"Onları birləşdirən əqidə birliyi idi"

"Türk dünyasının fəxri, Azərbaycan mədəniyyətinin dayağı olan Üzeyir bəy Hacıbəyli böyük dramaturq, filosof şair Hüseyn Cavid əfəndini bir-birinə bağlayan arxadaşlıq telləri və əqidə birliyi olub". Bu sözləri onların dostluğu ilə bağlı ünvanladığımız sualı cavablandıran uzeyirbəyşünas Səadət xanım Qarabağlı deyib. Onun sözlərinə görə, Üzeyir bəy Hacıbəylinin bacanağı, görkəmli maarif xadimi, repressiya qurbanlarından biri olan Pənah Qasımov Hüseyn Cavidlə qonşu olub: "Üzeyir bəy də o biri bacanağı, bəstəkar Müslüm Maqomayevlə tez-tez Pənah bəygilə gələrdilər. Belə görüşlərdə mütləq H. Cavid də iştirak edərdi. Bu görüşlərdə hətta iş birliyi, yaradıcılıq barədə də söhbətləşərdilər. H. Cavidin həyat yoldaşı Mişkinaz Cavid xatirələrində belə yazırdı: "Yadımdadır...1936-cı ilin sentyabr ayının 27-də Pənah bəyin kiçik qızı Nigarın ad günü idi. Yenə də dostlar ora toplaşmışdı. Söhbət zamanı Üzeyir bəy üzünü Cavidə tutub dedi:

- Cavid əfəndi, özün bilirsən, " Koroğlu" üzərində işləyirəm. Yaman vuruşdayam. İnşallah, "Koroğlu"nu qurtarandan sonra ürəyimdə tutmuşam ki, sənin "Şeyx Sənan"ına opera yazım.

Cavid dedi:

- Üzeyir bəy, mən sənin qulluğunda həmişə hazıram. Nə vaxt istəsən "Şeyx Sənan"a libretto yazaram.

Sonra Üzeyir bəy yarıkədərli bir halda dedi ki, özün bilirsən də, mənim "Şeyx Sənan" operamın librettosu o qədər də xoşuma gəlmir. Sənin "Şeyx Sənan"ın mənim ürəyimcədir. Allah sənə də, mənə də cansağlığı versin. Yaxşı bir əsər yazarıq".

Səadət xanım daha sonra dedi: "30 aprel 1937-ci ildə Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının premyerasında Hüseyn Cavid də ailəsi ilə birlikdə iştirak edib. Əsəri çox bəyənən Cavid əfəndi hədsiz sevinc içində "bu gün əsl xalq bayramı, əsl sənət bayramıdır", - deyib, sonra isə dostunu şəxsən təbrik etmək üçün səhnə arxasına keçib. "Koroğlu" operası haqqında ilk resenziyalardan birini də 6 may 1937-ci il tarixli "Yeni yol" qəzetində Hüseyn Cavid yazıb.

Amma əfsuslar olsun ki, "Şeyx Sənan" operası üzərində bərabər işləmək niyyəti bu sənətkarlara nəsib olmadı. Dəhşətli 37-ci il bütün arzulara son qoydu. 4 iyun 1937-ci ildə şər, düşmən qüvvələr Hüseyn Cavid əfəndini gedər - gəlməzə apardı. Bununla da Azərbaycan xalqının böyük oğlu H. Cavid və ailəsinin qara günləri başladı. Üzeyir bəy Hüseyn Cavidin başına gələnləri ürək ağrısı ilə qarşılayaraq, günlərlə özünə yer tapa bilmədi. Belə bir ağır günlərdə baş üzərində kabus dolansa da, Üzeyir bəy dostunun ailəsinə himayə durdu. Onlara daima mənəvi və maddi dayaq oldu. Onu da deyim ki, böyük dramaturqun oğlu, ciyərparası Ərtoğrol Cavid 1940-cı ildə Pedaqoji İnstitutu bitirdikdən sonra, Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq, 1941-1942-ci illərdə Üzeyir bəy Hacıbəylinin sinfində bəstəkarlıqdan dərs alıb. Üzeyir bəy sonrakı fəaliyyətində də Cavidin ailəsinə həmişə arxa olub".

Qvami

DİGƏR XƏBƏRLƏR

Top