Sən gül ki, dünya gülsün!

“Qadın gülərsə şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.

Hüseyn Cavid

Qadın! Onun haqqında danışanda, yazanda həmişə ən yaxşı, ən gözəl, ən ülvi sözləri seçməyə çalışırıq. Hansı formada onu təsvir etsək də, yenə razı qalmırıq. Çünki, o elə bir varlıqdır ki, onun mahiyyətini tam mənası ilə ifadə etməkdə acizik. Biz kişilər həm onları başımıza tac edirik, həm də onlara qarşı amansız oluruq. Ancaq o yenə səbir edir, yenə sevir, sevgi ilə böyüdür, sevgi ilə qucaq açır. Qadın deyəndə ağlıma ilk gələn ana nəfəsidir. Onunla həyata başlayırıq, onunla böyüyürük, onunla insanları tanıyırıq. Hələ bir də bacımız varsa, həyata 1-0 öndə başlayırıq. Bacı da bizə ikinci ana olur. Onun sevgisi ilə çox aşılmazları aşırıq, çox keçilməzləri keçirik. Biz kişilər həyatımızı “nizama salanda” da qadına ehtiyac duyuruq, onunla həyatımız gözəlləşir, onunla sevildiyimizi hiss edirik. Sanki onsuz qupquru səhra oluruq. O, həyatımızda var deyə hər tərəfi rəngli görürük. Qadın həm də qız övladıdır. Ona qarşı məhəbbət elə bir sevgidir ki, hətta insanda yaradılmış hər şeyə qarşı sevgi oyadır. Məsələn, balaca bir pişiyi də, bir böcəyi də, bir quzunu da onun ona olan sevgisinin təsiri ilə daha çox sevirsən. Qız atası olan hər kəs daha yaxşı başa düşür ki, hər kişinin mütləq qızı olmalıdır. Yoxsa, belə olanda kişi özündə sanki bir əskiklik hiss edir. Qadın anadır, bacıdır, həyat yoldaşıdır, qız övladıdır. Bundan başqa, hansı dəyər var ki?! Qısası başımıza tac, gözümüzə nur, ömrümüzə bahardır onlar...

"Qadın həm də süpürgəçidir, xadimədir, satıcıdır"

Bu ay həm də 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlamətdar olduğu üçün “Qadının cəmiyyətdə rolu nədir?” sualı ilə bir neçə qələm əhlinə müraciət etdik. Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən gənc şairə Aygün Sadiq bu gün sosial məkanda qadının təfəkkürcə inkişafından danışdı: “Elə ölkəmizdə də tarixən yüksək elitar mövqe tutan, məmur, diplomat kimi tanınan Azərbaycan qadını şərəfli keçmişinə layiq şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycan qadını yenə vicdanlı məmurdur, cəsarətli jurnalistdir, fədakar müəllimdir, savadlı həkimdir, etibarlı vəkildir, uğurlu biznesmendir. Bu fərəhverici cümlələrə bir əlavəm də olacaq - qadın Anadır... Gəlin unutmayaq ki, qadın həm də süpürgəçidir, xadimədir, satıcıdır... Soyuq, şaxtalı səkilərin buzunu zərif əlləri ilə kürüyür, təmizləyir qadın, balalarına halal çörək aparır. Beşik başında çaldığı həzin laylası könüllərə məlhəm olan qadının bəzən ürək qubarına bir məlhəm tapılmır. Ancaq yenə sınmır, həyatın üzünə dik baxır...”

