla gedib gəldiyini bildirib.

Zərərçəkmişin sözlərinə görə, Elxan Hüseynov da tez-tez Dubaya gedir, lakin televizor, telefon və digər məişət texnikası gətirirmiş. Günlərin birində A.Cahangirov taksi sürücüsünə birlikdə Dubaya getməyi və oradan brilyant gətirməyi təklif edir, yolpulunu özünün verəcəyini deyir.

Vəkillərin “bəs niyə brilyantları özünüz gətirmirdiniz?” sualına cavab olaraq zərərçəkmiş deyib ki, gömrük işçiləri onu qızıl alverçisi kimi tanıyıblar, buna görə də, birdən-birə bu qədər brilyantı özü ilə gətirməyə risk etməyib.

Bu arada vəkil Adil İsmayılov “mən sübut edəcəyəm ki, taksi sürücüsü bunun kuryeri idi” replikasını atdı və həmin replika cavabsız qaldı.

Çıxışının sonunda zərərçəkmiş Aslan Cahangirov 50 min manat və müsadirə edilmiş brilyantların əvəzinə 100 min dolların təqsirləndirilənlərin hesabına qaytarılmasını tələb etdi.

Taksi sürücüsü, yoxsa kuryer?

Epizod üzrə digər zərərçəkmiş Elxan Hüseynov məhkəmədə verdiyi ifadəsində bildirdi ki, uzun illərdir “Laçın” ticarət mərkəzinin qarşısında taksi xidməti göstərir və zərərçəkmiş Aslan Cahangirov onun daimi müştərilərindəndir. E.Hüseynovun sözlərinə görə, bundan əlavə, o, bir neçə dəfə Dubaya gedib və oradan məişət texnikası gəıtirərək, elə həmin ticarət mərkəzində satdırıb.

Aslan Cahangirovun pulsuz Dubaya gedərək, mal gətirmək təklifi ilə razılaşdığını deyən zərərçəkmiş bildirib ki, BƏƏ-də ona təhvil verilən brilyantlar 7-8 kiçik ölçülü və ağzı bağlanan sellofan paketlərdə olub.

“Onları bir-birinə skotçla bağlayıb bərk sıxdım ki, daha az həcmli olsunlar və kəmərimin altında gizlətdim. Bakıya gələrkən gömrükdən çox rahat keçdim, heç kim mənə bir söz demədi. Küçəyə çıxıb avtomobil dayanacağında saxladığım maşınıma doğru gedirdim ki, 7-8 nəfərin mənə tərəf gəldiyini gördüm. Onlar məni saxladılar. Füzuli Əliyev özünü təqdim etdi və MTN-ə gedəcəyimizi bildirdi”, - zərərçəkmiş deyib.

MTN-ə məxsus xidməti avtomobildə Füzuli Əliyev zərərçəkmişə deyib: “Bayaqdan Aslan sənə zəng edir, telefonu niyə götürmürsən?” Bu vaxt zərərçəkmiş anlayıb ki, onların telefon danışıqları dinlənilirmiş.

Sonradan məlum oldu ki, MTN hələ fevral ayından Aslan Cahangirovla Elxan Hüseynovun telefonları dinləməyə başlayıb.

Füzuli Əliyev öz telefonu ilə Aslan Cahangirovun nömrəsini yığıb və Elxan Hüseynova deyib ki, dostuna MTN-ə gəlməyin lazım olduğunu desin. Zərərçəkmişin sözlərinə görə, MTN-də bir gecə qalıb və Aslan Cahangirovun qardaşı 50 min manatı ödədikdən sonra sərbəst buraxılıb. Elxan Hüseynov onu da əlavə etdi ki, MTN-də onun mallarına dəyməyiblər və Dubaydan gətirdiyi məişət texnikası özünə qaytarılıb.

Stress və 3 il sonrakı əməliyyat

Vəkillərdən birinin Elxan Hüseynova ünvanladığı “Siz nəyə görə özünüzü zərərçəkmiş hesab edirsiniz? Hansı zərəri görmüsünüz?” sualına o belə cavab verdi: “3-4 ay əvvəl ürəyimdən əməliyyat olunmuşam, 4500 manat xərcim çıxıb. Güclü stress keçirmişdim, hamısı onun nəticəsidir”.

