"Qadın obrazları xarakter ifadəsinə görə çox rəngarəngdir"

“Azərbaycan təsviri sənətində, demək olar ki, elə bir rəssam yoxdur ki, yaradıcılığında qadın obrazına müraciət etməsin. Bu mənada sənət nümunələrində mərd kişi xarakteri ilə yanaşı, qadın gözəlliyini də tərənnüm edən kifayət qədər əsər var. Özü də təsviri və tətbiqi sənət sahələrində yaradılan qadın obrazları ovqat və xarakter ifadəsinə görə çox rəngarəngdir”. Bu sözləri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev ona ünvanladığımız sualı cavablandırarkən deyib. Məsələn, Mikayıl Abdullayev dəfələrlə öz yaradıcılığında Azərbaycan qadınlarının gözəlliyini vəsf etməklə yanaşı, onun əmək fədakarlığına, çalışqanlığına da öz əsərlərində ("Mənim anam", "Leyla xanım", "Tələbə", "Müğənni") yer verib. Digər tanınmış rəssamımız Böyükağa Mirzəzadənin də bir çox əsərləri ("Şamama Həsənovanın portreti", "Sürəyya Kərimovanın portreti", "Pambıq yığımı", "Ziba Hüseynovanın portreti", "Qızxanım Qulamovanın portreti") Azərbaycanın zəhmətkeş, əməksevər qadınlarını əks etdirir. Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan dili ilə parlaq ifadəsi Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biri olub. Yaradıcılığının erkən dövründə çəkdiyi əsərlərində ("Azərbaycan qadını keçmişdə və indi", "Qadınlar müharibə illərində") Azərbaycan qadınlarının həyatı öz əksini tapıb. Maral Rəhmanzadənin həm qadın şair və aşıqlara, həm də əməkçi qadınlara həsr etdiyi qrafik lövhələrdə isə zərif cinsin lirik və fədakar obrazları ilə qarşılaşırıq. Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın "Aktrisa Leyla Bədrbəylinin portreti", "Pambıqçı", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti" kimi əsərləri, həmçinin imtahana hazırlaşan gənc qızı təsvir edən lövhələrdə gözəllik qaynaqları məhz onların peşə və məşğuliyyət qayğıları ilə vəhdətdə ifadə olunduğundan inandırıcı və duyğulandırıcıdırlar.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, rəssamlarımız qadın gözəlliyinin vəsfi üçün ilkin və qədim qaynaq kimi məşhur şairlərimizin əsərlərindən istifadə ediblər: "Məsələn, Sultan Məhəmmədin (XVI əsr) Nizaminin "Xəmsə"sinin qəhrəmanları olan Leyli, Şirin və Fitnəni əks etdirən miniatürlərində qadınlarımız həm aşiq, həm də igid və qayğılıdırlar. Bu əsərlərdəki gözəllik dövrün estetikasına müvafiq bir qədər ideal və romantikdir. XX əsr təsviri sənətimizin yeni bədii prinsiplərlə zənginləşməsi qadın gözəlliyinin ifadə dairəsini daha da genişləndirib. Bəhruz Kəngərlinin kömürlə çəkdiyi bir çox portretlərində ("Azərbaycanlı xanım", "Şirin xanım"), o cümlədən qadınlarımızı qayğılı təsvir edən məşhur "Qaçqınlar" silsiləsində də Azərbaycan xanımlarına xas gözəllik işartıları yaddaqalan ifadəsini tapıb". O həmçinin bildirib ki, görkəmli fırça ustası Oqtay Sadıqzadənin görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevaya həsr etdiyi bir-neçə portretdə qadın incəliyinin və nəcibliyinin yaddaqalan obrazı yaradılıb. Elə akademik Ömər Eldarovun mərmərdən hazırladığı "Elegiya" əsərində də eyni insani məziyyətlərin duyğulandırıcı plastik təcəssümünü görmək mümkündür.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top