"Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlər təhsildən məhrum edə bilər"

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinin (DİM) müraciəti və təkliflərini nəzərə alaraq 9 qrup üzrə imtahanların qiymətini müəyyənləşdirib. Qiymət imtahanın növündən asılı olaraq 10-100 manat arasında dəyişir. Bəs ödənişli imtahanın təhsilə verəcəyi töhfə nə olacaq?

"Qiymətlər çox yüksəkdir"

Təhsil üzrə ekspert Kamran Əsədov "Yeniavaz.com"a açıqlamasında dedi ki, qiymət imtahanın növündən asılı olaraq 10-100 manat arasında dəyişir. Onun sözlərinə görə, istedadlı şəxslərin ali təhsil almaq hüququna Konstitusiyanın 42-ci maddəsinin IV hissəsi zəmanət verir: "Bu o deməkdir ki, yüksək imtahan qiyməti müəyyən etməklə kifayət qədər istedadlı şəxsləri təhsildən məhrum edə bilərik. Bildiyiniz kimi, əvvəlki illərdə ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 63 faizi cari ilin məzunları, 37 faizi isə əvvəlki illərin məzunları idi. İmtahanda iştirak edən abituriyentlərin 70 faizi isə keçid balını toplaya bilmirdi. Çünki onların hazırlıq səviyyəsi aşağı idi. Əlbəttə ki, indi daha çox hazırlıqlı şəxslər ali məktəblərə sənəd qəbulunda iştirak edəcək. Amma bu ali təhsil alacaq insanların sayına ciddi şəkildə təsir edəcək".

"... onların məqsədi pul qazanmaq deyil"

Ekspert. K. Əsədov dünya təhsil sistemində belə ödənişli imtahan sisteminin olub-olmamasına da aydınlıq gətirdi: "Dünyanın heç bir ölkəsində ali məktəblərə qəbul imtahanlarının qiyməti insanların orta əmək haqqı ilə dünən bizdə elan olunan xidmət haqları qədər tərs mütənasib deyil. Bu insanları kütləvi şəkildə təhsildən məhrum etmə ilə nəticələnə bilər. Nəzərə alsaq ki, Azərbaycanda minimum əmək haqqı 150 manat təşkil edir, deməli, müəyyən edilmiş imtahan qiyməti çox böyük rəqəmlərdir. Məsələn, ABŞ-da orta əmək haqqı 2500 dollar təşkil edir və onlarda imtahan qiyməti 35 dollar təşkil edir. Türkiyədə orta əmək haqqı aylıq 2 min TL və imtahan qiyməti isə 55 və 35 tl təşkil edir - təhsil pilləsinə görə. TQDK-a əvvəllər qeyd edib ki, bir iddiaçının bir imtahanda iştirak etməsi onlara 25 manata başa gəlir. Sonra qeyd etdilər ki, onların məqsədi pul qazanmaq deyil. Amma elan olunmuş imtahan qiyməti bunların ikisini də inkar edir".

Müsahimiz həmçinin ödənişin hesablanması məsələsinə də toxundu: "İmtahan iştirakçıları imtahanda iştirak etmək üçün ödəmə kartı əldə etmək üçün müvafiq mobil operatorların sms nömrələrinə boş sms göndərəcəklər ki, bu məbləğ də müəyyən edilmiş imtahan qiymətlərinə daxil deyil. Deməli, bu da qiyməti artıran hallardır. Bir də nəticələri öyrənmək üçün yenə müvafiq nömrələrə imtahanda iştirak edən sms yollayacaq ki, bu da imtahan qiymətlərinə baxsaq, kiçik məbləğ olmayacaq. Deməli, müəyyən edilmiş imtahan qiymətləri son rəqəm deyil. Hələ buna qeyd etdiyim xidmət haqları da əlavə olunacaq".

"Gənclər imtahanı ən azı bir-iki dəfə pulsuz verməlidirlər". Bunu isə təhsil məsələləri üzrə ekspert Şahlar Ələsgərov sualımızı cavablandırarkən dedi. Onun sözlərinə görə, üçüncü, dördüncü, yəni təkrar-təkrar olduğu halda pul ödənilməlidir: "Dövlət həmişə öz büdcəsinin faizini təhsil sisteminə ayırır. Əslində dövlətin təhsil sisteminə ayırdığı pulla gənclər gedib imtahan verməlidirlər".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top