"5 uşaq ölümünü atama da bağışlamazdım"

Bakı-Sumqayıt yolunda tələbələrin ölümü ilə nəticələnən qəza ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. "Yeniavaz.com" xəbər verir ki, məsələyə adi vətəndaşdan tutmuş millət vəkillərinədək bir çoxları münasibət bildiriblər. Hər kəs məsələnin araşdırılmasını, bu sahədəki çatışmazlığa son qoyulmasını tələb edir.

Qənirə Paşayeva (millət vəkili): "Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində həyatını itirən tələbələrimizə Allahdan rəhmət, yaralılarımıza acil şəfalar diləyirik. İnanırıq ki, bu faciəli hadisənin baş vermə səbəbləri ciddi araşdırılacaq. Yol qəza hadisələrinin azalması üçün dövlət qurumlarının və cəmiyyət olaraq hamımızın üzərinə böyük məsuliyyət düşür. Həyatını itirən gənc balalarımız hamımızı üzməklə yanaşı, bu cür hadisələr hamımızı ciddi narahat da etməlidir. Bu cür hadisələri yaradan səbəblərə qarşı, onların aradan qaldırılması istiqamətində mübarizəmizi güclədirməliyik".

"Vaxtında özünü yoldan çəksəydilər"

Əmrah Fəqanoğlu (jurnalist): "Sürücünün günahı öz yerində, amma aidiyyəti qurumlar xarab olduğu deyilən o yük maşınının arxasına qırmız lent çəkməkdənsə, vaxtında özünü yoldan çəksəydilər, yüksək sürətlə gedən mikroavtobus da ona çırpılmazdı. Ayrı vaxt avtomobili yolun qadağan edilən hissəsində yarım dəqiqəlik saxlamağa məcbur qalanlar üçün anındaca evakuator hazır olur...

Son nəticədə məsuliyyətsizliyin qurbanı olan beş tələbə həyatını itirdi, ondan çox şəxs ağır yaralandı. Adam dünyasını dəyişənlərin doğmalarına təskinlik üçün deməyə söz də tapmır".

Ərşad Hüseynov (hüquqşünas): "Bakı-Sumqayıt yolundakı növbəti faciə çox ağır oldu. Bu yoldakı o tipli mikroavtobusların (əslində dəyişdirilmiş yük avtomobillərinin) və digər "xalturşik" avtomobillərinin əksəriyyətinin sükanı arxasındakılar "kamikadze"lərdir. Piyada kimi də, sərnişin kimi də, sürücü kimi də onlardan özünüzü qoruyun".

"Müəllim üçün tələbəsinin ölüm xəbərindən dəhşətli nə ola bilər?

Elsad Pasasoy (jurnalist): "Hər il yol qəzalarında Qarabağ cəbhəsində itirdiklərimizdən 5-10 dəfə çox vaxt itiririk. Cəbhə xətti bizim üçün yollarımızdan başlayır! Atəşkəsə ehtiyac var! Bəlkə bura da həmsədrlər lazımdır? Bu mikroavtobuslar ölüm mənbəyidir. Yığışdırılmalıdır! Heyf tələbələrə".

Məzahir Süleymanzadə (jurnalist): "Bakı-Sumqayıt yolunda baş verən qəzadan sarsıldım. Mən də müəllim olmuşam. Bir müəllim üçün tələbələrinin ölüm xəbərindən dəhşətli nə ola bilər? Sumqayıt Dövlət Universitetinin müəllimlərinə, həlak olan tələbələrin ailələrinə və tələbə yoldaşlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

Nuridə Allahyarova (keçmiş mətbuat katibi): "İctimai nəqliyyatda 1 il əvvələ qədərki xaos yoxdur. Özüm istifadə edən biri kimi deyim ki, sürət həddini aşmaq, sürücü tərbiyəsizliyi məncə, son 1 ildə azalıb. Ancaq onu da deyim ki, 5 uşaq ölümünü atama da bağışlamazdım. Bu problem bu sahənin sahibkar ümidində qalacağı günə qədər davam edəcək - verilsin dövlətə".

