"Mən o fikri sırf bu hadisə ilə bağlı səsləndirməmişəm" - Kamran Əliyev

Dövlət Yol Polisinin rəsmisi ittihamlara cavab verdi.

Martın 9-da Sumqayıt-Bakı yolunda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən qəza ictimaiyyətə ciddi narazılıq və narahatlıq doğurub. Tənqid hədəfinə çevrilən qurumlardan biri də Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi olub. Həm vətəndaşlar, həm də ekspertlər tərəfindən bu qurum haqqında ciddi iradlar səsləndirilib.

"Yeniavaz.com" xəbər verir ki, “Yeni Müsavat” səsləndirilən iradlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevdən müsahibə alıb.


- Kamran müəllim, sizin mətbuata verdiyiniz açıqlamada səsləndirdiyiniz fikirlər tənqid hədəfinə çevrilib. Xüsusən, sərnişinlərin məsuliyyəti ilə bağlı fikirləriniz...

- Mən o fikri sırf bu hadisə ilə bağlı səsləndirməmişəm ki, baş verən qəzada sərnişinlərin təqsiri var. Mən ümumilikdə demişəm ki, bəzi hallarda bu avtobuslar müəyyən postlarda polis tərəfindən saxlanılanda, sərnişin daşınma qaydalarının pozulmasına görə sürücü məsuliyyətə cəlb olunursa, buna ən çox sərnişin müdaxilə edir. Hər vəchlə sürücünü məsuliyyətdən azad etməyə çalışırlar. Ancaq düşünmürlər ki, sürücünün məsuliyyətə cəlb edilməsində məqsəd onun bir daha belə qayda pozuntusuna yol verməkdən çəkindirməkdir. Sürücü qayda pozuntusuna yol verdiyi halda qəza yaşanarsa, burada ən çox zərər çəkən sərnişin olur. Biz dəfələrlə baş verən qəzalar zamanı bunun şahidi olmuşuq. İstənilən halda avtobus qəza törədirsə, burada ən çox zərərçəkən sərnişinlər olur. Ötən gün mən bir jurnalistlə danışdım. O özü etiraf etdi ki, Bakı-Sumqayıt marşrutundan istifadə edir və hər dəfə Ekologiya postundan keçəndə sürücü onlara aşağı əyilməyi tapşırır ki, polis görməsin. Təsəvvür edin ki, bir dəqiqə ərzində o postdan 50-60 ədəd mikroavtobus keçir və onların postdan keçməsi də 2-3 saniyə çəkir. Axı polis bu müddət ərzində onların hamısına nəzarət etmək imkanına malik deyil ki, həmin mikroavtobusların içində əlavə sərnişin var, ya yox. Belə çıxır ki, polis həmin mikroavtobusları bir-bir postda saxlayıb yoxlamalıdır ki, görüm oturacağın sayı ilə sərnişin sayı eynidirmi. Bu həmin nəqliyyat vasitəsinin yolda ləngiməsinə gətirib çıxarar. Təsəvvür edin ki, yolda iki avtobus saxlasan, nə qədər tıxac yaranar.


- Bəs, nəzarət hansı formada həyata keçirilməlidir?

- Qanunvericilikdə də göstərilir ki, belə nəqliyyat vasitələri reysə çıxmazdan əvvəl onlara reysqabağı nəzarət olmalıdır. Bunun qanun tələb edir. Sürücülərin tibbi müayinədən keçməsi təmin olunmalıdır. Belə bir nəzarətin təmin olunmamasına görə müvafiq xidmətlərin məsuliyyəti də var. Bunların hamısı qanunvericilikdə var. Əfsus ki, hamıda elə təsəvvür var ki, avtobuslara nəzarət yolda olmalıdır. Avtobusa nəzarət niyə yolda olmalıdır? Bu avtobus avtovağzaldan yola çıxırsa, nəzarət də orada olmalıdır. Digər bir məntəqədən çıxırsa orada dispetçerlər olmalıdır, əlaqədar təşkilatların nümayəndələri olmalıdır ki, bilsinlər bu avtobuslar necə işləyirlər, haradan çıxırlar. Belə çıxır ki, onlar yolun yarısını gəldikdən sonra postda saxlanılıb orada yoxlanmalıdır? Camaat tökülməlidir yola? Bunlar hamısı problemdir. Bu işlər təkcə polisin üzərində deyil. O qədər ictimai nəqliyyata nəzarət edən əlaqədar təşkilatlar var. Polis təkcə sərnişin nəqliyyatına nəzarət eləmir. Polisin nəzarətində 1 milyon 400 min nəqliyyat vasitəsi var, o bunların hamısına nəzarət edir. Lakin sırf sərnişin daşınması üçün yaradılmış xüsusi təşkilatlar var. Onlar da nəzarət etməlidir.


