Üzeyir bəy və Səməd Vurğun

Üzeyir bəy Hacıbəyli ilə Səməd Vurğun arasında 21 il yaş fərqi olsa da, onları ümumi bir amal birləşdirirdi. Hər iki sənətkar ruhən bir-birinə çox yaxın idilər.

Hələ uşaqlıq illərində Qazax Müəllimlər Seminariyasında təhsil alarkən Ü. Hacıbəylinin "Əsli və Kərəm" operasında və "Arşın mal alan" operettasında məharətlə oynayan Səməd Vəkilov sonralar Bakıda dahi bəstəkarla həm dostluq etmiş, həm də yaradıcılıq ünsiyyətində olmuşdur. Üzeyir bəy gənc şairə daim ata qayğısı göstərmiş, S. Vurğun isə böyük ustada övlad münasibətində bulunmuşdur.

Unudulmaz şairin qızı Aybəniz Vəkilova özünün uşaqlıq illərini xatırlayarkən danışırdı:" Yusif, mən və Vaqif hələ kiçik idik. Bir gün Yessentukidə atam bizi Üzeyir bəy Hacıbəylinin görüşünə apardı. Bizə də bərk-bərk tapşırdı ki, yaxınlaşıb Üzeyir bəyin əlini öpərsiniz. Sevimli sənətkarımız kresloda əyləşmişdi. Biz atamın dediyi kimi bir-bir dahi bəstəkarın əlini öpdük. Vaqif lap balaca olduğu üçün o, Üzeyir bəyin əlini öpəndə ölməz ustadımız onun başına sığal çəkdi. İndi, söz düşəndə Vaqifə deyirəm ki, Üzeyir bəy başına sığal çəkməklə sənə musiqi istedadı bəxş etdi. Görüş zamanı bizi heyrətləndirən bir məqam hələ də yadımızdadır. Atam o vaxtlar artıq tanınmış bir şair idi. Amma bütün söhbət boyu Üzeyir bəyin hüzurunda o, ayaq üstə dayandı, oturmadı. Bu dahi sənətkara olan misilsiz hörmət və ehtiram əlaməti idi".

"Vətən ordusu" ilə qarşıladılar"

Böyük şəxsiyyət, gözəl, qayğıkeş insan Üzeyir bəy Hacıbəyli yaradıcı gənclərin fəaliyyəti ilə çox maraqlanırdı. Səməd Vurğunun istedadına isə xüsusi rəğbəti vardı. Həm də şairdə olan milli qeyrət, böyük vətənpərvərlik, xeyirxahlıq hissi Üzeyir bəyin diqqətini xüsusi cəlb edirdi. Onlar bir-birini çox yaxşı anlayır, duyur və daim əməkdaşlıq edirdilər. S. Vurğun bəzən yeni şeir yazan kimi ana dilimizin mahir bilicisi Ü. Hacıbəyliyə oxuyardı. O, da əksər hallarda şeirdən ilhamlanaraq ona musiqi bəstələyərdi.

Üzeyir bəy Hacıbəylinin baldızı oğlu və uzun illər dahi sənətkarın şəxsi katibi olmuş Ramazan Xəlilov xatirələrində yazır: "İkinci Dünya müharibəsi illərində Səməd Vurğun gecə yarı Üzeyir bəyin mənzilinə zəng çaldı və sonra indicə yaratdığı şeiri bəstəkara oxumağa başladı. Şeir Üzeyir bəyin xoşuna gəldi.

- Deynən, yazım, - deyə şairdən rica etdi.

Üzeyir bəy o dəqiqə geyindi, royal arxasında əyləşdi, bir melodiya çalıb zümzümə etməyə başladı. Bir saat yarımdan sonra Səmədə zəng vurdu:

- Bilirsən, ölçü nə isə düz gəlmir...

Görünür o, da yatmayıbmış, zəngi gözləyirmiş, axı Üzeyir bəyə yaxşı bələd idi:

-İndi gəlirəm...

Qaranlığa qərq olmuş şəhərin küçələri ilə yolda onu saxlayan patrulları dilə tutaraq Səməd Üzeyir bəygilə gəldi. Açılan səhəri məsləkdaşlar yeni mahnı ilə "Vətən ordusu" mahnısı ilə qarşıladılar".