"Qadın bütün dövrlərdə cəmiyyətin hərəkətverici qüvvəsi sayılır"

Gənc şairə, Azərbaycan cəmiyyətində qadına münasibətin qənaətbəxş olduğunu dedi. Onun sözlərinə görə, qadın sosial məkanda öz mövqeyini müəyyənləşdirir, haqqına sahib çıxmaqdan çəkinmir, insanlara faydalı olmağı bacarır. Sosial cəmiyyətdə qadının psixoloji təsiri böyükdür: “O, liderlik qabiliyyətinə malikdir, kütləni arxasınca aparmaq gücü onun xarakterinə xas cəhətdir. Qadın bütün dövrlərdə cəmiyyətin hərəkətverici qüvvəsi sayılır. Zahiri görkəmcə zərif fizioloji quruluşa malik olan qadın mənəviyyat və xarakterindəki iradə, əzm və inadla uğur qazanır, bu keyfiyyətlər özünütəsdiq vasitəsi kimi onun uğuruna yardımçı olur. Ancaq bəzi həqiqətlər də danılmazdır: bu gün psixologiyasına neqativ çalar gətirən, qaçqın həyatına məhkum, ruhdan düşmüş, ər, övlad, yurd itirən ismətli qadınlarımız da var. Onların psixoloji, mənəvi və sosial dayağa ehtiyacını ödəmək dövlətimizə və fərd olaraq bizə düşər. Onların da mənən bərpası, cəmiyyətə adaptasiyası təmin olunsa, vətəndaş potensialı artmış olar. İstənilən halda ömrünün illərini ömrümüzə calayan, boğazından kəsib bizə yedirən, əyninə almayıb bizi geydirən qadın - Ana önündə bir övlad və bir vətəndaş kimi baş əyirəm!”

"Qadını xəstə olan cəmiyyət də sağlam ola bilməz"

Yazıçı İlqar Kamil də mövzu ilə bağlı jurnalımıza müsahibə verdi. O, Volterin sözlərini nümunə gətirərək fikirlərini bizimlə bölüşdü: “Volter deyirdi ki, Allah kişiləri əhilləşdirmək üçün qadınları yaratdı”. Düzdür, bir az kobud deyib, ancaq məncə, sözündə həqiqət payı çoxdur; adicə öz ətrafımıza baxsaq, görərik ki, həqiqətən də qadın kişini (birbaşa, ya da dolayısı ilə) nizam-intizama salmaq və ya şəkilləndirməklə məşğuldur - bu onun ən sevimli məşğuliyyətidir. Qadınsız kişi yarımçıqdır - bunu səmavi mətnlər də təsdiqləyir və ən əsası, qadın bəşəriyyətin anasıdır. Bu konteksdən yanaşsaq, əminliklə deyə bilərik ki, qadını sağlam olan cəmiyyət xəstə, qadını xəstə olan cəmiyyət də sağlam ola bilməz. Əlbəttə ki, məcazi mənada... Varlıqları dəyərləndirərkən, nədənsə, həmişə zərif yaradılışlara üstünlük vermişəm, yəqin bundandır ki, qadını daha ali yaradılış hesab edirəm, ancaq... kaş ali hədəf üçün yaradılmış bu varlıq iyrənc istiqamətlərdə istismar olunmasına imkan verməyə. Məncə, bəşəriyyətin xilası bundadır!”

"Qadın beynində beş informasiya mərkəzi var"

Qadının cəmiyyətdə rolu haqqında jurnalımıza münasibət bildirənlər arasında qadın psixoloq da oldu. Psixoloq Rübabə Mərdanova bildirdi ki, qadın - əsrlər əvvəl bugünkü statusa malik deyildi: “Ancaq elə o vaxtlar da onun cəmiyyətdəki rolu əvəzsiz idi. Dünyaya övlad bəxş edən qadın, həyatı boyu müxtəlif rollara sahib oldu və bu rolların hər birinin öhdəsindən gəlməyi bacardı. Ana olan hər qadın övladının həkimi, tərbiyəçisi, dostu olmaqla yanaşı, bütün işlərdə həyat yoldaşının da köməyinə çatdı. Zərif çiyinlərinə eyni vaxtda bir neçə yük götürə bilən qadın, indi elə bir sahə yoxdur ki, orada özünü sınamasın. Qadın beynində beş informasiya mərkəzi var. Üç emosional mərkəz sağ yarımkürədə, iki rasional mərkəz isə sol yarımkürədə yerləşir. Kişi beynində isə yalnız bir informasiya mərkəzi var (rasional mərkəz, sol yarımkürədə yerləşir). Ona görə də, qadınlar eyni anda bir neçə işə diqqətini paylaya bilir. Deməli, qadına zəif demək doğru deyil”.

