"Gələcəkdə müstəqil bir Kürdüstan dövləti qurula bilər". Bunu Donald Trampa yaxınlığı ilə bilinən General Mayk Flin deyib. Onun sözlərinə görə, ABŞ-ın yeni prezidenti kürdlərə böyük önəm verir.
"Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, general "Kürdüstan TV"yə peşmərgələrin İŞİD-ə qarşı qəhrəmancasına vuruşduğunu bildirib: "Peşmərgə ilə çalışdığım müddət ərzində onların çox bacarıqlı rəhbərliyinin və çox mükəmməl təşkilatlanma qabiliyyətlərinin olduğunu gördüm. İŞİD-in tamamilə yox edilməsi üçün ABŞ peşmərgələrə daha çox yardım etməlidir".
General ABŞ və koalisiya qüvvələrinin gələcəkdə qurulacaq müstəqil Kürdüstan dövlətinə dəstək olacaqlarını vurğulayıb: "Mənə görə yeni bir Yaxın Şərq olacaq. İraq və Suriya ərazi bütövlüyünü qoruya bilməyəcək. Yaxın Şərqdə üç və ya dörd yeni dövlət yaranacaq və gələcəkdə müstəqil bir Kürdüstan görəcəyik".
Qeyd edək ki, General Mayk Flinin Tramp hökumətində Milli Təhlükəsizlik Müşaviri vəzifəsinə gətiriləcəyi gözlənilir.