Qorxub çəkinmərik ölümdən, qandan,

Çıxdıq illər boyu çox imtahandan.

Bombalar yağsa da hər gün, hər yandan,

Dağlara səs salır hücum borusu,

Haydı, marş irəli Vətən ordusu.

İkinci Dünya müharibəsi illərində musiqimizin və poeziyamızın təəssübkeşləri qələbə naminə var qüvvələri ilə çalışırdılar.

Ü. Hacıbəyli müharibə illərində hərbi - hamilik işlərinə rəhbərlik edirdi. Onun sədrliyi ilə xüsusi komissiya fəaliyyətə başlamış, hərbi-hamilik işləri üzrə briqadalar təşkil edilmiş, qərargah yaradılmışdı.

Komissiyanın göstərişi ilə hər yerdə şən, vətənpərvərlik və səfərbəredici əhval-ruhiyyə yaradan musiqilər səsləndirilir, xalqımızı, döyüşçülərimizi qəhrəmanlığa, qələbəyə sövq edirdilər.

İkinci Dünya müharibəsinin ilk günlərindən Ü. Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi bütün bəstəkarları vətənpərvərlik ruhlu əsərlər yazmağa çağırırdı. Özü də bu səpkidə çoxlu əsərlər yazmışdır. O, həm də Yazıçılar İttifaqına, şəxsən onun rəhbəri Səməd Vurğuna müraciət edərək, müdafiə mövzusunda mübariz mahnılar yaratmaq üçün mətnlər yazılmasını tövsiyə edirdi. Hətta Azərbaycan yazıçılarından Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli, Zeynal Xəlil, Nigar Rəfibəyli, Əhməd Cəmil və başqalarının iştirak etdiyi, 14 sentyabr 1942-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən "Vətən müharibəsi dövründə Azərbaycan ədəbiyyatı" adlı ədəbi-bədii gecədə giriş sözünü böyük bəstəkarımız Üzeyir bəy Hacıbəyli söyləmişdir.

Müharibədən əvvəl də, müharibə başladıqdan sonra da Ü. Hacıbəyli tez-tez hərbi hissələrdə olur, əsgərlərlə, döyüşçülərlə görüşür, onların vəziyyəti, güzaranı ilə maraqlanırdı. Bəzən də hərbçilərlə görüşlərə elə Səməd Vurğunla birgə gedərdilər. Müharibə dövründə bu iki sənətkar müştərək yaradıcılığa əsasən bir neçə əsər ərsəyə gətirmişdilər. "Vətən Ordusu", "Ey Vətən", "Döyüşçülər marşı", "Zəfər himni", "Şəfqət bacısı", Azərbaycan Respublikasının himni müharibə illərinin məhsullarıdır.

"Şəfqət bacısı"nın tarixçəsi

"Şəfqət bacısı" mahnısının yaranma tarixi çox maraqlıdır. İkinci Dünya müharibəsi başladıqdan üç gün sonra Azərbaycan Dövlət Konservatoriyasının yeni istifadəyə verilmiş binası hospitala çevrildi. Olduqca xeyirxah, qayğıkeş, xalqını, vətənini sevən Üzeyir bəy Hacıbəyli tez-tez bu hospitala gedər, oradakı yaralı əsgərlərə baş çəkərdi. Hər dəfə də gedəndə onlara ərzaq, pal-paltar və s. aparardı.

1941-ci il idi. Artıq cəbhədə ölüm-dirim müharibəsi gedirdi. Belə bir vaxtda döyüşlərdə yaralanan əsgərləri bu hospitala gətirirdilər. Üzeyir bəy də oraya gedərək yaralılarla görüşür, onlara maddi və mənəvi yardım göstərirdi. Belə görüşlərin birində, döyüşdə ağır yaralanmış leytenant Əsgərov, azərbaycanlı bir tibb bacısının şücaətindən qürurla söhbət açaraq demişdir ki, cəbhədəki döyüşlərin birində mən çiynimdən və ayağımdan ağır yaralanmışdım. Vəziyyətim ağır idi. Bu zaman tibb bacısı özünü yetirərək məni çiyninə alıb, sürünə-sürünə odun-alovun içindən çıxardı. Mən sağ qalmağım üçün 19 yaşlı şəfqət bacısına borcluyam.

