Qaz borusuna hava vurulması məmur özbaşınalığıdır, yoxsa səriştəsizlik?

İstər Bakıda, istərsə də rayonlarda mənzillərə verilən qazın kəsilməsi hallarına tez-tez rast gəlinir. İnsafən deyək ki, qaz kəsilməmişdən bir gün öncə "Azəriqaz" İstehsalat Birliyi vətəndaşlara xəbərdarlıq edir, tədbir görmələri üçün məlumat verir. Bəlkə də şəhər yerlərində öncədən elan verməyin bir əhəmiyyəti var, ancaq kənd yerlərində vəziyyət bir qədər başqadır.

Demək olar ki, hər ayın müxtəlif günləri Zərdab rayonunun kəndlərinə verilən qaz təmir adı ilə əlaqədar kəsilir. Qoruqbağı kəndinin sakinləri "Yeniavaz.com" saytına bildiriblər ki, evlərində odun sobası olmadığı üçün qaz kəsiləndə çox əziyyət çəkirlər: "Şəhər yerlərində mənzillər çox da böyük olmur, ona görə də çox da soyumur. Ancaq kənd evləri qaz kəsiləndə buz kimi olur. Elektrik plitələri ilə kənd evlərini qızdırmaq çox çətindir. Qoca var, xəstə var - belə hallarda onların vəziyyətini təsəvvür edirsinizmi? Əlbəttə, qaz çox yaxşıdır, istifadə edirik, rahatlıqdır, amma fasilələrin tez-tez olması bizi çox narahat edir. Bilmirik neyləyək. Qaz kəsiləndə uşaqları soyuq alır. Elə adam var ki, bu fasilələrin əlindən təngə gəlib və gələn ildən yenidən odun sobasından istifadə edəcəklərini deyir. Olmazmı təmir işlərini yay boyu görəydilər, qışda əziyyət çəkməyəydik? Təmi olar 2 ayda bir dəfə, 3 ayda bir dəfə. Bu qədər fasilə olmaz axı. Üstəlik, bizim kəndə qaz xətti yeni çəkilib. Bir il olar. Bu bir il ərzində qaz xətti belə tez köhnəldi ki, tez-tez təmir olunur?".

"Qəza yaranıbsa və ya yaranma ehtimalı varsa, əlbəttə, bunlar aradan qaldırılmalıdır"

Qeyd edək ki, təmir işləri ilə əlaqədar Bakı şəhərində də qaz verilişlərində fasilə olur. Yay aylarında qaz xətlərində təmir aparılanda insanlar o qədər də narahat olmurlar, yaxud çox da diqqət çəkmir. Ancaq qışda insanlar əziyyət çəkirlər. Bəzən yağıntılı günlərdə belə mənzillərə qaz verilişində fasilələr olur. "Təmir işləri niyə yayda aparılmır, qışda aparılmasa olmazmı?" sualına SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev "Yeniavaz.com" saytına açıqlamasında belə cavab verdi: "Təmir işləri ancaq qış aylarında aparılır deyə bir şey yoxdur. Əgər hansısa ərazidə qəza yaranıbsa və ya yaranma ehtimalı varsa, əlbəttə, bunlar aradan qaldırılmalıdır".

Onun sözlərinə görə, ölkənin mavi yanacaqla təmin olunmuş bütün ərazilərində, həmçinin Bakı şəhərində qazın verilişində hər hansı bir çatışmazlıq yoxdur: "Qəza hallarını çıxmaq şərti ilə. Qəza hallarından heç kim sığortalanmayıb. "Azəriqaz" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi də çalışır ki, belə hallar baş verməsin, bunu önləmək üçün işlər görülür. Hər hansı qəza hadisəsi baş verərsə, dərhal aradan qaldırılır. Bunun üçün "Azəriqaz" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin işçi heyəti texnika ilə tam təchiz edilib".

Qaz sızmaları olan və ola biləcək borular niyə yayda yox, məhz qışda aşkar olunub?

Qeyd edək ki, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da sosial şəbəkədə tez-tez bu problemə toxunur və ittihamlar səsləndirir: "Qazla təminatda ölkə əhalisinə işkəncə verdiyinə görə sürəkli "alqışlara" məruz qalmalı şəxslər doğurdanmı yalnız Əkbər Hacıyev və Rövnəq Abdullayevdir? Əhalidə narazılıq yaratmaq üçün aparılan bu süni qaz siyasəti kimin ideyasıdır? Bunun arxasında hansı yüksək çinli məmur durur və marağı nədir".

Mirvari xanım bu problemlərin araşdırılmasına ehtiyac duyulduğunu bildirir: "

- Qaz təsərrüfatında qaz sızmaları olan və ola biləcək borular niyə yayda yox, məhz qışda aşkar olunub?

- Gün ərzində 4-8 saat əhalinin qazla təminatının saxlanılması və uzun müddət qaz borusuna hava vurulması, bunun qaz sərfi kimi sayğaclarda qeyd olunması və bu pulun əhalindən alınması, qaz itkilərini əhalinin hesabına bağlamaq məmur özbaşınalığıdır, yoxsa səriştəsizlik?

- Hər gün ölkənin müxtəlif ərazilərində qəza, təmirlə (yaxud təmir adı ilə) əlaqədar əhalinin qazla təminatının saxlanılmasını araşdıran olubmu? Bu realdırmı?".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top