Ali təhsil müəssisələrinin tələbə şəhərciyi olmalıdır ki...

Kamran Əsədov (təhsil eksperti): "Əlbəttə ki, bədbəxt hadisələri tamamilə aradan qaldırmaq mümkün deyil. Amma sayını ciddi şəkildə azaltmaq mümkündür:

1. Ali təhsil müəssisələrinin tələbə şəhərciyi olmalıdır ki, tələblər uzaq yol qət edərək gəlməsin.

2. Bütün universitetlərin tələbələrin rahat istifadə edə biləcəyi nəqliyyat xidməti - servis avtobusları olmalıdır.

3. 2020-ci ilə qədər bütün ali təhsil müəssisələrinin yaxınlığında metro stansiyası və ya tranvay xətti çəkilməlidir.

4. Universitetlər onların tələbələrinin hardan və necə gəlməsini ciddi şəkildə nəzarət etməli, yarana biləcək təhlükəni minimuma endirməlidir".

"İnsan həyatı sonrakı plandadır"

Mirhəsən Seyidov (QHT sədri): "Sürücü məsuliyyətsizliyi, mədəniyyəti:

1. Yük maşını niyə sürətli yolda dayanma-durma hərəkətindədir?!

2. Yük maşınına oturacaq əlavə edib sərnişin daşıyan sürücünü niyə yoxlamayıblar?!

3. Sərnişin daşıyan sürücü sağdan necə ötmə hərəkəti edir?

4. Sürücünün 100-ə yaxın cəriməsi olduğu halda niyə vəsiqəsi müsadirə olunmayıb?

5. Sərnişin daşınması haqqında yoxlama tədbirləri nə zaman qaydasına minəcək ki, insanlar yaxın məsafələrə ölüm maşınlarında hərəkət etməyəcək?

6. Nəzarət edən qurum hansıdır?!

Suallara baxıb, açıqlama verəcək qurumların siyahısını artıq özünüz müəyyənləşdirin. İnsanlar əziyyətlə övlad böyütsün və hər gün ölüm arabasında yola salsın. "20 Yanvar" dairəsindən sərnişin daşıyan avtonəqliyyat vasitələrinin yeganə hədəfi daha tez bir zamanda geri dönüb daha çox pul qazanmaqdır. İnsan həyatı sonrakı plandadır".

"Sürücüləri onlar bu yola təhrik edirlər"

Aydın Mirzəzadə (millət vəkili): "Bu gün səhər Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzası və 5 nəfərin həlak olması xəbəri hər bir kəsi sarsıtdı. Həm həlak olanların, həm 20 nəfər yaralının gənc, tələbə olması çox ciddi bir hadisədir.

Hadisə göstərdi ki, sərnişin daşınması məsələsinə ciddi diqqət ayrılmalıdır. Bakıdan Sumqayıta və şəhərətrafı qəsəblərə işləyən bütün avtobusların sazlığı yoxlanmalı, tələblərə cavab verməyənlər marşrutlardan kənarlaşdırılmalıdır. Avtobusların konstruksiyalarında dəyişiklərə yol verilməməli, bunu edənlər ciddi pul cəriməsinə məruz qalmalıdır.

Yük avtomobillərinin özbaşına sərnişin avtobuslarına çevirilməsi cinayət əməli kimi qiymətləndirilməli, srücülərə qarşı tələblər sərtləşdirilməlidir. Marşrutlarda ancaq yeni avtobusların işləməsi məsələsi ciddi şəkildə tələb edilməlidir.

İnsanlarımızın, xüsusilə gənclərimizin başısoyuqluq nəticəsində dünyasını dəyişməsi hallarına qarşı sərt mövqe tutmalıyıq. Qəzada ölənlərin ailələrinə Allahdan rəhmət diləyirəm".

Simnarə Həmidqızı (jurnalist): "Sərnişinlərin qanına susayan terrorist sürücülərlə yanaşı, sahibkarlar da məsuliyyətə cəlb olunmalıdır. Çünki sürücüləri onlar bu yola təhrik edirlər. Təki cibləri dolsun deyə".

DİGƏR XƏBƏRLƏR

Top