Bu görüşdən çox mütəəssir olan Üzeyir bəy evə gələn kimi S. Vurğuna zəng çalır, əhvalatı ona söyləyir və bildirir ki, şəfqət bacısı haqqında mahnı bəstələmək niyyətindədir. Sözlərini isə yazmağı Səməd Vurğuna həvalə edir. Şair məmnuniyyətlə razılıq verir, səhəri günü hazır mətnlə bəstəkarın yanına gəlir. İki gündən sonra isə məşhur "Şəfqət bacısı" mahnısı hazır olaraq ön cəbhəyə göndərilir.

Gəl ana yurdumun qızı, gəlini,

İndi namus vaxtı, qeyrət dəmidir,

Sən də əsirgəmə kömək əlini,

Hər sözün, söhbətin can məlhəmidir.

Adın şərəflidir sənin ey qadın,

Dahilər anası çağırılır adın.

Bu mahnını ilk dəfə azərbaycanlılardan ibarət 416-cı atıcı diviziyasında xidmət edən Rəşidə Qasımzadə digər tibb bacıları ilə birlikdə ifa etmişdi.

"O, insan həyatını romantik və filosof şair kimi təsvir edir"

Ölkəmizdə elə bir tədbir olmazdı ki, Üzeyir bəy Hacıbəyli və Səməd Vurğun orada iştirak etməmiş olsunlar. Müharibənin qızğın çağında, 7 sentyabr 1942-ci ildə Azərbaycan hökumətinin göstərişi ilə Bakıda Muğam və xalq mahnılarının ifası məsələlərindən bəhs edən müşavirə çağırılmışdır. Müşavirədə bəstəkarlar, şairlər, xanəndələr, ifaçılar, o cümlədən Cabbar Qaryağdıoğlu, Hüseynqulu Sarabski, Niyazi, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Səməd Vurğun, M. S. Ordubadi və başqaları iştirak etmişdilər. Müşavirə İncəsənət İşləri idarəsinin rəisi Mirzə İbrahimovun sədrliyi ilə keçmişdir. Əsas məruzəçi isə Üzeyir bəy Hacıbəyli olmuşdur. Məruzədə böyük bəstəkar muğamlara seçilən sözlər, xanəndə və sazəndə dəstələri tərəfindən xalq mahnılarının oxunması, ifaçının səhnə bacarığı və s. məsələlərdən bəhs etmişdir.

Ustad sənətkar mahnı mətnlərinin seçilməsinə, ümumiyyətlə, dilimizin saflığına həmişə xüsusi diqqət yetirmiş, qələm sahiblərinə də dilimizə hörmətlə yanaşmağı tövsiyə etmişdir. Bu barədə akademik Məmməd Arif Dadaşzadə yazırdı: "Bir dəfə Süleyman Rəhimovun dilini tənqid etmişdim. Məqalə çıxandan sonra mənə dedilər ki, Üzeyir bəy səni axtarır, ona zəng elə. Mən bir qədər təşvişə düşdüm. "Görəsən, Üzeyir bəy məni nə üçün axtarır? " - deyə düşündüm. Zəng vurdum, dedi ki, Arif, bir mənim yanıma gələrsən. Getdim, içəri girəndə gördüm ki, mənim məqaləm onun stolunun üstündədir. S. Rəhimovun dilindən gətirdiyim sözlərin altından qırmızı qələmlə xətt çəkmişdi.

Salamlaşdıq, oturdum. Dedi ki, məqalən pis deyil, xoşuma gəldi. Amma Süleyman Rəhimovun dilindən gətirdiyin sözlərlə səninlə razılaşmaq çətindir. Əgər sən Bakıda və onun ətraf kəndlərində az işlənən, lakin rayonların bir çoxu üçün xarakterik olan bu sözlərin əleyhinə gedirsənsə, bununla da ədəbi dilimizi yoxsullaşdırmırsanmı? Bəs az işlənən və işlənməyən bu sözləri yazıçılarımız bədii əsərlərdə işlətməsələr, necə olar? Mən razılaşdım və səhvimi başa düşdüm".