- Kamran müəllim, məlum olub ki, həmin mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. Sərnişin daşınması üçün heç bir lisenziyası yoxdur...

- Hələ ki, biz konkret olaraq sürücünü təqsirli görürük. Hadisənin görüntüləri də yayıldı. Görüntüdə də görürük ki, dayanmış bir nəqliyyat vasitəsinin arxasında xüsusi lentlənmiş yer olmasına baxmayaraq , sürücü sol tərəfindəki avtomobillə yarış çıxıb, ya da diqqəti yayılıb, gedib dayanmış avtomobilə çırpılıb. Əgər polis tərəfindən o sürücü haqqında heç bir tədbir görülməsəydi, o zaman haradasa suçlamalar üçün yer olar. Təsəvvür edin ki, il ərzində 24 dəfə həmin sürücünü məsuliyyətə cəlb eləmişik. Ancaq başqa hansı qanunverici akt var ki, onun əsasında həmin sürücünü bu işdən kənarlaşdıraq və ya nəqliyyat vasitəsini idarə etməsinə qadağa qoyaq. Axı qanunvericilikdə belə bir hal yoxdur. Bu sürücü hansı qaydaları pozubsa ona görə məsuliyyətə cəlb olunub. Həmin cərimələrin də hamısını ödəyib. Biz onu sistemə görə bilirik. Digər tərəfdən, ictimai nəqliyyat vasitəsinin müntəzəm və ya qeyri-müntəzəm fəaliyyətinə nəzarət etmək də bizim səlahiyyətimizdə deyil.
- Yol polisinin ixtiyarı yoxdur ki, hansısa mikroavtobusu saxlasın və onu qanunsuz fəaliyyət göstərməkdə təqsirli bilib məsuliyyətə cəlb eləsin. Məsələ burasındadır ki, əgər şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi varsa, nəqliyyat vasitəsində də normativ tələbləri pozulmayıbsa, yol polisi ona heç nə edə bilməz. Xüsusilə də bu gün aşkar olunan qayda pozuntularının əksəriyyəti xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunur. Yəni onlar avtomatik şəkildə aşkar olunur, barəsində protokol yazılıb ünvana göndərilir. Hətta o qayda pozuntusuna görə belə yol polisinin ixtiyarı yoxdur ki, avtomobili saxlasın. Yəni xüsusi texniki vasitələrin aşkar etdiyi qayda pozuntusuna görə əgər müfəttiş yolda həmin avtomobili saxlayarsa, artıq həmin müfəttişin özü qanunvericiliyin tələblərini pozmuş olur. Etiraf edək ki, müəyyən məsələlərdə polisin də səlahiyyətləri məhduddur. Hər qayda pozuntusuna görə avtomobili saxlayıb cərimə eləmək və ya sürücünü idarəetmədən kənarlaşdırmaq olmaz. Belə bir informasiya da yayılıb ki, guya bu mikroavtobus əvvəllər yük maşını olub, sonradan onu mikroavtobus ediblər. Ancaq bu da yalan informasiyadır. Bu avtomobil mikroavtobus kimi istehsal olunub, ölkəyə gətiriləndə də bu maşın mikroavtobus olub. Heç bir konstruktiv dəyişikliyi olmayıb. Sözsüz ki, hadisə ilə bağlı istintaq aparılır və o istintaqın nəticəsindən asılı olaraq təqsirli tərəf müəyyən olunacaq.

