Qanı tərsinə qaynayanlar - Nevroloq: "Rejimləri pozulub"

Yazın gəlişi hər insanda özünü müxtəlif cürə biruzə verir. Qəribədir ki, bir çox insanlarda ilin bu fəslində əsəb gərginliyi müşahidə olunur. Tutaq ki, 2 ay öncə heç bir əsəb gərginliyi müşahidə olunmayan insanlar mart ayından etibarən gərginləşməyə başlayırlar. Bunun həmin insanların yaxınları, ətraflarındakılar da fərqindədirlər. Öncədən tədbir görənlər də olur, görməyənlər də. Bəs tibbi cəhətdən bunun bir izahı varmı?

Nevroloq Zümrüd Məmmədova "Yeniavaz.com" saytına açıqlamasında dedi ki, əgər bir insanda əsəb gərginliyi varsa, bu xarakterin qeyri-stabilliyi ilə bağlıdır: "Elmi açıqlamada elə bir şey yoxdur ki, yaz ayları gələndə insanların əsəb gərginliyi yaşamasını bir səbəblə əsaslandırsın. Əgər bir insanda əsəb gərginliyi varsa, bu xarakterin qeyri-stabilliyi ilə bağlı bir şeydir. Həmin adamlarda gərginlik fəsil dəyişəndə də ola bilər, fəsil dəyişməyəndə də ola bilər. Amma fəsil dəyişəndə bəzi xəstəliklər artır, o başqa məsələdir. Ən çox da şəkər, təzyiq, ürək, qan-damar xəstəlikləri özünü büruzə verir. Fəsil dəyişikliyi ilə əlaqədar sanki orqanizmin requlyasiyası dəyişir. Əsəbi insanlarda həmişə qan dövranı pozğunluğu olub, ölümlər də bununla əlaqədardır. Ürək-damar xəstəliklərindən, insultlardan ölümlər həmişə stress əsasında olur və bu da bütün fəsillərdə baş verir. Yaz aylarında qan dövranı dəyişir, insanların təzyiqi yüksəlir, qanda pozğunluqlar olur. Bu orqanizmdə bəzi şeylər dəyişdiyi üçün belə olur".

"Yüngül gərginlikləri götürən bitki tərkibli çaylar, dərmanlar qəbul etmək olar"

Zümrüd Məmmədova qış fəsli boyunca depressiv xəstələrin müalicəsi ilə məşğul olduğunu dedi: "Qış boyu depressiv xəstələrə baxmışam. Yəni demək istəyirəm ki, belə xəstəliklərin fəsillə bir bağlılığı yoxdur. Əsəb gərginliyi həm də günlük şəraitlə əlaqədardır. Yüngül gərginlikləri götürən bitki tərkibli çaylar, dərmanlar qəbul etmək olar. Ancaq fəsil dəyişikliyində qan mütləq araşdırılmalıdır. Qanda xolestrol öyrənilməlidir, təzyiqə mütləq nəzarət olunmalıdır".

Nevroloqun sözlərinə görə, əsəb həm də günlük rejimdən asılıdır: "İnsanların rejimi normada olsa, yatmaqları normal, yuxudan oyanmaları normal olarsa, əsəbləri bəzi şeylərə qarşı dözümlü olar. Rejim pozularsa, gündəlik işləri çox olarsa, insanlar dincəlməyə vaxt ayırmazlarsa, ən çox problem oradan başlayar".

"İnternet insanlarımızın bütün xəstəliklərinin oyanmasına səbəb olub"

Nevroloq internetin də insanlarımız üçün ciddi problemə səbəb olduğunu dedi: "İnternetdən asılılıq günümüzün böyük bir problemidir. İnsanların bütün xəstəliklərinin oyanmasına səbəb olub. Psixoloji xəstəliklərin səbəblərindən biri də budur. Bütün il boyu insanları xəstə edib. Ən böyük problemlərdən biri də budur".

"Telefona, kompüterə çox baxmaqdan insanlarda gərginlik yaranır, psixologiyası pozulur. Bütün günü göz gərginliyi, telefonla internetə girib xırda-xırda cümlələri oxumağa çalışmaq, beyin gərginliyi və s. hamısı psixoloji gərginliyə səbəb olur", - deyə qeyd edən nevroloq Zümrüd Məmmədovanın fikrincə, bunlardan mümkün qədər uzaq durmaq insanı rejimə salar: "Rejim ən vacib məqamlardan biridir - vaxtında yatmaq, vaxtında durmaq, vaxtında qidalanmaq lazımdır. İnsanın əsəblərini sakitləşdirən ən birinci məqam rejimlə yaşamaqdır".

"Təəssüflə vurğulayım ki, insanlarımızın çoxunda rejim pozulub. Hətta yatmağa da telefonla gedirlər, ancaq yata bilmirlər - göz yumulub əldən telefon düşməyənə qədər. Bütün bunlar əsəb gərginliyi, psixoloji problemlər üçün bir səbəbdir. Ona görə də insanların çoxu bu vəziyyətdədir",-deyə həmsöhbətimiz bildirdi.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top