Bu baxımdan Səməd Vurğunun dili haqqında onun "Fərhad və Şirin" əsərinin Stalin mükafatına təqdim edilməsi münasibətilə 19 fevral 1942-ci ildə ədəbiyyat və incəsənət sahəsində Stalin mükafatı komitəsinin iclasında Ü. Hacıbəylinin söylədiyi nitq də çox maraqlıdır. Üzeyir bəy çıxışında demişdir: "Səməd Vurğun - müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biridir. Burada mən deyərdim ki, nəinki parlaq nümayəndələrindən biri, hətta ən istedadlı nümayəndəsidir. Azərbaycan dilinin nümunələrini Azərbaycan ədəbiyyatı xəzinəsinə daxil edərək o, Azərbaycan xalqının həyatının bütün sahələrini müxtəlif yollarla əks etdirməyi bacarmışdır. Şairin şeirləri ana vətənə dərin hisslərlə hədsiz məhəbbətlə doludur. O, şeir sənətinə mükəmməl yiyələnmişdir. Dramaturgiya yoluna isə o, üç dramla daxil olmuşdur. Bir dramaturq kimi Səməd Vurğunun əsas cəhəti odur ki, onun əsərlərində real xarakterlər verilir və lirik şairin dərin psixologizmi hiss olunur.

Bir dramaturq olaraq onun yaradıcılığının ikinci əsas tərəfi odur ki, o, insan həyatını romantik və filosof şair kimi təsvir edir. Hazırkı "Fərhad və Şirin" əsəri bizim ədəbiyyatımızda və teatrda böyük əhəmiyyət kəsb edən hadisədir. O, Nizami haqqında yazır və onu müasirləşdirərək, sözün əsl mənasında, çağdaş vətənpərvərlik dramı yaratmağa müvəffəq olmuşdur. Bu, nəzmlə yazılmış dramdır.

O, epik asudəliyi və dramatizmi birləşdirir. Bunlar həmişə çox gözəl dillə yazılmış və bu nəinki Azərbaycan, hətta bütün çağdaş dramaturgiyanın nailiyyətlərindən biridir".

"Mir Cəfər Bağırov Üzeyir bəyi yanına dəvət edərək demişdir"

1940-cı ildən, yəni yarandığı gündən, ömrünün sonuna kimi Stalin komitəsi üzvü olan Üzeyir bəy Hacıbəylinin bu çıxışından sonra Səməd Vurğunun "Fərhad və Şirin" əsəri qeydsiz-şərtsiz Stalin mükafatına layiq görülmüşdür.

Üzeyir bəy Hacıbəyli haqqında tədqiqat apararkən S. Vurğun tərəfindən bəstəkara ünvanlanmış kiçik bir məktuba rast gəldim. Orada yazılırdı: "Əzizim Üzeyir bəy! Siz məndən ordumuzun 25-ci ildönümü münasibətilə şeir istəmişdiniz. Mən də "Göz aydınlığı" adlı bir şeir yazıb sizə göndərirəm.

İndi söz sizindir! Sizin böyük sənətiniz hər zaman mənim şeirlərimə qanad verdiyi kimi, bu şerimə də qanad verəcək.

Əllərinizi bərk-bərk sıxıram, hər vaxt qulluğunuzda hazıram.

Sizin S. Vurğun

9.11.43. Bakı ".

1944-cü ildə Üzeyir bəy Hacıbəyli ilə Səməd Vurğun birlikdə Azərbaycan Dövlət himnini yazdılar. O dövrdə bütün respublikalara Dövlət himnləri yaratmaq üçün göstəriş verilmişdi. Elə həmin ildə Azərbaycanın o zamankı rəhbəri Mir Cəfər Bağırov Üzeyir bəyi yanına dəvət edərək demişdir: "Moskvada olarkən İosif Vissarionoviç Stalin yoldaş məndən xahiş etdi ki, onun salamını sizə yetirim. Və bir də tapşırdı ki, Azərbaycan Respublikasının Dövlət himnini Üzeyir bəy Hacıbəyov və Səməd Vurğun yazsınlar".

Böyük bəstəkar bu söhbətdən çox məmnun olaraq, M. C. Bağırovla görüşdən dərhal sonra işə başlamışdır. Himnin sözlərini yazmağı Səməd Vurğunla bərabər Süleyman Rüstəmə həvalə etmişdilər. Bundan əlavə 1945-ci ildə Ü. Hacıbəyli S. Vurğunla bərabər İkinci Dünya müharibəsinin qələbəsi münasibəti ilə "Zəfər himni" adlı xor və orkestr üçün əsər yazdılar. Bu, onların müştərək yaradıcılığının son mərhələsi oldu.

