Alman nazir: Çavuşoğlu ilə görüş çətin keçdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində almaniyalı həmkarı Ziqmar Qabriel ilə görüşüb. “Yeniavaz.com”un “Hürriyet” onlayn-qəzetinə istinadən verdiyi məlumata görə, tərəflər arasında görüş 1,5 saata yaxın davam edib. Almaniyanın xarici işlər naziri görüşü dəyərləndirərkən onun çətin keçdiyini bildirib. Z. Qabriel Türkiyənin Almaniyanın hazırki siyasətinin nasistlərin fəaliyyəti ilə müqayisə edilməsinin rəsmi Berlinin “qırmızı xətti” olduğunu vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasındakı əlqələrin gərginləşməsi həm Türkiyə, həm də Almaniyaya zərər verir. Alman nazir Ankara və Berlin arasında əlaqələrin addım-addım normallaşdırılması üçün M. Çavuşoğlu ilə razılığa gəldiklərini qeyd edib: “Bu cür gərgin dövrdən keçərkən yaxşı əlaqələrin olması vacibdir. Həm mən, həm də türk həmkarım normallaşmağa qayıdışı istəyirik”.

Xatırladaq ki, Berlin və Ankara arasında münasibətlər türk əsilli Almaniya jurnalisti Dəniz Yücelin PKK terror təşkilatında iştirak, terrorçuluğun təbliği, məlumatların qanunsuz istifadəsi ittihamları ilə İstanbulda həbs edilməsindən sonra gərginləşib. Bundan sonra Almaniyanın Qaqqenau şəhərinin hakimiyyəti Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın ölkə konstitusiyasına dəyişikliklər paketi üzrə referendum ərəfəsində Almaniyada çoxsaylı türk diasporu qarşısında çıxışını ləğv edib. Analoji qadağa maliyyə naziri Nihat Zeybekçi və xarici işlər naziri Mövlud Çavuşoğluna qarşı da tətbiq edilmişdi. Buna qarşılıq olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Berlinin bu siyasətini nasistlərin fəaliyyətinə bənzətmişdi. Türkiyədə konstitusiya referendumu aprelin 16-da keçiriləcək. Almaniyada bu referendumda səs vermək hüququ olan təqribən 1,4 milyon türk yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top