"Hər dəfə kabinetə gətirmək, pul əldə etmək günahdır" - Psixoloq

"Psixoloji yardım haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə təqdim edilib. 6 fəsil 23 maddədən ibarət olan qanun layihəsi psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Mövzu ilə bağlı "Yeniavaz.com"a açıqlama verən sosioloq Cavid İmamoğlu buna çoxdan ehtiyac olduğunu söylədi: "Sosial iş Azərbaycan üçün yeni bir sahədir, bu sahənin tədrisinə yeni başlanılıb. Təəssüflər olsun ki, ayrı-ayrı təşkilat və dövlət orqanlarında sosial işçi olan insanların müəyyən hissəsi bu ixtisas üzrə təhsil almayanlardır.

Azərbaycanda sosial iş vəzifəsi çox geniş deyil və bunu haradasa başa düşmək olar. Lakin psixologiya Azərbaycanda uzun illərdir tədris olunur, kifayət qədər psixoloqlar var. Ancaq təəssüflər olsun ki, son dövrlər psixoloji yardım göstərən klinikalar, psixoloji mərkəzlər və s. daha çox qeyri-ixtisas sahibi olan insanlar tərəfindən açılır. Yəni peşəkar psixoloqlar bir növ kənarda qalıblar - qeyri-peşəkarlar, ixtisası bilməyənlər, diplomsuz, hansısa sertifikatı olanlar, kurs bitirmiş şəxslər bu gün psixoloji mərkəz açıb fəaliyyət göstərirlər. "Psixoloji yardım" haqqında Qanunun qəbulu düşünürəm ki, qeyri-peşəkarların aradan çıxmasına səbəb olacaq".

"Maddi cəhətdən özlərini yaxşı vəziyyətə gətirdilər"

Cavid İmamoğlunun sözlərinə görə, qeyri-ixtisas sahibi olan insanların psixoloq kimi çalışmalarına Azərbaycanda bir çoxları yumşaq yanaşır, ancaq son dərəcə ciddi bir problemdir: "Qeyri-peşəkarın dediyi bir söz, ifadə, yanaşma, insanın həyatına son qoya bilər, intiharlara səbəb ola bilər, ailədaxili durumların gərginləşməsinə gətirib çıxara bilər, uşaq-valideyn münasibətini son dərəcə gərginləşdirə bilər. Peşəkar olmaq lazımdır. Diplomlu olmaq hələ peşəkar olmaq deyil, amma ən azından o deməkdir ki, bu adam 4 il psixoloq təhsili alıb, oxuyub. Diplom şərtdir. Psixologiyanın etik kodeksi var. Burada göstərilir ki, psixologiya sahəsində işləyən şəxs mütləq bakalavr və magistr dərəcəsini bitirməlidir. Azərbaycanda bunlar bu günə qədər bunlar tənzimlənmirdi. Bunu tənzimləyən qanun yox idi. Qanunun qəbulundan sonra düşünürəm ki, bu problemlər öz həllini tapacaq".

Cavid İmamoğlunun sözlərinə görə, hazırda Azərbaycanda psixologiya ilə məşğul olmaq bir növ dəbdədir: "Bir vaxt var idi ki, Azərbaycanda vəkillik dəbdə idi. Hamı çalışırdı ki, vəkil statusu alsın və özünə bir yer açsın və işləsin. Çünki xidmətə ehtiyac var idi, insanlar öz hüquqlarını bilmirlər və yaxud hüquqlarını müdafiə eləməkdə çətinlik çəkirlər. Dövlətdə bu xidmət olmadığına görə, bir çoxları özləri təşəbbüs göstərərək, maddi cəhətdən özlərini yaxşı vəziyyətə gətirdilər. Maddi cəhətdən kasıb olsa belə, əhalinin bu xidmətə ehtiyacı var. Psixoloji xidmət insan münasibətlərinin mərkəzindədir. İnsan dünyaya uşaq gətirəndə, yaxınını itirəndə, insan çətin situasiya qarşısında qalanda psixoloji halı dəyişə bilir və bu dəyişiklik idarə olunmalıdır. Bunu isə təbii ki, psixoloqlar edirlər. Bu sahədə ehtiyac olduğunu bilən qeyri-ixtisas sahibi olan insanlar isə bu işdən pul qazanmağa başladılar. Yeni qanunun bu məsələni tənzilməyəcəyini düşünürəm".

"Maraq getdikcə artmaqdadır"

Psixoloq Hüseyn Xəlilov isə mövzunu "Yeniavaz.com"a belə şərh etdi: "Belə bir qanunun Milli Məclisə gətirilməsi zəruri haldır. Mən deyərdim ki, bəlkə də gecikmiş bir haldır. Cəmiyyətimiz qloballaşan dünyada baş verən nəqativ halları görür və istər-istəməz yaşayır və bunun zərurətini artıq dərk edir. Unutmayaq ki, ölkəmiz müharibə şəraitindədir, 1 milyon qaçqın və məcburi köçkünümüz var, 20 faiz torpaqlarımız işğal altındadır. Bütün bunlar istər-istəməz insan ruhuna, insan psixologiyasına, insan mənəviyyatına, insan psixikasına, ailələrə təsir edir. İxtisaslı psixoloqların öz yerlərində olmamasının istər-istəməz mənfi tərəfləri də var. Onları əvəzləyən başqa istisas sahibləri isə psixologiyanın vacibliyini, elmliyini tam şəkildə dərk eləmirlər. Mən təhsil müəssisəsində uzun illərdir psixoloq kimi fəaliyyət göstərirəm. Təcrübə əsasında deyə bilərəm ki, bizim insanlarımızın, cəmiyyətimizin psixologiya sahəsinə böyük marağı var və bu maraq getdikcə artmaqdadır. İnsanların sıxıntılar, ailə, təhsil, iş həyatı, karyera, yeni planlamalarla bağlı psixoloqlara ehtiyacları olur. Bu işdə peşəkar psixoloqların dəstəyi lazımdır.

Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə də hər bir şəxsin, ailənin, müəssisənin, şirkətin özünün psixoloqu var. Bizdə də bu inkişaf artıq özünü göstərir. Bir çox təhsil müəssisələrində sırf psixoloqlar çalışmırlar. Məsələn, müəllimlər müəyyən bir ixtisas təhsili alırlar və sonra bir neçə ay oxuyub sertifikat əldə edirlər və müəssisələrdə psixoloq olaraq çalışırlar. Bu illər öncə belə idi. Çünki o dövr bu prosesi gətirmişdi. O dövrdə müxtəlif fənlər üzrə təcrübəli olan müəllimlərin psixoloq kimi təhsil almalarına şərait yaradırdılar. Amma nəticə göstərdi ki, bu faktor özünü tam şəkildə doğrulda bilməyib. İş, həyat təcrübəsi ilə psixoloji təcrübə arasında fərq var. Fərq ondadır ki, bir psixoloq təfəkkür etibarilə, şüur etibarilə formalaşır və xarakterini buna yönəldir. Amma digər ixtasaslar üzrə çalışan insanlar isə o ixtisas üzrə formalaşıb və təkmilləşiblər. Psixologiya isə daha fərqli, daha geniş bir sahəni əhatə edir. Hesab edirəm ki, bu qanunun müzakirəsi, qəbulu, təhsil həyatımızda, iş həyatımızda psixoloqların təkmilləşməsinə, onun peşəkarcasına çalışmasına şərait yaradacaqdır".

"Bu tipləri öyrənmək zaman və böyük elm tələb edir"

"Bəs bu sahəyə marağın artmasının "pullu iş" olması ilə bir əlaqəsi varmı?" sualımıza H. Xəlilovun cavabı belə oldu: "Psixologiyanı seçən adamlar bu sahənin maddi tərəfini düşünməməlidirlər. Çünki psixologiya tamamilə fərqli bir sahədir. Özünü psixoloq hesab edən adam yalnış məsləhət verərsə, yalnış bir istiqamət verərsə, insan gedib intihar edər, depressiyaya düşər. Ona görə də bu iş həm də həssaslıq, peşəkarlıq, incəlik tələb edir. Psixoloji klinikaların açılması müsbət bir haldır, amma eyni zamanda insanlarımızın psixoloqa ehtiyacının artdığını göstərir. İnsanlarımızda internetə, sosial şəbəkəyə bağlılıq sindromu yarandığına görə ondan qopa bilmirlər. Ailədəki konfliktlər, ailədəki sıxıntılar, istər iqtisadi sıxıntılar, istər sosial sıxıntılar, anlaşılmamazlıqlar insan şəxsiyyətində problemlər yaradır. Buna görə insanlar psixoloqa üz tuturlar. Burada psixoloqların üzərinə düşən vəzifə insanları çaşqınlığa düşməkdən çıxarmaqdır, qarşıdakı insana pul kimi baxılmamalıdır. Bu iş vicdanlı, ədalətli olmalıdır. Peşəkarlıq həm də o deməkdir ki, qarşıdakı insana şəxsiyyət olaraq baxılmalıdır, çözüm yolu axtarılmalıdır. Hər dəfə kabinetə gətirdirtmək, pul əldə eləmə çox böyük günahdır. Psixoloji mərkəzlər, klinikalar açılır, amma orada çalışanlar gərək peşəkar olsunlar. Bakalavr təhsilini alıb birbaşa gəlib klinikada işləmək hesab edirəm ki, doğru hal deyil. Çünki psixologiya böyük təcrübə tələb edir. 12 insan tipi var. Ruslara görə isə 96 insan tipi var. Bu tipləri öyrənmək, bu şəxsiyyətləri tanımaq, öyrənmək, bunları tətbiq eləmək zaman və böyük elm tələb edir".

"Hamıya şamil olunmur"

Psixoloq ailələrin maariflənmək istəməməsindən də narahatdır: "Düzdür, hamıya şamil olunmur. Bir çox ailələrimiz var ki, maariflənmək istəmirlər. Şəxsən mən özüm bunu yaşayıram. Şagirdlə, tələbə ilə, valideyn ilə görüşdüyüm zaman hiss edirəm ki, adam ancaq bir problemə bağlanıb və onun çözülməsini istəyir. Amma o problemlərin ətrafında nə qədər problemlər var. İnsanın özünün minimum şeyləri bilməsi lazımdır. Ailələr daha çox qayğılarla özlərini doldururlar və böyüməkdə olan övladlarının inkişafında olan problemlərini görmək istəmirlər. Ailədə böyük sıxıntı var, münaqişə var. Onun öncədən qarşısını valideynlər də ala bilərlər. Cüzi bir şeyə görə psixoloq yanına qaçmaq, məsləhət almaq doğru deyil. Maariflənmək vacibdir. Zaman-zaman insanlarımız kitabdan ayrılmayıblar. Amma son dövrlər insanlarımız yavaş-yavaş kitabdan soyuyublar. Çünki internet və digər şeylər onların zamanını alır. Sonra görürlər ki, böyütdükləri övlad ya narkoman olur, ya oğru olur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top