1945-ci ilin sentyabr ayında dünya şöhrətli dahi bəstəkar, publisist, dramaturq, pedaqoq, filosof, alim, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəylinin anadan olmasının 60 illiyi, yaradıcılıq fəaliyyətinin 40 illiyi böyük təntənə ilə keçirilmişdir. Yubiley gecəsində rəyasət heyətində əyləşən Səməd Vurğun yubilyara elə oradaca şeir yazır və təbrik çıxışından sonra "Böyük bəstəkar" adlı həmin şeri oxuyur. Şeirdən bir bənd:

Qartal kimi qanadlanıb, fəzaları aşarsan.

Bir ülviyyət aləminin qucağında yaşarsan.

Sən ki, həyat aşiqisən qoy bu eşqin var olsun,

Nəsillərdən-nəsillərə adın yadigar olsun!

"Şirin bir xatirətək qalacaqdır dünyada"

23 noyabr 1948-ci il Azərbaycan xalqı və mədəniyyəti üçün ağır bir tarixdir. Həmin gün dahi bəstəkar, əvəzsiz insan Üzeyir bəy Hacıbəyli əbədi olaraq həyata gözlərini yummuşdur. Bu itki ilə bağlı S. Vurğun "Eşq olsun sənətkara" şerini yazır. Şeirdən iki bənd:

O, sabah da bizimlə addımlayır yanaşı,

"Koroğlu "dan oxuyur yenə zəfər ordumuz.

Ey, Füzuli şerinin bir bəstəkar qardaşı!

Şöhrət tapdı adınla bizim ana yurdumuz.

Ölüm sevinməsin qoy, Ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər...

Ünlü şairimiz dahi sənətkara həsr etdiyi "İnsan qəlbinin tərənnümçüsü " adlı vida sözündə yazırdı: "Bütün xalqımız böyük bir hüzn ilə musiqi sənətimizin ölməz ustadı olan Üzeyir Hacıbəyovla vidalaşdı. Əziz və hörmətli bir insanın tabutunu torpağa tapşırmaq, onu sevənlər üçün, bütün xalq üçün ağır bir dərddir".

Üzeyir bəy Hacıbəylinin vəfatından sonra da Səməd Vurğun onun xatirəsini həmişə əziz tutmuşdur. Üzeyir Hacıbəylinin ev-muzeyinin mərhum direktoru, professor Ramazan Xəlilov danışırdı: "50-ci illərdə dekorativ tətbiqi sənət ustası Səkinə Şahsuvarovaya bir güldan sifariş etmişdim. İşini tamamladıqdan sonra rəssam yanıma gəldi və bildirdi ki, güldan artıq hazırdır. Doğrudan da çox gözəl bir iş alınmışdı. Onda hələ muzey açılmamışdı. Güldanın pulunu isə ödəmək lazım idi. Böyük məbləğ gərək idi. Çox fikirləşəndən sonra Səməd Vurğunun yanına getdim. O zaman böyük şair Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışırdı. Əhvalatı ona danışdım. S. Vurğun dərhal Azərbaycan Dövlət Tarix Muzeyinin direktoru Məmməd Qazıyevə zəng çaldı. Bildirdi ki, Üzeyir bəyin əksi olan güldanın rəssamdan alınmasına yardımçı olmalıdır. M. Qazıyev şairin xahişini yerə salmadı və güldanın pulunu rəssama ödəyərək, onu muzey üçün əldə etdi ". Hazırda qiymətli rəngli şüşədən hazırlanmış həmin güldan Azərbaycan Dövlət Tarix Muzeyinin daimi ekspozisiyasındadır.

Budur sənətkara olan böyük məhəbbət! Həm Üzeyir bəy Hacıbəyli, həm də Səməd Vurğun Azərbaycanın şanlı tarixində əbədilik qazanmışlar. Həmişəlik xalqımızın yaddaşına həkk olunmuşlar. Bu iki böyük şəxsiyyətin dostluğu bəşəriyyətə nümunədir.

Səadət Qarabağlı, üzeyirbəyşünas

DİGƏR XƏBƏRLƏR

Top