Şərif Kərimli: "Sirkimizin tarixinin bu qədər cavanlaşdırılmasını heç cür başa düşə bilmirəm"

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Memarlq və İncəsənət İnstitutu Azərbaycanda milli sirkin yaradılması mövzusunda Respublika elmi-praktiki konfransı keçirib. Tədbirdə çıxış edən bildiriblər ki, Azərbaycanda ənənəvi sirk sənətinin tarixi çox qədim dövrlərə gedib çıxsa da, peşəkar sirkin meydana gəlməsi nisbətən yaxın keçmişdə baş verib.

Lakin tanınmış jurnalist Şərif Kərimli Azərbaycan milli sirk sənətinin cavanlaşdırılması cəhdi ilə bağlı söylənilən fikirlərlə razılaşmadı. O, konfransdakı çıxışında tarixi materiallara əsasən bunu əsaslandırdı. Konfransdan sonra "Yeniavaz.com"a açıqlama verən Şərif Kərimli dedi ki, ümumiyyətlə, Bakıda peşəkar sirkin tarixi XIX əsrin 90-cı illərindən başlayır. Belə ki, o illərdə Nikitin qardaşları Bakıda ilk stasionar sirk - sirk-zoopark təşkil ediblər. Burada qapalı taxta pavilyonda heyvanların attraksionu təşkil olunub. Məhz burada Ələkbər Fərruxun (o vəhşi heyvanların əhliləşdirilməsi ilə məşğul olub) truppası məşhurlaşıb. Əldə etdiyim məlumatlara görə, 1913-cü ildə onun ixtiyarında 10 şir vardısa, bir il sonra onların sayı 16-ya çatdırılıb. Üstəlik, 2 ayı, bir pələngi də olub. Ələkbər Fərrux milli kadr deyildimi? Lakin taxtadan tikilmiş həmin bina 1924-cü ildə yandıqdan sonra onun yerində daşdan başqa bir bina inşa olunub. Bir il sonra isə indiki Üzeyir Hacıbəyov küçəsində Yefimov qardaşları bu məqsədlə yeni bir bina tikdiriblər. Bura Bakıda yeni sirk binası istifadəyə verilənə qədər, daha doğrusu, 1967-ci ilin dekabr ayına qədər fəaliyyət göstərib". Yeri gəlmişkən, hətta Böyük Moskva sirkinin binası belə, Bakı sirkinin layihəsi əsasında yalnız 1971-ci ildə tikilib. Dövrün nadir tikilisi olan binanın memarları F.Leontyeva və E.İzmailov olublar. Yeri gəlmişkən, binanın nadirliyi o dövrdə onun müasir texnologiyalara əsaslanan 3 manejinin olması idi.

Şərif müəllim daha sonra dedi: "Onu da qeyd edim ki, Azərbaycan SSRİ Xalq Komissarları yanında İncəsənət İşçiləri İdarəsinin rəisi Adil İskəndərov 1944-cü ilin aprel ayının 11-də Bakıda Azərbaycan Dövlət Səyyar Sirkinin təşkili ilə bağlı əmri də var. Həmin müəssisəyə də dünya şöhrətli pəhləvanımız Rəşid Yusifov direktor və bədii rəhbər təyin olunub. Belə olan təqdirdə sirkimizin tarixinin bu qədər cavanlaşdırılmasını heç cür başa düşə bilmirəm".

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top