Bakıda boş qalan ticarət mərkəzi - FOTOLAR

Avtovağzal Ticarət Mərkəzi 7 ildən çoxdur ki, istifadəyə verilib. İlk vaxtlar burada obyekt icarəyə götürüb işlədən sahibkarların sayı kifayət qədər çox idi. Lakin müştəri azlığı səbəbindən həmin obyektlərin sayı azalmağa başladı.

Dolların kəskin bahalaşması, manatın ucuzlaşması şübhəsiz, əhalinin alıcılıq qabiliyyətini aşağı saldı, qiymətləri isə bahalaşdırdı. Bu isə ticarət mərkəzlərinin işini daha da çətinləşdirdi. Bu mənada Avtovağzal Ticarət Mərkəzi də ən çox zərər görənlərdən biri oldu.

"Yeniavaz.com" xəbər verir ki, hazırda bu ticarət mərkəzində icarəyə götürmək üçün kifayət qədər boş yer var. Səbəbi isə burada alış-verişin zəif olması ilə əlaqədar yerlərin boşalması və ya boş qalmasıdır. Ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən ağzı qıfıllı obyektlərin vəziyyətindən, üzərindəki yazılardan belə başa düşmək olar ki, burada iş qurmaq istəyənlər olub, ancaq müəyyən səbəblərdən istəkləri baş tutmayıb, elə ona görə də obyekti boşaltmalı olublar. Bir çox boş mağazaların vitrininə isə "icarəyə verilir" elanı yapışdırılıb.

Lakin 1-ci mərtəbədə elə yerlər də var ki, (giriş hissəni çıxmaq şərti ilə) orada tək-tük də olsa mağazalar fəaliyyət göstərir. Onlardan birinin satıcısı bizimlə söhbətində vəziyyətin çətin olduğunu dedi: "Alış-veriş zəifdir. Burada icarə haqqı başqa ticarət mərkəzləri ilə müqaisədə xeyli aşağıdır. Ancaq müştərilərin də sayı azdır".

Digər mağazaların boşalmasına gəlincə, həmin şəxs deyib ki, birinci mərtəbə əvvəldən belə olub: "Mağazaların hamısı indi boşalıb demək doğru olmazdı. Eləsi var bir neçə ildir icarəyə verilməyib, eləsi var sonradan bağlanıb. Biz isə işləyirik. Ümidlə yaşayırıq ki, hər şey yaxşı olar. Görək də".

Avtovağzal Ticarət Mərkəzinin boş qalmış mağazalarının fotolarını təqdim edirik.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top