Dərsliklərdəki nifrət və ölüm saçan şeirlər etiraz doğurdu

Kamran Əsədov: “Uşaqları pessimist, məğlub və qorxaq ruhda böyütmək olmaz”

Dərsliklərimizdə 20 Yanvar, Xocalı ilə bağlı nifrət, qan qoxuyan şeirlər yer alır. Bu cür şeirlərin isə uşaqların məğlub və qorxaq ruhda böyüməsinə xidmət etdiyi rəyləri mövcuddur. Həmin şeirlərin sözlərinə diqqət etdikdə orada qəddarlıq və məğlubiyyətin əks olunduğunu görərik.

Hələ biz bu şeirlərin, mətnlərin içərisində yer alan şəkilləri demirik. Uşaqların təmiz olan beyinləri bəlkə də bu şeirlərdəki nifrəti, ölümün və qanın qoxusunu qəbul edə bilmir. Bir sıra mütəxəssislər bu cür şeirlərin dərsliklərdən çıxarılmasının tərəfdarıdır.

“XX Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirdi ki, bu cür şeirlər azaldılmalı və kiçik mətnlərlə əvəz edilməlidir: “Bu mövzu dəfələrlə müzakirə olunub. Ancaq ağıllı bir yönüm tapıla bilmir. Müharibənin, eyni zamanda itkilərlə, işğalla bağlı mövzuların hansı məzmunda verilməsi indiyə qədər mübahisə doğurur. Əlbəttə ki, bizim ərazilər işğal olunub. Eyni zamanda Xocalı da işğal olunub və Xocalıda xeyli vətəndaşlarımız tələf olub. Ancaq bunu uşaqlara məğlubiyyət tipində, ağlamaq, sızlamaq formasında tədris etmək doğru deyil. Tədris orta məktəblərdə təbliğat elə qurulmalıdır ki, oradakı insanların mühasirədə qala-qala müqavimət göstərməsi, şəhəri tərk etməməsi göstərilməlidir. Bu cür mövzularda poeziya, şeir işləmir. O şeirləri azaltmaq lazımdır. Yəni bunu şeir formasında tərənnüm etməyi mən doğru hesab etmirəm. Sadəcə, çox ağıllı, eyni zamanda içərisində müqavimət, qələbə çalarları olan, çox da böyük olmayan mətnlər şəklində vermək uşaqlar üçün daha əhəmiyyətlidir. Dərslik yazanlar da bu məsələdə diqqətli olmalıdır. Uşaqları çox sızlamağa qoymamalı, məktəb yaşlarından onları qürurlu, qorxmaz vətəndaş kimi yetişdirmək məktəbin, müəllimin əsas vəzifələrindən olmalıdır. Bu cür mətnlərdə də diqqətli olmalıdırlar. Həmin mətnlərə filoloqlar da, psixoloqlar da diqqət yetirməlidirlər”.

Digər təhsil eksperti Kamran Əsədov isə bu cür şeirlərin uşaqların pessimist, məğlub və qorxaq ruhda böyüməsinə xidmət etdiyini dedi: “Təəssüflər olsun ki, orta məktəblərdə istifadə olunan dərsliklərin tarixi hadisələrə aid materialları şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına yox, daha çox onların pessimist, məğlub, qorxaq ruhunda tərbiyə olunmasına xidmət edir. Təsəvvür edin ki, dərsliklərdə tarixi hadisələrə həsr olunmuş paraqraflara baxanda orda bizim insanımızın qəddarlıqla düşmən tərəfindən öldürülməsi, onların daima bizim üzərimizə hücum etməsi, bizim daima işğal altında olmamız geniş şəkildə əks olunub. Bundan başqa, bu tarixi hadisələrə həsr olunmuş şeirlər də bədbin ruhda, ağlama tempində yazılıb. Tarix boyu bütün xalqlar işğala məruz qalıb, onlara qarşı qəddarlıq törədilib. Lakin dünya təcrübəsində dərsliklərdə belə hadisələr qəhrəmanlıq səhifəsi kimi yazılıb. Yəni xalqın mübarizə aparmaq əzmi, bu qədər bədbəxt hadisələrə məruz qalmasına baxmayaraq hələ də mövcud olması barədə geniş müsbət ruhlu yazılar dərc olunur”.

Ekspert dərsliklərdəki şəkillərin də uşaqların psixoloji qavramasına uyğun olmadığını dedi: “Bundan əlavə, bizdə dərsliklərdə istifadə olunan şəkillər, illüstrasiyalar şagirdlərin yaş həddinə və psixoloji qavramasına uyğun deyil. Heç bir şagird istər 20 Yanvar faciəsinə, istər Xocalı soyqırımına aid dərsliklərdə olan paraqraflarda verilən şəkillərə baxa bilmir. O dərsləri oxuya bilmir. Çünki informasiya yükü çoxdur, dili ağırdır”.

musavat.com

DİGƏR XƏBƏRLƏR

Top