Unudulmaqda olan qobelendən danışacaqlar

Aprelin 8-də Azərbaycan Xalça Muzeyində qobelen və batika sənəti üzrə rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Sonaxanım Nağıyevanın "Qobelen sənəti" mövzusunda mühazirəsi dinləniləcək. Bu barədə saytımıza muzeyin əməkdaşı İlahə Məmmədova məlumat verib. Onun sözlərinə görə, mühazirədə qobelen sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və müasir dövrdə əhəmiyyətindən bəhs ediləcək.

İlahə xanım qeyd edib ki, qobelen xovsuz xalça növü olub, hazırda dekorativ sənət kimi tanınmaqdadır. Onu adi xalıdan fərqləndirən əsas cəhət isə qobelen üzərində insan duyğularının, hisslərinin cəmləşdiyi süjetli kompozisiyanın məna və məzmunla ipə-sapa köçürülməsidir. Daha doğrusu, o, əllə toxunmuş şəkilli divar xalçasıdır. Başqa sözlə desək: xalça, palaz, şəddə və s. hamısı ayrı-ayrı texnologiyalarla toxunur. Qobelendə isə bunların hamısı birləşir. Burada rəssamdan böyük məharət tələb olunur ki, istədiyi kompozisiyanı bu və ya digər texnologiya ilə yarada bilsin. Tanınmış bir rəssamın sözləri ilə desəm, qobelenin özünəməxsusluğu ondadır ki, bir var rəngi kətanın üzərinə yaxırsan, bir də var həmin rəngi yun saplar vasitəsilə yerinə qoyursan. Amma etiraf etmək lazımdır ki, xalq tətbiqi sənətinin hazırda unudulmaqda olan növlərindən olan qobelen yalnız şəxsi sifarişlər hesabına yaşamaqdadır. Bu mənada o, unudulmaq təhlükəsi altındadır. Ona görə də muzeyimiz tərəfindən də belə tədbirlər təşkil olunur və bu sənətin incəlikləri sənətsevərlərə çatdırılır. Yeri gəlmişkən onu da deyim ki, ölkəmizdə qobelen üzrə tanınmış rəssamların - Fəxrəddin Əlinin, Adil Şıxəliyevin, Həsən Yusifovun, Faiq İbrahimovun maraqlı işləri var".

İlahə xanım həmçinin vurğulayıb ki, bu sənəti XII əsrdə ərəblər inkişaf etdirib və tədricən bir çox Şərq ölkələrinə yayılıb. Lakin Şərqin digər mədəniyyət nümunələri kimi, bu sənəti də sonrakı dövrlərdə avropalılar mənimsəyərək öz adlarına çıxarmağa çalışıblar.

DİGƏR XƏBƏRLƏR

Top