Xatırladaq ki, MTN-lə bağlı hadisə 2014-cü ilin mart ayında baş verib.

Hakimin sualı və gözlənilməz cavab

Zərərçəkmişin ifadəsinin sonunda prosesə sədrlik edən hakim Həbib Həsənov üzünü Elxan Hüseynova tutaraq soruşdu:

“Ay kişi, hamımız gözəl bilirik ki, hava limanında vəzifəsindən və kimliyindən asılı olmayaraq, yoxlamadan keçərkən hamı kəmərini çıxarır. Sən 100 min dollarlıq brilyantı kəmərində keçirdiyini deyirsən. Bu, mümkün deyil axı. De görək, onu necə keçirmisən sərhəddən?”

Zərərçəkmiş bu sualdan bir az tutularaq “Kəmərimdə olmasa da, brilyantlar üstümdə idi” cavabını verdi.

“Yaxşı, bəs haranda idi?” dəqiqləşdirici sualının cavabı isə məhkəmə zalındakıları heyrətləndirdi və gülüşə səbəb oldu. Zərərçəkmiş etiraf etdi ki, MTN-də brilyantları bədənindən çıxarmaq üçün ayaqyoluna gedib.

İstanbuldan qızıl gətirən qardaş və 50 min manat

Şahid qismində ifadə verən Elçin Cahangirov bildirdi ki, o, zərərçəkmiş Aslan Cahangirovun qardaşıdır və MTN-in zərərçəkmişi saxladığı gecə qızıl almaq üçün getdiyi İstanbulda imiş.

“Qardaşım mənə zəng edən vaxt İstanbulda təyyarəyə minirdim. Türkiyəyə qızıl alıb gətirməyə getmişdim. Səhər saat 7-də Bakıya çatdım və bir neçə saatdan sonra MTN-də idim. Mənə dedilər ki, 50 min manat gətirməsəm, qardaşımı həbs edəcəklər. Ordan-burdan, dost-tanışdan lazım olan məbləği toplayıb günorta MTN-ə qayıtdım”, - şahid deyib.

MTN-in qarşısında Elçin Cahangirovu təqsirləndirilənlər Zaur Məmmədov və Natiq Alıyev qarşılayıblar və yaxınlıqdakı “Sultan” kafesinə aparıblar. Orada təqsirləndirilən Füzuli Əliyev nahar edirmiş. Elə kafenin kabinetində şahid 50 min manat pulu Füzuli Əliyevə verib və qardaşını həbsdən qurtarıb.

Vəkillərin inadla 50 min manat pulu kimlərdən aldığını soruşmalarına baxmayaraq, şahid onları xatırlamadığını dedi.

Vəkil Adil İsmayılovun replikası yadda qaldı: “Ömrünüzdə ilk dəfə gördüyünüz MTN işçilərini adbaad xatırladığınız halda, necə olur ki, pul aldığınız dostlarınızı xatırlamırsınız?”

Daha bir brilyant məsələsi və müəmmalı fiqurlar

Daha sonra məhkəmə zərərçəkmiş Şahin Məmmədovun iddiası üzrə epizodla davam etdirildi. Məhkəmənin vaxtı yalnız zərərçəkmişin ifadəsini almağa çatdı.

Ş.Məmmədov bildirdi ki, 2014-cü ildə Nardarandan Zabrata gəldiyi vaxt şəriki Ramin Babayevlə birlikdə saxlanılıb və onların üstündəki 20 min manatlıq brilyant götürülüb. MTN-də Füzuli Əliyev zərərçəkmişdən 30 min manat pulun ödənilməsini, əks təqdirdə, həbs olunacağını deyib.

Zərərçəkmiş onu da bildirdi ki, təzyiqlər altında MTN-də izahat yazsa da, şəriki Ramin Babayev izahat yazmaqdan imtina edib və buna görə də, Zaur Məmmədov və Natiq Alıyev tərəfindən döyülüb.

