Televiziyaya baxanlarımızın sayı azalır, internet isə populyarlaşır

Azərbaycanda bir çox cəhətdən televiziyalar internetdən geri qalır. Bu gün baş verən bir hadisə haqqında həmin andaca istər sosial şəbəkələrdə, istərsə də xəbər saytlarında məlumat almaq mümkündür. Operativlik yönündən də televiziyalarımız internetə uduzurlar. Bundan əlavə, internetdə, xüsusən də sosial şəbəkələrdə alternativ fikir var deyə insanların diqqətini cəlb edir. Telekanallarımızda sosial mənada əsasən "Jek" müdiri, bələdiyyə sədri səviyyəsində tənqidlərə rast gəlinir. Ancaq internetdə isə belə deyil. Məhz bu parametrlər baxımından insanlarımızın televiziyalara marağı azalıb. İnsanların görmək istədiyi tənqiddən uzaq düşən bir çox telekanallarımız, boşluğu şou-biznes və kriminal xəbərlərlə doldurmağa çalışırlar. Lakin bu da getdikcə işə yaramır.

Psixoloq Elnur Rüstəmov "Yeniavaz.com" saytına açıqlamasında dedi ki, bu tendensiya təkcə Azərbaycanda müşahidə olunmur, dünyanın əksər ölkələrində internet televiziyalardan öndədir: "Bu gün insanların əksəriyyətinin internetə çıxışı var. Bu gün insanların çoxunun televiziyasının internetə qoşulmaq imkanı var. Statistikaya baxsanız görərsiniz ki, televiziyaya baxanların sayı azalıb, elə də çox deyil".

Elnur Rüstəmov hesab edir ki, bir müddətdən sonra internet televiziya daha aktiv olacaq: "Tutaq ki, hansısa kanal davamlı olaraq kriminal verilişlər efirə verir. Kimsə bundan narahat ola, sevməyə bilər. Ona görə də bu gün verilişlərə, filmlərə insanlar çalışırlar ki, alternativ yollarla baxsınlar. Tutaq ki, "youtube"də baxırlar. Çünki orada reklama yox, konkret olaraq verilişin özünə və əsas yerlərinə baxırlar. Bu praktika Azərbaycanda da var, ancaq daha da kütləvi olacaq. Buna sadəcə olaraq zaman lazımdır. Bunun üçün gərək internetin sürəti olsun, tezliyi olsun, şəbəkədə problem olmasın. Zatən birazdan elə olacaq. Bu gün televiziyaya baxanların sayında azalma var. Onların böyük bir qismi internetə keçiblər. İnternetdə həm veriliş izləyirlər, həm istədikləri şeylərə qulaq asırlar, həm də baxırlar".

Psixoloq hesab edirəm ki, bu təbii prosesdir və belə də davam edəcək.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top