Avtomobil bazarında xaos hökm sürür

Azərbaycanda ikinci əl avtomobillərin nağd satışı dayanıb. Bunu avtomobil ekspertləri bildiriblər. Məlumata görə, manatın məzənnəsinin qeyri-stabil olması avtomobil satışlarının kəskin azalmasına səbəb olub. Hazırda alqı-satqı prosesi yalnız barter üsulu ilə aparılır.

“Nağd pulla ancaq Rusiya avtomobillərini alırlar”

Ekspert Rəşad Quliyev bildirib ki, hazırda avtomobil bazarında xaos hökm sürür. Eyni avtomobilin bir neçə yerdə hətta 5 min manat fərqlə təklif edildiyini görmək olar.

Ekspert bildirir ki, bununla belə bazarda demək olar ki, avtomobil alıcısı yoxdur. Nağd avtomobil satışı yalnız Rusiya istehsalı olan avtomobillərlə bağlıdır. Xüsusilə də “Vaz 2107”, “Priora” və “Niva”lar daha çox alınır.

Avtomobillərin 70%-i bater edilir

Digər xarici ölkələrin istehsalı olan avtomobillərin 70%-i isə əsasən barter vasitəsilə satılır. R.Quliyev bildirib ki, digər avtomobillər nisbətən baha olduğu üçün nağd şəkildə satmaq çətinlik törədir. Ona görə də belə avtomobil sahibləri maşını barter etməyə üstünlük verirlər.

Avtomobillər ya başabaş dəyişdirilir, ya da sövdələşmə maşının üstündə 2-5 min manat əlavə ödənişlə baş tutur: ”Məsələn, ötən bazar günü Sumqayıt Avtomobil Bazarında yeni model “Mercedes V Class” avtomobilini 5 min manat əlavə ödənişlə 2012-ci il model “Mercedes V Class” avtomobili ilə dəyişdilər”.

Bateri də Rusiya maşınları ilə edirlər

Onun sözlərinə görə, nağd satışla yanaşı barter edilən avtomobillər arasında da Rusiya avtomobilləri üstünlük təşkil edir. Məsələn, “Mercedes 190” avtomobilini “Vaz 2107” modeli ilə barter edirlər. Belə ki, Rusiya avtomobilləri digər markalara nisbətən ucuzdur.

Eyni zamanda onlar Azərbaycanda daha çox sürülür və daha tez satmaq imkanı var: “Ən pis halda Rusiya avtomobillərini 200-300 manat endirimlə avtomobil alverçilərinə satmaq mümkündür. Ona görə də avtomobilini nağd sata bilməyən vətəndaşlar Rusiya avtomobilləri ilə barterə maraq göstərirlər”.

Avtomobillərin qiymətində xaos

Ekspert bildirib ki, avtomobillərin qiymətlərində xaosu alverçilər yaradır. Reallıqda avtomobillərin qiymətlərində hər hansı artım müşahidə edilmir. Əksinə alıcı tapılmaması qiymətlərin aşağı olmasına şərait yaradır.

R.Quliyev əlavə edib ki, mart ayının sonundan etibarən yeni mövsümün başlaması ilə avtomobil satışları nisbətən canlana bilər. Yalnız belə olan halda ikinci əl avtomobil bazarında da qiymətlərdə artım gözlənilir. fins.az

DİGƏR XƏBƏRLƏR

Top