Maraqlıdır ki, ölkəyə naməlum yolla gətirilmiş brilyantları zərərçəkmiş Emin və İlqar adlı şəxslərdən aldığını bildirsə də, həmin şəxsləri müəyyənləşdirmək və cinayət işinə şahid qismində cəlb etmək mümkün olmayıb. Vəkillərin bildirdiyinə görə, bu adamlar ümumiyyətlə yoxdur və zərərçəkmişə onları tapmağı təklif etdilər.

Qızıl və brilyantların Azərbaycana gətirilməsi qaydasından danışan zərərçəkmiş Şahin Məmmədov da Fuad Əzizovun rəhbərlik etdiyi “monopolistlər”dən danışıb. Bu yerdə həmin “təşkilat” barədə zərərçəkmişlərin dediklərindən maraqlı təfərrüatları diqqətinizə çatdırırıq.

“Monopolistlər” kimdir?

Qızıl və qiymətli daş alveri ilə məşğul olan zərərçəkmişlərin sözlərinə görə, xarici ölkələrdən Bakıya hava limanı vasitəsilə gətirilən qızıl-zinət əşyaları, külçələr və qiymətli daşlar Bakı hava limanında gömrük postunun yaxınlığında duran “kostyumlu” adamlara təhvil verilir.

“Monopolistlər” qızılı çəkdikdən sonra qəbz verir və həmin qəbzlə qızıl alverçiləri ertəsi gün “Xətai” metro stansiyasının yaxınlığında yerləşən ofisə gedirlər. Burada onlar qızılın və brilyantların məbləğinin 12%-i həcmində “vergi” ödəyərək, mallarını təhvil alırlar və bu zaman heç bir sənədləşmə işi aparılmır.

Qeyd edək ki, qanunvericiliyə əsasən, qızıl-zinət əşyaları və qiymətli daşlar ölkəyə gətirilərkən 36% həcmində rüsum ödənilməlidir.

Yeri gəlmişkən, məhkəmədə vəkillər vəsatət qaldıraraq, prokurordan və hakimdən bu “monopolistlər” işinin araşdırılmasını və dövlət büdcəsinə dəyən külli miqdarda zərərin qarşısının alınmasını tələb etdilər.

Zərərçəkmişlərin sözlərinə görə, “monopolistlər” yaxın illərə qədər fəaliyyət göstərsələr də, hazırda bu “təşkilat” yoxdur.

Təqsirləndirilən Zaur Məmmədovun vəsatəti

Təqsirləndirilən Zaur Məmmədov çıxış edərək, onun istintaqa şahid qismində verdiyi ifadənin müstəntiq Orxan Babayev tərəfindən saxtalaşdırıldığını və ifadəyə əlavə vərəq daxil edildiyini bildirdi:

“Əgər diqqət yetirsəniz, görərsiniz ki, ifadənin son iki vərəqindəki imza mənim deyil və saxtalaşdırılıb. Məhz həmin iki vərəqdə vermədiyim ifadələr əksini tapıb və məni bu ittihamlarla həbs ediblər”, - təqsirləndirilən deyib.

Onun vəsatətinə növbəti məhkəmə iclasında baxılacaq.

Vəkillərdən şok təklif: zərərçəkmişlərin barəsində cinayət işi qaldırılsın

İclasın sonunda çıxış edərək, təqsirləndirilənlərin vəkilləri bilıdirdilər ki, bugünkü prosesdə zərərçəkmişlər birbaşa olaraq qaçaqmalçılıqla məşğul olduqlarını etiraf ediblər və onlara qarşı cinayət işi başlanmalıdır.

Vəkillərdən biri bir qədər də uzağa gedərək ehtimal etdiyini deyib ki, məhz bu cinayətlərini ört-basdır etmək üçün zərərçəkmişlər təqsirləndirilənlərin üzünə dururlar.

Məhkəmə kollegiyası bu vəsatəti müzakirə edərək, onu baxılmamış saxladı.

Məhkəmənin növbəti iclası çərşənbə axşamı, aprelin 4-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top