"Biz bilmirik kim yandırıb, amma bu, cinayətdir" - Aysel Əlizadə

Xəbər verdiyimiz kimi, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının evində yanğın olub. Hadisə Nizami rayonunda 8-ci kilometr qəsəbəsində, Elşən İsmayılov küçəsində baş verib. Həmin ünvanda məcburi köçkünlər vaqon-evlərdə yaşayır, yanğın hadisəsi vaqonların yanındakı artırmada baş verib. Bildirdiyinə görə, 1993-cü ildən Ermənistan-Azərbaycan müharibəsi zamanı işğal olunmuş Füzuli rayonundan qaçqın düşdüyü zamandan bəri ailəsi ilə birlikdə yaşamağa məcbur qaldığı gecəqondu naməlum şəxslər tərəfindən yandırılıb.

"Yeniavaz.com" xəbər verir ki, Ramin Hacılının həyat yoldaşı, tanınmış şairə Aysel Əlizadə də mövzuya münasibət bildirib. A. Əlizadə jurnalistlərdən bu xəbəri tirajlayıb dəstək olmalarını xahiş edib: "Biz bilmirik kim yandırıb. Amma bu, cinayətdir. O evdə qorunan əşyalar vardı, sənədlər vardı. Raminin nənəsinin əli ilə toxuduğu üstünə oğlunun adını yazdığı qızıldan qiymətli yadigar xalçası vardı. Daxma da olsa insanlar qaçqın düşüb o evdə illərlə yaşamışdılar, ora qeydiyyatdadılar, Ramin orda böyüyüb, orda oxuyub universitetə qəbul olub, gənclər hərəkatı, intellektual ocaqlar, birliklər yaradıb".

Aysel Əlizadə İcra Hakimiyyəti rəsmilərini də ittiham edib: "Torpağı satan icra hakimiyyəti insanla bir görüşüb razılığını almazmı? Bəlkə içəridə kimsə olardı? Bəlkə yanğın ətrafa yayılardı? Necə böyük rəzalətdir".

DİGƏR XƏBƏRLƏR

Top