"Hər qadın uğura layiqdir"

Qadınla kişini insan olaraq bərabər sayan psixoloqun sözlərinə görə, qadın aktivliyinin tərəfdarıdır: “Lakin heç vaxt bu fəallığı kişilərlə rəqabət səviyyəsinə gətirməyi arzu etmirəm. Dilimizdə arxaik bir söz var - zövcə (həyat yoldaşı). Türk dilində “zevc” (eş, tay, bərabər) anlamındadır, ayaqqabının cütünü ifadə edir. Mustafa İslamoğlu çox gözəl açıqlayır: “Kişi-qadın bərabərliyi ayaqqabının sağ tayının sol tayı ilə bərabərliyinə bənzəyir. Bərabər olmaq, eyni olmaq deyil. Bunu bu cür anlayanlar ayaqqabının sağ tayını sola, sol tayını sağa geyindirməyə çalışanlardır. Bu həm ayağa, həm ayaqqabıya zülm etməkdir”. Düşünürəm ki, qadın həm qeyri-mümkünləri xəyal edərək reallaşdıra bilən, həm də əlində olanlarla sevinməyi bacaran yaradıcı varlıqdır. Ona görə də, hər qadın uğura layiqdir”.

"Hər bir cəmiyyət qadına verdiyi dəyərin güzgüsüdür"

Şairə Samirə Abbaszadə də qadınların cəmiyyətdəki rolu haqqında fikirlərini bildirdi. Onun sözlərinə görə, qadının cəmiyyət üçün faydalılığı özünüdərk və özünəinamdan başlayır: “Özünü yetişdirib, özünə güvənən hər bir qadın, dahi Hüseyn Cavidin təbirincə desək, sürüklənən bəşəriyyəti yüksəldə biləcək qüdrətə sahib olduğunun fərqinə varır. Bu qadın qurban vermədən qazanmağın düsturunu yazır. Qadın azadlığını, xanımlığını itirmədən yaşayır. Karyerasını ailəsi üçün təhdidə çevrilməyə qoymur. Övladlarını başlıca məsuliyyəti hesab edərək cəmiyyət üçün də mühim vətəndaş olmağı bacarır. Bu qadın ömür-gün yoldaşıdır. Hər səhər həyat yoldaşını dualarıyla yola salır, hər axşam gülər üzlə qarşılayır. İlk baxışda bəsit görünsə də, bu qadın şairlərin sevgi şeirlərindəki Leylilərdən daha çox Leylidir. Bu qadın Anadır. Vicdan, mərhəmət hissi ilə, “qüvvət elmdədir” prinsipi ilə böyütdüyü övladlar gələcəkdə cəmiyyətin daşıyıcısı olan ziyalılardır. Demək, bu qadın cəmiyyətin təkcə bu gününün deyil, həm də sabahının sığortasıdır. Çünki bu qadın, belə qadınlar təfəkkür inqilabından cıxmış güclü qadınlardır. Ancaq unutmayaq ki, hər bir cəmiyyət qadına verdiyi dəyərin güzgüsüdür. Qadının dik duruşunu dəstəkləyən, qadını uca tutan cəmiyyətlər duruşları ilə də qibtə oyadırlar. Qadını sürünməyə məhkum edənlər isə özləri də sürünməyə məhkumdurlar!”

Rasim Məmmədli,

"Ailəm" jurnalı

DİGƏR XƏBƏRLƏR

Top