- Qəza ilə bağlı müzakirə olunan bir məsələ də odur ki, yolda dayanan yük maşını bir gündən artıq imiş ki, orada dayanıbmış və onun ərazidən uzaqlaşdırılması üçün heç bir qurum tədbir görməyib...

- Bu yalan informasiyadır. O maşın səhərə yaxın, haradasa saat 4-5 radələrində nasazlıq səbəbindən yolda qalıb. Sürücü arxa tərəfə də “kubik”lə düzüb və nişan qoyub. Hətta bizim əməkdaşlarımız gəlib həmin kubiklərin ətrafını xüsusi işıq əksə etdirən lentlə sarıyıblar ki, sürücülər tərəfindən daha yaxşı görünsün. Necə oldu ki, havanın qaranlıq vaxtı bir avtomobil orada nə lentə, nə də yük maşınına dəymədi, ancaq günün günorta çağı, bu avtomobil göz görə-görə yolda dayanan o boyda maşını vurdu. Nə onun qabağındakı lenti, nə nişanı, nə mişar daşlarını görmədi, getdi əvvəl daşları və lenti dağıtdı, sonra da yük maşınına çırpıldı. Bu onu göstərir ki, sürücünün diqqəti yolda olmayıb. Sürücü gah bəhanə gətirir ki, qabağıma piyada çıxdı. Sonra dedi ki, “Nexia” markalı maşın məni sıxdı və idarəetməni itirdim. Görüntülərdən də görünür ki, onu nə maşın sıxışdırıb, nə də piyada çıxıb. Sadəcə adamın diqqəti yolda olmayıb.

- Kamran bəy, bu hadisədən sonra insanların yolda, ictimai nəqliyyatda təhlükəsizliklə bağlı narahatlığı artıb...

- Dünəndən çox adam bizə zəng edir, müraciət edir. Hamı özündən, övladından narahatdır. Biz də elə o qəzada həlak onları öz övladımız kimi qəbul edirik. Hər gün bizə yol qəzaları ilə bağlı məlumatlar daxil olur, hər gün ölümləri görürük. Həmin insanların təvəllüdünü görəndə, uşaqların, gənclərin dünyasını dəyişdiyini görəndə biz orada öz övladlarımızı görürük. Əgər cəmiyyət yalnız səs-küylü hadisələr olanda bu haqda eşidirsə, biz onu hər gün hiss edirik. Ancaq bu sahə tam olaraq polisin ixtiyarına verilməyib. Burada bir neçə təşkilat nəzarət edir. Hər kəs öz işinə məsuliyyətlə yanaşmalıdır. Biz sərnişinlərə dəfələrlə tövsiyə etmişik ki, əgər şəhərdən kənara, uzaq məsafələrə getmək istəyirsinizsə mütləq Bakı Avtovağzalından gedin. Ayrı-ayrı yerlərdə sərnişin daşımaya cəlb olunmuş avtomobillərə minməyin. Çünki o avtomobillərə nəzarət olunmur. Ona nəzarəti təşkil edən qurumlar onun ancaq müəssisədən çıxdığı yerlərdə onlara nəzarət edə bilirlər. Bu avtobuslardan istifadə edən insanlar problemlərlə üzləşirlər. Ona görə də, konkret olaraq daşınma üçün nəzərdə tutulan şəhərdaxili marşrutlarda ancaq duracaqlardan, rayonlara, şəhərətrafı qəsəbələrə getmək üçün dövlət avtovağzalından istifadə etmək lazımdır. Bu avtovağzal nəqliyyat vasitələri ciddi baxışdan keçir, sürücülər müayinə olunur, sərnişinlərə zəmanət verilir. Ancaq ayrı-ayrı yerlərdə olan mikroavtobuslara minmək olmaz. Belə məsələlərə ictimaiyyət diqqət yetirsə, bir də bu cür qəzalarda övladlarımızı itirmərik.

DİGƏR XƏBƏRLƏR

Top