Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin ölkənin sadiq müttəfiqlərinin ordu, Hərbi Dəniz Donanması və Hərbi Sənaye Kompleksi olduğunu bildirib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə D. Roqozin “Facebook” səhifəsində 23 fevral Vətən müdafiəçiləri günü ilə əlaqədar təbrikdə yazıb. O, “Facebook” səhifəsində bildirib: “Vətən müdafiəçiləri günü ilə əlaqədar sadiq müttəfiqlərimizi təbrik edirəm! Veteranlara xüsusi təşəkkürümü bildirirəm!”. Qeyd edək ki, baş nazirin müavini knyaz Aleksandr Mixayloviçin “Xatirələr” kitabında (1933-cü il) yer verdiyi imperator III Aleksandrın məşhur idadələrini dəyişərək başqa formada bildirib. III Aleksandr nazirlərinə “bütün dünyada bizim yalnız iki sadiq müttəfiqimiz var: ordumuz və donanmamız. Qalanların hamısı ilk imkan düşən kimi özləri bizə qarşı qalxacaqlar” deməyi sevərdi. Xatırladaq ki, Rusiya ən yüksək səviyyələrdə Ermənistanın strateji müttəfiq olduğunu dəfələrlə bəyan edib.